Məhkəmə qərarları › İş №2(021)-1595/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1595/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1595/2024 10.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdehn iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü oğlu Adəmin saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh ilə ailə həyatı qurmuş, nikahlarını xx.xx.2019-cu ildə rəsmən qeydiyyata alınmışdır. Birgə yaşayış dövründə xx.xx.2019-cu il təvəllüdlü X2 adlı bir övladları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuşdur. Xeyli vaxtdır arvadı Cavabdeh ondan ayrılmış, 1 uşağını ataraq başqa kişiyə ərə getmişdir. Bərdə Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(021)-1051/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2(021)-558/2024 saylı qətnaməsinə əsasən isə xx.xx.2019-cu il təvəllüdlü oğlu Adəmin onun himayəsində olması faktı müəyyən edilmişdir. Xeyli vaxdır ki, Cavabdeh uşağı ilə maraqlanmır, bir ana kimi övladına heç bir maddi və mənəvi yardım göstərmir. Övladları qarşısında bərabər hüquq və vəzifələr daşıdıqlarından ondan aliment tələb edir. Odur ki, xx.xx.2019-cu il təvəllüdlü oğlu Adəmin saxlanması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh aliment ödəməyə maddi imkanının olmadığını bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 25 iyun 1985-ci ildə Bərdə rayonu Kələntərli kəndində doğulmuşdur, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatdadır. AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 01 iyun 2001-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Kələntərli kəndində yaşayır. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 fevral 2020-ci il tarixli AZ-İV 413294 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə Adəm adlı uşaqları anadan olmuşdur. xx.xx.2019-cu il təvəllüdlü X1 “ata” qrafasında atası kimi İddiaçı, “ana” qrafasında anası kimi Cavabdeh qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(021)-1051/2021 saylı qətnaməsindən görünür ki, iddiа qismən təmin edilmiş, İddiaçı və cаvаbdeh Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 893 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 ata İddiaçı alınıb ana Cavabdeh verilməsi və Cavabdeh himayəsində və yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay, bir uşağa görə 100 (yüz) manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulma müddətinin X1 ata İddiaçı alınıb ana Cavabdeh verildiyi tarixdən müəyyən edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(021)-558/2024 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “şəxsin öhdədə olması faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin edilmiş, 15 dekabr 2019-cu il təvəllüdlü X1 01 noyabr 2023-cü il tarixdən atası İddiaçı himayəsində olması faktının müəyyən olunması qət edilmişdir. xx.xx.2024-cü il tarixli MŞB/MT-039/2023-00129 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xərci olaraq 50 (əlli) manat ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşağın mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. AM-nin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. AM-nin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi nikahından xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 atası İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını, habelə Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, ondan hər ay bir uşağın saxlanılması üçün 235 manat məbləğində alimentin tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddianın aliment tələbinə dair hissəsi qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının ayda 130 manat miqdarında sabit pul məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, AM-nin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 18 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizəsi verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 1560 manat təşkil edildiyindən 35,60 (otuz beş manat 60 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinin AZ85CTRE******************** xəzinə hesabına ödənilməlidir. İddiaçının mediasiya xərci olaraq ödədiyi 55 (əlli beş) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Aliment” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 18 mart 2024-cü il tarixdən başlayaraq hər ay 130 (bir yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 35,60 (otuz beş manat 60 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinin AZ85CTRE******************** xəzinə hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya seansında iştiraka görə xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar