Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1837/2024 26.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 15500 (on beş min beş yüz) manat məbləğində pulun, 136.50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 15500 (on beş min beş yüz) manat məbləğində pul borcludur. Nəsimi RPİ-nin İŞ-də aparılmış araşdırma zamanı cavabdeh aldığı pulu az göstərərək bildirmişdir ki, hissə hissə olmaqla ümumilikdə 9700 manat olmaqla 10 faizə pul götürmüşdür. Halbuki ona 15500 manat hissə hissə olmaqla müxtəlif vaxtlarda borca pul vermişdir. Cavabdeh həmin tarixdə götürdüyü 15500 manat pul borcundan 3 dəfə 300 manat olmaqla 900 manat həmin borc götürdüyü 15500 manat borcun faiz üstünü ödəniş etmişdir. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pul ödənməmişdir. Onun evinə pulunu almaq üçün getdiyində onu pulları ilə aldığı qızıllarını lombarda qoyaraq pul götürdüyünü və maddi durumu düzələn kimi pulunu qaytaracağını bildirmişdir. Lombard sənədlərinin surətini də ona vermişdir. Artıq pulu ödəmədiyini görüb polisə şikayət etmişdir. 9700 manat pulu etiraf edərək qaytarcağını desə də, bu günə qədər borcunu qaytarmamışdır. Odur ki, Cavabdeh 15500 (on beş min beş yüz) manat məbləğində pulun, 136.50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, o, cavabdehə həmin pul məbləğini, yəni 15500 manatı 2019-cu ildə borca verdiyini, cavabdehin həmin məbləğdən pul geri qaytarmadığını, aralarındakı razılığa əsasən cəmi 900 manat həmin məbləğin faiz üstünü geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, o iddiaçıdan 2016-cı ildə ümumilikdə 9700 manat pul almış, hissə-hissə olmaqla, bir dəfə 5500 manat, daha sonra 3300 manat olmaqla, cəmi 8800 manatını qaytarmışdır. Qalan məbləği də hissə-hissə olmaqla geri qaytarmışdır. Cavabdeh, eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş 16 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin iş üzrə Cavabdeh izahat vermişdir. O, həmin izahatında qeyd etmişdir ki, Xuraman Babayevanı uşaqlıqdan tanıyır, belə ki, Xuraman onunla qonşu olmuşdur. Xuramanın faizə pul verdiyini yaşadığı Salyan şəhərində hamı bildiyini demişdir. 2016-ci il tarixdə ona pul lazım olduğu üçün Xuramana müraciət etmişdir. Xuramandan hissə-hissə ümumilikdə 9700 manat pulu 10 faizlə götürmüşdür. Sonra Xuramandan faizə götürdüyü 9700 manat pulun əsas hissəsində 5500 manat ödəmiş və 500 manat isə pulu ondan artıq almışdır. Daha sonra 4700 manat puldan Xuramana hər ay 470 manat 10 ay olmaqla ödəmişdir. Bununla yanaşı 3 dəfə 300 manat olmaqla 900 manat 4700 manatdan əsas məbləğ olmaqla ödəmişdir. Bundan sonra Xuramana 2020-ci ilin sentyabr ayında bildirmişdir ki, maddi vəziyyəti pisdir və ölkə üzrə COVİD-19 pandemiyası ilə əlaqədar işlərin bağlandığından faizin əsas hissəsindən Xuramana pulu verə bilmir. Xuraman isə onunla razılaşaraq yaxın zamanlarda yerdə qalan 3800 manat pulu qaytarmağını ona bildirmişdir. Yaxın zamanlarda da Xuramandan götürdüyü pulun faizini geri qaytaracağını demişdir. Bundan başqa bildirmişdir ki, o, Xuramandan faizə götürdüyü ümumilikdə 9700 manat pula görə 5000 manat latareya götürüb qaytarmış, yerdə qalan 4700 manat pulu 10 ay faizin verdikdən sonra əsas məbləğdən 900 manat ödəmiş, yerdə qalan 3800 manat pulu isə hissə hissə ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş girov biletlərindən görünür ki, Cavabdeh müxtəlif vaxtlarda lombarda qızıl qoyaraq pul götürmüşdür. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh borc olaraq ödəmək şərti ilə pul vermişdir. Tərəflər arasında borc müqaviləsi bağlanmamışdır. Cavabdeh həmin borcun bir hissəsini iddiaçıya qaytarsa da, qalan hissəsini iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdehə 15500 manat borc pul verdiyini, həmin pulun faiz hissəsindən 900 manat qaytarıldığını, hazırda 15500 manat əsas borcun qaldığını, cavabdeh isə iddiaçıdan 9700 manat borc pul aldığını, həmin borcu hissə-hissə qaytardığını bildirmişdir. İddiaçı tərəfindən cavabdehə 9700 manat pul verilməsi, cavabdeh tərəfindən isə 900 manat pul (faiz olaraq) qaytarılması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal iddiaçı və cavabdeh tərəfindən etiraf edilmişdir. İşin mübahisəli halı isə iddiaçının cavabdehə ümumilikdə 15500 manat pul verməsi, cavabdehin isə həmin borcun hamısının qaytarılmasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2023-cü il tarixədək olan müddətdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, müqavilənin predmet məbləği üç min manatdan çox olduğu üçün borc müqaviləsi tərəflər arasında yazılı şəkildə bağlanmalı idi. Hazırki halda yazılı şəkildə tərtib edilməyən borc müqaviləsi, xüsusilə yüksək məbləğlərdə (15500 manat) hüquqi cəhətdən etibarsız hesab edilir. Yazılı müqavilə olmadıqda borc münasibətləri sübut olunmadığı üçün müqavilə öz hüquqi əsasını itirir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, məhkəmə hesab edir ki, etibarsız müqavilə əsasında bir tərəfin digər tərəfdən aldığı məbləğ əsassız varlanma olaraq qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirilən pul məbləğinin iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh yazılı müqavilə olmadığı üçün, borcun hüquqi əsası sübut edilə bilmədiyi üçün əldə etdiyi məbləği əsassız varlanmış şəxs kimi (əsassız varlanma kimi) iddiaçıya qaytarmalıdır. Məhkəmə, ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 9700 manat pul verilməsi və cavabdeh tərəfindən borcdan 900 manatının qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının cavabdehə 9700 manat pul verməsi və cavabdeh tərəfindən 900 manat pulun qaytarılması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. İddiaçı iddia ərizəsində cavabdehə 15500 manat pul verdiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında 900 manat pul məbləğinin faiz olaraq geri qaytarıldığını bildirsə də, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə faizlər yalnız tərəflər arasında yazılı şəkildə razılaşdırıldığı halda tələb edilə bilər. Yazılı razılaşma yoxdursa, borc verən tərəf yalnız əsas məbləği tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibət əsassız varlanma kimi qiymətləndirildiyindən, cavabdehdən yalnız əsas məbləğin qaytarılması tələb oluna bilər. Belə olan halda, məhkəmə cavabdeh tərəfindən ümumi borcdan 900 manat qaytarıldığını nəzərə alır. İddiaçının iddia etdiyi 15500 manat puldan cavabdeh 9700 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbinin həmin hissəsində, yəni cavabdehin ona 9700 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, qalan 5800 manat pulun cavabdehə verilməsini sübuta yetirmək vəzifəsi iddiaçıya keçmişdir. İddiaçı tərəfindən bu hallar sübuta yetirilə bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 9700 manat pul vəsaiti verilməsi etiraf olunduğundan sübuta yetirilmişdir. Cavabdeh 9700 manat borcun iddiaçıya qaytarıldığını bildirsə də, həmin məbləğin qaytarılması barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmişdir. İddiaçı 900 manatın faizdən qaytarılmasını etiraf etmiş, məhkəmə isə bunun ümumi borcdan qaytarılmasını müəyyən etmişdir. Qalan 8800 manatın qaytarılması isə cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 900 manat pul vəsaitinin qaytarılması etiraf olunduğundan sübut olunmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 9700 manat məbləğində pul vəsaiti vermiş və cavabdeh həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin pul vəsaitindən 900 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitinin 8800 manatını ona qaytarmamışdır. Cavabdeh, eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, bu hal əsassız hesab edilməlidir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, iş üzrə Cavabdeh izahat vermişdir. O, həmin izahatında “... yerdə qalan 3800 manat pulu isə hissə hissə ödəyəcəyini” bildirmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, cavabdeh 2022-ci ildə borcunu etiraf etdiyindən, iddia müddətinin axımı kəsilmiş, borcun etiraf edilməsi iddia müddətinin 2025-ci ilə qədər uzanmasına səbəb olmuşdur. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti ötürülməmiş, cavabdehin iddia müddətini tələb etməsi hüququ qüvvədən düşmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 77,50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8800 manat məbləğində pul və 77,50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul, 77,50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1837/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1837/2024
26.11.2024 · Sair işlər - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver