Məhkəmə qərarları › İş №2(021)-2082/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2082/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2082/2024 01.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Aliment” tələbinə dair mülki işə 01 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2020-ci ildə anadan olmuş X1 üçün hər ay 245 manat aliment və 100 manat müalicə xərcinin tutulub ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 23 noyabr 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2020-ci ildə X3 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə bir ilə yaxındır ki ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanmasında heç bir köməklik göstərmir. Bundan başqa bildirir ki, uşağın ürəyində dəlik var. Buna görə mütəmadi olaraq müalicə alır. Cavabdeh bir ata kimi uşağın müalicəsinə heç bir köməklik göstərmir. Buna görədə o, cavabdehdən 235 manat aliment və hər ay 100 manat müalicə pulu tələb edir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, o uşağı həkimə aparanda uşağın ciddi problemi yox idi. Həkimdə qeyd etmişdir ki, uşağın müalicəyə ehtiyacı yoxdur. Odur ki, iddianın daha aşağı məbləğdə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 22 iyul 2001-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində doğulmuşdur, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 458 nömrəli görünür ki, İddiaçı Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. X8 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 dekabr 2020-ci il tarixli AZ-İV 529079 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 02 noyabr 2020-ci ildə X4 adlı uşaqları anadan olmuşdur. 02 noyabr 2020-ci təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. X8 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ 375323 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 23 noyabr 2019-cu ildə 1368 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli Pediatrik transtorakal exokordiografiya protokolundan görünür ki, X2 ürəyinin qulaqcıqlararası çəpərində oval dəlik qeyd edilir. 02 may 2024-cü il tarixli MŞB/MT-039/2024-00323 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 06 may 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmə xərci olaraq 51 (əlli bir) manat ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşağın mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. AM-nin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. AM-nin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi nikahından xx.xx.2020-ci ildə X2 anası İddiaçı himayəsində yaşamaları təsdiq edildiyindən, alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X6 ürəyində dəlik aşkarlandığından və müalicəsi zəruri olduğundan həmin hissədə müalicə xərci qismən olunaraq 50 manat müəyyən olunmalıdır. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını, habelə Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, ondan hər ay uşağın saxlanılması üçün 245 manat məbləğində alimentin və 100 manat müalicə xərci tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddianın aliment tələbinə dair hissəsi qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının hər ay 180 manat və 50 manat müalicə xərci olmaqla sabit pul məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, AM-nin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən qanunvericilik normalarına istinadən iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərini mötəbər sübutlarla qismən sübut edə bilmişdir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddiaçı ödənilmiş rüsumların geri qaytarılması tələbi ilə çıxış etmədiyindən həmin hissədə rüsumlar onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. İddia qismən təmin edilsin.

2. xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 16 may 2024-cü ildən başlayaraq hər ay 180 (bir yüz səksən) manat aliment və 50 (əlli) manat müalicə xərci sabit pul məbləğində tutularaq İddiaçı xeyrinə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş rüsum onun özünə aid edilsin.

4. Qətnamə dərhal icra edilsin.

5. İddia tələbi qalan hissədə təmin edilməsin.

6. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilərlər.

Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar