Məhkəmə qərarları › İş №2(021)-278/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-278/2024

17.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-278/2024 17.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyul 2017-ci il tarixdə anadan olmuş X1 və 05 sentyabr 2019-cu il tarixdə anadan olmuş X3 onun himayəsinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahıdan 06 iyul 2017-ci il təvəllüdlü X4 və 05 sentyabr 2019-cu il təvəllüdlü X6 adlı iki övladları vardır. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra aralarında olan münasibətlər pisləşməyə başlamışdır. Bərdə rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqlar analarının himayəsinə verilmişdir. Lakin bu günə qədər uşaqlar onunla yaşayır və anasının yanına getməkdən imtina edirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, uşaqlar analarını istəmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, uşaqlarının onun himayəsində qalmasını istədiyini bildirərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İV seriyalı 340958 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 sentyabr 2019-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı İddiaçı, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İV seriyalı 207922 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 iyul 2017-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı İddiaçı, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh uzun müddətdir övladları ilə ünsiyyət qurmaması, onların tərbiyəsi ilə məşğul olmaması, onlara qayğı və qulluq göstərməməsi, uşaqların ondan imtina etməsi və hazırda atalarının himayəsində yaşamaları nəzərə alınaraq 06 iyul 2017-ci il təvəllüdlü X4 və 05 sentyabr 2019-cu il təvəllüdlü X5 atalarının himayəsində saxlanılmaları məqsədəmüvafiq hesab edilmişdir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ailə Məcəlləsinin 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş azyaşlı uşaqların ana qayğısına daha çox ehtiyacı olmasını nəzərə alınmaqla iddia tələbi rədd olunmalı, 06 iyul 2017-ci il təvəllüdlü X4 və 05 sentyabr 2019-cu il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmadığından Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya adi edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar