Məhkəmə qərarları › İş №2(021)-3003/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3003/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3003/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı qzının Cavabdeh qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 02 avqust 2007-ci il təvəllüdlü X4 və 24 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2006-cı il tarixdə qeyri rəsmi olaraq ailə qurub evlənmiş, nikahlarını 01 mart 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründə 02 avqust 2007-ci il təvəllüdlü X7 və 24 iyun 2012-ci il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur, aralarında olan narazılıqlara görə xeyli vaxtdır ki, ayrı yaşayırlar və aralarında olan nikah Bərdə Rayon Məhkəməsinin 2002-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan da övladları onun himayəsində yaşayırlar, cavabdeh övladlarının saxlanılması üçün heç bir köməklik etmir, onun isə maddi imkanı olduqca çətindir, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Övladlarının tələbatlarını ödəməkdə çətinlik çəkir, buna görə də övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində aliment tutularaq ona verilməsini istəyir, cavabdeh 2007-ci il təvəllüdlü və 2012-ci il təvəllüdlü övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 386 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, hər ay bir uşağın saxlanılması üçün 100 manat, cəmi 200 manat aliment ödəyə bilər, artıq aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1990-cı ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş XV-JQ 274176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1990-cı ildə doğulmuşdur, atası X6, anası X2r. İş materiallarına əlavə olunmuş AZ-İİ007224 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 02 avqust 2007-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası Ruzə Əfqan qızıdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 923955 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 24 iyun 2012-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası Ruzə Əfqan qızıdır. İş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən verilmiş 02353 saylı, 22 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışıdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(021)-320/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 01 mart 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 02 avqust 2007-ci il təvəllüdlü X7 və 24 iyun 2012-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2006-cı ildə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını 01 mart 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə faktiki nikahlarından 02 avqust 2007-ci il təvəllüdlü X7 və 24 iyun 2012-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, onlar ayrılmışlar. Uşaqları iddiaçının himayəsində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 avqust 2007-ci il təvəllüdlü X4 və 24 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin uşaq üçün aliment tutulması ilə bağlı qeyd edir ki, həmin alimentin tutulması 19 avqust 2022-ci il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 53,60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 02 avqust 2007-ci il təvəllüdlü X4 və 24 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 19 avqust 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qismən təmin edildiyindən 53,60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar