Məhkəmə qərarları › İş №2(021)-251/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-251/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-251/2022 15.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı4, iddiaçılardan İddiaçı2 nümayəndəsi, eyni zamanda İddiaçı1 və İddiaçı3 nümyəndəsi və vəkili X10 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4Ə-2-312 saylı 03 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 onlara məxsus olan 1.45 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayon X7 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları ünvan 1 ünvanında 1.45 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0064 KOD- 61023038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. İslahat gedən zaman onlara torpaq sahəsi verildiyi andan torpaq sahələrini yararlı vəziyyətə salaraq istifadə etmişlər. Lakin 2003-cü il tarixdə müvəqqəti olaraq Bakı şəhərinə köçməli olduqları zaman kənddə yerləşən 1.45 ha torpaq sahəsini, Bakı şəhərindən qayıdıb gələnə qədər müvəqqəti olaraq saxlaması üçün Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsinə vermişdirlər. Bakı şəhərindən qayıdıb gəldikdən sonra onlara məxsus olan torpaq sahəsini istifadə edəcəkdilər. Lakin onlar Bakı şəhərindən qayıdıb gəldikləri zaman 1.45 ha torpaq sahəsinin başqa bir şəxsin istifadə etdiyini görmüşdürlər. Bu məsələni aydınlaşdıran zaman isə onlara məlum olmuşdur ki, Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsi dövlət aktı ilə onlara məxsus olan torpaq sahəsini hazırki iş üzrə cavabdeh Bərdə rayon Dəymədağlı kənd sakini Cavabdeh1 qızına satmışdır. Cavabdeh1 ilə onların arasında 03 noyabr 2004cü il tarixdə Bərdə rayon 1 saylı Dövlət Notariat ofisi tərəfindən Torpaq Alqı-satqı müqaviləsi bağlandığını bildirdilər. Halbu ki, onların həmin alqı-satqı müqaviləsindən xəbəri olmamışdır. Ən sonda imza edənlər siyahısında onların adları qeyd edilsə də, onlar qeyd olunmuş müqaviləyə imza etməmişdirlər. Onların imzalarını bilən, imzalarını çəkə bilən hər hansısa bir şəxs saxta yolla alqı- satqı müqaviləsi bağlamışdır. Onlar heç bir şəxsə və ya şəxslərə torpaq sahəsi samamışdırlar. Hal- hazırda torpaq sahələrini hazırki iş üzrə cavabdeh Bərdə rayon Uğurbəyli kənd sakini Cavabdeh2 istifadə edir. Cavabdeh2 onların torpaq sahələrindən çıxmasını və qanuni dövlət aktı ilə torpaq sahəsinin onlara verildiyini bildirsələr də, Cavabdeh2 Daşınmaz Əmlak tərəfindən verilmiş Çıxarışla 1.45 ha torpaq sahəsini aldığını bildirmişdir. Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsi dövlət aktı ilə onlara məxsus olan torpaq sahəsini ilk öncə Cavabdeh1, Cavabdeh1 isə tanımadıqları başqa şəxslərə satmışdır. Ən son isə onların torpaq sahəsi Cavabdeh2 satılmışdır. Cavabdeh2 isə torpaq sahəsini rəsmi Çıxarışla aldığını bildirir. Qanunsuz yolla onlara məxsus olan torpaq sahəsini onların xəbəri olmadan hər bir şəxsə satmışlar. Qanunsuz olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Notariat ofisinə müraciət etmiş, lakin müraciəti əsassız qalmışdır. İmza edən şəxslər siyahısında əmisinin adı qeyd edilsədə əmisi heç bir sənədə imza etməyibdir və 2012-ci il tarixdə əmisi vəfat etmişdir. Atasının və anasının razılığı ilə də əmisi imza etməmişdir. Çünki atası 2003-cü il tarixdə vəfat etmişdir. Müqavilə isə 2004-cü il tarixdə bağlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı4 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi . Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi . Məhkəmə iclasında iddiaçılardan İddiaçı2 nümayəndəsi, eyni zamanda İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi . Məhkəmə iclasında İddiaçı3 nümyəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi . Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Bərdə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1988-ci il tarixdə Bərdə rayon Təzəkənd kəndində anadan olmuşdur. Bərdə rayon Uğurbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1963-cü il tarixdə Bərdə rayon Təzəkənd kəndində anadan olmuşdur. Bərdə rayon Uğurbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş №194-05/69 nömrəli Arayışdan görünür ki, X12 xx.xx.2003-cü il tarixdə Bərdə rayon Uğurbəyli kəndində vəfat etmişdir. Bu barədə Bərdə rayon Şirvanlı kənd İ.N tərəfindən xx.xx.2003-cü il tarixli 36 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Mülki işə əlavə edilmiş №441364 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0064 KOD-61023038 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 1.45 ha torpaq sahəsi Bərdə rayon Uğurbəyli kənd sakinləri X1, X5, X3, X4, X6 və İddiaçı1 mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu 1 saylı Dövlət Notariat Ofisi tərəfindən tərtib edilmiş 4Ə-2-312 nömrəli xx.xx.2004-cü il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X2, X8, X11, X13 və İddiaçı1 Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş Bərdə rayon Uğurbəyli kəndində yerləşən 1.45 ha torpaq sahəsini Cavabdeh1 qızına satmışdırlar. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 1.45 ha torpaq sahəsi Bərdə rayon Uğurbəyli kənd sakinləri X1, X5, X3, X4, X6 və İddiaçı1 mülkiyyətinə verilmiş və Torpağa mülkiyyət hüququna dair JN-0064 KOD-61023038 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Bərdə rayonu 1 saylı Dövlət Notariat Ofisi tərəfindən tərtib edilmiş 4Ə- 2-312 nömrəli xx.xx.2004-cü il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən X2, X8, X11, X13 və İddiaçı1 Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş Bərdə rayon Uğurbəyli kəndində yerləşən 1.45 ha torpaq sahəsini Cavabdeh1 qızına satmışdırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddia tələbi 4Ə-2-312 saylı 03 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 onlara məxsus olan 1.45 ha torpaq sahəsindən çıxarılması hissələrindən ibarətdir. Məhkəmə iddia tələbinin 4Ə-2-312 saylı, 03 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi özləri tərəfindən Bərdə rayonu 1 saylı Dövlət Notariat Ofisi tərəfindən tərtib edilmiş 4Ə-2-312 nömrəli xx.xx.2004-cü il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 qızına satılmışdır. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə iclasında 4Ə-2-312 saylı, 03 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilməmiş, müqavilə qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, əqdin etibarsızlığına dair müddət bir il nəzərdə tutulmuşdur. İşdən isə müəyyən olunur ki, X2, X8, X11, X13 və İddiaçı1 ilə Cavabdeh1 qızı arasında bağlanmış alqı-satqı müqaviləsi 2004-cü il tarixdə olmuşdur. Yəni etibarsızlığa dair müddətdə keçmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar Bərdə rayonu 1 saylı Dövlət Notariat Ofisi tərəfindən tərtib edilmiş 4Ə-2-312 nömrəli xx.xx.2004-cü il tarixli Torpaq sahəsinin alqısatqı müqaviləsinin onlar tərəfindən imzalanmadığını, saxta imzalar olduğunu bildirdiyindən, məhkəmə tərəfindən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 məxsus imza nümunələrinin Bərdə şəhər 1 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 4Ə-2- 312 reyestr nömrəsi ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsində əks olunan imzalar ilə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, lakin iddiaçıların hər biri sərbəst imza nümunərini təqdim etmədiklərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilərək, mülki iş məhkəməyə qaytarılmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 1.45 ha torpaq sahəsindən çıxarılması hissəsinə münasibətdə isə qeyd edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət kadastrı və reyestrində əmlak qeydiyyatının olubolmadığına dair sorğu verilmiş, lakin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət kadastrı və reyestrində əmlak qeydiyyata alınmadığı müəyyən olunmuşdur. İşdən göründüyü kimi iddiaçıların iddia etdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmadığından hazırkı tələblə bağlı Cavabdeh2 iddiaya cavab verməli olan şəxs deyil. Həmçinin məhkəmə tərəfindən iddiaçıların iddia etdiyi torpaq sahəsini faktiki kimlər istifadə etməsi barədə mütəxəssis rəyi alınması üçün qərardad qəbul olunmuş, qərardadın icra edilməsi üçün rüsum ödənilməsi barədə iddiaçılara məktub göndərilmiş, iddiaçılardan İddiaçı1 dəfələrlə hakim köməkçisi tərəfindən rüsümun ödənilməsi barədə telefon vasitəsilə məlumat verilmiş, lakin iddiaçıların öz işlərinə səthi münasibət göstərmələrirüsumu ödəməmələrindən qərardad icrasız qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçılara aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma”tələbinə dair iddia təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar