Məhkəmə qərarları › İş №2(021)-1662/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1662/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1662/2021 17.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bərdə rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 27.11.2010-cu ildə anadan olmuş X1 üçün ayda 160 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2009-cu ildə Ağcabədi rayonunun Ş.Təzəkənd kənd sakini Cavabdeh ilə ailə həyatı qurmuş, 27.11.2010-cu ildə Ömər adlı bir övladları anadan olmuşdur. Oktyabr 2020-ci ilədək bir yerdə yaşamışlar. Bundan sonra oğlu Ömərlə birlikdə Bərdə şəhərinə atası evinə gəlmiş və orada yaşamağa başlamışdır. Xəyalla tanış olub, sonradan evlənmişlər. Əvvəllər münasibətləri normal olmuş, sonradan cavabdehin ona qarşı münasibəti dəyişmiş, evdə söz-söhbət salmış, onu təhqir etmişdir. Uşaqları olduğundan ailəsinin dağılmaması, uşağının atasız qalmaması üçün dözərək cavabdehlə birlikdə yaşamışdır. Cavabdehin düzəlmədiyini görüb nikahlarının pozulması üçün məhkəməyə müraciət etmişdir. 2019-cu ilin oktyabr ayında məhkəmədə nikahlarının pozulmasına dair qətnamə çıxarılmışdır. 07.05.2020-ci ildə Qeydiyyat şöbəsində nikahları pozulmuşdur. Xəyal bir dəfə də olsun Öməri yada salmamış, onun tələbatını ödəməmişdir. Ona görə də məcbur olub ondan Ömərin saxlanılması üçün aliment alınıb ona verilməsini istəyir. Cavabdehin və ailəsinin imkanı yaxşıdır, lakin uşaq barədə fikirləşib, onun maddi vəziyyətini nəzərə almırlar. Hazırda özü də heç bir yerdə işləmir, uşağı böyütməkdə, onun tələbatını ödəməkdə çətinlik çəkir. Odur ki, 27.11.2019-cu ildə anadan olmuş X1 barədə Cavabdeh ayda 160 manat aliment alınıb ona verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 27 noyabr 2010-cu ildə Ömər adlı uşaqları doğulmuşdur. 27 noyabr 2010-cu il təvəllüdlü X3 atası Cavabdehdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2407/2019 saylı 13 sentyabr 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasında 21.02.2010-cu il tarixdə 90 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 27.11.2010-cu il təvəllüdlü X3 İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 may 2020-ci il tarixli AZ-İ 352954 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsini yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyması nəticəsinə gəlməsini ədalətli hesab etmək olmaz. Belə ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi ər-arvad münasibətlərindən 27 noyabr 2010-cu ildə anadan olmuş X3 anası İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda 160 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının ayda 140 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16.04 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizəsi verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 500 manatdan yuxarı məbləğ təşkil etdiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. 27 noyabr 2010-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 16.04.2021-ci ildən başlayaraq hər ay 140(bir yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar