Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3064/2025 29.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı etibarnamə ilə nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə ilə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsinə dair” tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı məhkəmədə iddia qaldıraraq, Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli, 8İ-10846 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC BKN-C0003-17/24A saylı müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi üçün Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmiş, notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən 05 iyun 2025-ci il tarixdə, 8İ-10846 reyestr nömrəli müvafiq icra qeydi verilmişdir. İcra qeydində iddiaçıya məxsus olan, ipoteka predmetini təşkil edən ünvan 1 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi qeyd edilmişdir. İddiaçının maddi vəziyyəti yaranmış çətinliklə bağlı kreditin ödənilməsində gecikmə yaranmışdır, lakin sonradan gecikmə məbləğini ödəmək üçün banka müraciət etdikdə, bankın əməkdaşları qərəzli şəkildə pul məbləğini ödəməyə imkan verməyiblər. Halbuki bank iddiaçıya heç bir xəbər vermədən notariat ofisinə müraciət etmiş, notariat ofisi isə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydini İcra və Probasiya şöbəsinə göndərmişdir. Bu barədə isə nə notariat ofisi, nə də bank iddiaçıya heç bir bildiriş göndərməmişdir. Halbuki, "Notariat haqqında" Qanunun 76-cı maddəsinin tələbinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İddiaçı bu halla bağlı yalnız xx.xx.2025-ci il tarixində Binəqədi rayon İcra və Probasiya şöbəsinə dəvət edildiyi zaman məlumatlı olmuş və həmin gün icra qeydinin surətini götürmüşdür. İddiaçı yuxarıda göstərdiyi qanunsuz halların aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə baxışında iştirak edərək, borclu İddiaçı borcun ödənilməsindən qəsdən yayındığını, bankın problemli kreditlər şöbəsinin əməkdaşları tərəfindən ona dəfələrlə telefon vasitəsilə borcun ödənilməsi bildirildiyini, ünvanına bildirişlərin göndərildiyini, lakin bildirişlərin təhvil alınması zamanı başqa şəxsin soyadının qeyd olunduğunu qeyd etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2025-ci il tarixli 8İ-10846 nömrəli Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən verilmiş İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan - BANK "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN tələbi ilə ipoteka qoyan - SADİQOVA SƏDAQƏT XƏLİL QİZİNDAN məxsus ipoteka predmeti olan BAKİ ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, M.Ə.RƏSULZADƏ QƏSƏBƏSİ, FAİQ RÜSTƏMOV KÜÇƏSİ, EV 9A ünvanında yerləşən əmlaka tutma yönəldilsin.(Öhdəliyi müəyyən edən BKN-C0003-17/24A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 75948.57 AZN əsas borc, 727.80 AZN faiz borcu, 947.85 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 77624.22 AZN təşkil edir.) xx.xx.2025-ci il tarixli Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rüfət Qasımov tərəfindən qəbul edilmiş İcraata başlamaq haqqında Qərardan görünür ki, 8İ- 10846 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında icraata başlanılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli SD-2025/1752 nömrəli "xxxx" ASC tərəfindən göndərilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”dən görünür ki, İddiaçı barəsində xx-xx-2024-cü il tarixli DEN-00003-17/24A saylı Əsas Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx-xx-2024-cü il tarixli BKN-C0003-17/24A saylı Əlavə Razılaşma üzrə borcu mövcuddur. Həmin sənədə görə 48 (qırx səkkiz) ay müddətinə, illik 23 (iyirmi üç) faiz hesablanmaqla, 90 000 AZN (doxsan min manat) məbləğində öhdəliyi yaranmışdır. Bu öhdəliyin təminatı olaraq bağladığı xx-xx-2024-cü il tarixli DENG-00003-17/24A saylı “İpoteka müqaviləsi”nə əsasən 0.01696 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2 ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx-xx-2025-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icranın gecikdirilməsi nəticəsində xx-xx-2025-ci il tarixinə xx-xx-2024-cü il tarixli DEN-00003- 17/24A saylı Əsas Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx-xx-2024-cü il tarixli BKN-C0003-17/24A saylı Əlavə Razılaşmadan irəli gələrək 75 948.57 AZN (yetmiş beş min doqquz yüz qırx səkkiz manat, 57 qəpik) məbləğində əsas, 727.80 AZN (yeddi yüz iyirmi yeddi manat, 80 qəpik) məbləğində çatası faiz və 947.85 AZN (doqquz yüz qırx yeddi manat, 85 qəpik) dəbbə pulu tərəfinizdən verilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Bununla yanaşı Bank "xxxx" ASC kredit müqaviləsi üzrə bütün məbləğin (əsas borc, faiz və cərimənin) ödənilməsi məqsədilə tələbin ipoteka predmetinə yönəldilməsi, kredit borcunun ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna da malikdir. xx.xx.2025-ci il tarixli SD-2025/1751 nömrəli "xxxx" ASC tərəfindən göndərilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”dən görünür ki, borclu İddiaçı barəsində xx-xx-2024-cü il tarixli DEN-00003-17/24A saylı Əsas Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx-xx-2024-cü il tarixli RK-D0003-17/24A saylı Əlavə Razılaşma üzrə borcu mövcuddur. Həmin sənədə görə 48 (qırx səkkiz) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz hesablanmaqla, 270 000 AZN (iki yüz yetmiş min manat) məbləğində öhdəliyi yaranmışdır. Bu öhdəliyin təminatı olaraq bağladıqları xx-xx- 2024-cü il tarixli DENG-00003-17/24A saylı “İpoteka müqaviləsi”nə əsasən 0.01696 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2 ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx-xx-2025-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icranın gecikdirilməsi nəticəsində xx-xx-2025-ci il tarixinə xx-xx-2024-cü il tarixli DEN-00003-17/24A saylı Əsas Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx-xx- 2024-cü il tarixli RK-D0003-17/24A saylı Əlavə Razılaşmadan irəli gələrək 262 413.69 AZN (iki yüz altmış iki min dörd yüz on üç manat, 69 qəpik) məbləğində əsas, 16 400.06 AZN (on altı min dörd yüz manat, 06 qəpik) məbləğində çatası faiz və 39.46 AZN (otuz doqquz manat, 46 qəpik) dəbbə pulu verilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Bununla yanaşı Bank "xxxx" ASC kredit müqaviləsi üzrə bütün məbləğin (əsas borc, faiz və cərimənin) ödənilməsi məqsədilə tələbin ipoteka predmetinə yönəldilməsi, kredit borcunun ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna da malikdir. 007127 nömrəli Qaimədən görünür ki, SD 2025/1752 nömrəli sənəd xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanı üzrə İddiaçı göndərilmişdir. Sənəd xx.xx.2025-ci il tarixdə “Teyyubova” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. 007126 nömrəli Qaimədən görünür ki, SD 2025/1752 nömrəli sənəd xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanı üzrə X4 göndərilmişdir. Sənəd xx.xx.2025-ci il tarixdə “Teyyubova” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. 007125 nömrəli Qaimədən görünür ki, SD 2025/1752 nömrəli sənəd xx.xx.2025-ci il tarixdə ünvan 4i ünvanı üzrə İddiaçı göndərilmişdir. Sənəd xx.xx.2025-ci il tarixdə “Teyyubova” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. 007124 nömrəli Qaimədən görünür ki, SD 2025/1752 nömrəli sənəd xx.xx.2025-ci il tarixdə ünvan 4i ünvanı üzrə İddiaçı göndərilmişdir. Sənəd xx.xx.2025-ci il tarixdə “Teyyubova” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. 007123 nömrəli Qaimədən görünür ki, SD 2025/1751 nömrəli sənəd xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanı üzrə İddiaçı göndərilmişdir. Sənəd xx.xx.2025-ci il tarixdə “Teyyubova” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. 007122 nömrəli Qaimədən görünür ki, SD 2025/1751 nömrəli sənəd xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanı üzrə İddiaçı göndərilmişdir. Sənəd xx.xx.2025-ci il tarixdə “Teyyubova” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. 007121 nömrəli Qaimədən görünür ki, SD 2025/1751 nömrəli sənəd xx.xx.2025-ci il tarixdə ünvan 4i ünvanı üzrə İddiaçı göndərilmişdir. Sənəd xx.xx.2025-ci il tarixdə “Teyyubova” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. 007120 nömrəli Qaimədən görünür ki, SD 2025/1751 nömrəli sənəd xx.xx.2025-ci il tarixdə ünvan 4i ünvanı üzrə İddiaçı göndərilmişdir. Sənəd xx.xx.2025-ci il tarixdə “Teyyubova” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X5 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının “İpoteka haqqında” 15 aprel 2005-ci il tarixli 883- İİQ nömrəli Qanunu: Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Maddə 37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddə 38. İcra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Azərbaycan Respublikasının “Notariat haqqında” 26 noyabr 1999-cu il tarixli 762-İQ nömrəli Qanunu: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 nömrəli Qərarı: 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”:
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat informasiya sistemi”ndə Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X2 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
164. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydi aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə qeyd olunduğu nömrə; icra qeydi aparan notariusun imzası və şəxsi gerbli möhürü.
165. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır. Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır. Borcu müəyyən edən sənədə əsasən borcu hissə-hissə tutmaq lazım olduqda, hər bir sənəd üzrə icra qeydi borc sənədinin surətində və ya borclunun şəxsi hesabından çıxarışda qeyd oluna bilər və həmin hallarda borcu müəyyən edən sənəddə tutulmalı olan məbləğ notariat reyestrində qeydə alınma tarixi və nömrəsi göstərilməklə, aparılmış icra qeydi haqqında qeyd yazılır.
166. Bu Təlimatın 31-ci hissəsinin dördüncü və beşinci abzasları nəzərə alınmaqla borcu müəyyən edən sənədin surəti, yaxud borclunun şəxsi hesabından çıxarış və icra qeydinin surəti notariusda saxlanılır. “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət zamanı borcu müəyyən edən sənəd, yaxud borclunun şəxsi hesabından çıxarış elektron formada olan notariat reyestrində, icra qeydi isə rəsmiləşdirildikdən sonra notariat işində saxlanılır.
167. Borcu müəyyən edən vahid formalı (məsələn, bank borcu) sənədlər üzrə bir neçə icra qeydi aparıldıqda, notariusda borcu (borclulardan biri üçün) müəyyən edən sənədin (Bu Təlimatın 31-ci hissəsinin dördüncü və beşinci abzasları nəzərə alınmaqla) bir surəti və borclarının tutulması üçün icra qeydləri aparılmış borcluların siyahısı (borcluların tam adı və ünvanı, ödəmə müddətləri, icra qeydi üzrə tələbin məbləği, lazım gəldikdə isə digər məlumatlar göstərilməklə) saxlanıla bilər.
168. İcra qeydi aparmaq üçün borcu müəyyən edən sənəddən əlavə, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilən digər sənədləri də təqdim etmək zəruridirsə, həmin sənədlər icra qeydinə dair notariat işində və ya elektron formada olan notariat reyestrində saxlanılır.
169. Çeklərdə icra qeydləri ödəyicinin və ya bank idarəsinin olduğu yer üzrə aparılır. İcra qeydləri notarius tərəfindən yalnız o zaman aparılır ki, çekin ödənişə təqdim edildiyi gün göstərilməklə və ödənilmədiyi barədə ödəyicinin və ya bank idarəsinin çek üzərində qeydi olsun. İcra qeydi aparılarkən çekin ödənişə vaxtında təqdim olunması yoxlanılır. İcra qeydi ödəyicinin (bankın) çeki ödəməkdən imtina etdiyi gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir. İcra qeydi çek sahibinin arzusu ilə həm çekverən əleyhinə, həm də çek üzrə məsuliyyət daşıyan qeyd yazanlar əleyhinə aparılır. Notarius icra qeydi aparılması haqqında reyestrdə qeyd edir, çekin ödənilməməsi və icra qeydi verilməsi haqqında çekverənə məlumat göndərir. İcra qeydi üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.
170. İcra qeydini təqdim etmək üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, ifadələri dinləyib, müəyyən etmişdir ki, iş üzrə İddiaçı 05 iyun 2025-ci il tarixdə, 8İ-10846 nömrəli icra qeydinin ləğv edilməsini tələb etmiş, iddanı onunla əsaslandırmışdır ki, icra qeydi veriləndən əvvəl ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. İddiaçı qeyd etmişdir ki, ipoteka predmetini təşkil edən ünvan 1 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsini o, xx.xx.2025-ci il tarixində icra və probasiya orqanında öyrənmişdir. Mübahisənin həlli üçün məhkəmə ipoteka üzrə bildirişin göndərilməsi və icra qeydinin verilməsini tənzimləyən normalara istinad etməyi zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun V fəsli ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunu tənzimləyir. Həmin Qanunun 34-cü maddəsində göstərilən hallar baş verdikdə, ipoteka saxlayan ipoteka predmetinə tələbi yönəltməyə haqlıdır. Bunun üçün ilk növbədə ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş” göndərilməlidir. Bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq öz əksini tapmalıdır. Bildiriş sifarişli poçt göndərişi və elektron üsulla göndərilir. Bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeyd alınmalıdır. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilər. Sonrakı prosedur Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunun 76-cı maddəsi, Nazirlər Kabinetinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Qərarının 1-1-ci bəndi və Nazirlər Kabineti Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın Xİİ fəsli ilə tənzimlənir. Belə ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciəti bildirişi göndərəndən ən azı 20 gün keçdikdə edə bilər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci bəndinə əsasən, ipoteka saxlayan tərəfindən bildirişin ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi və bildirişin müvafiq reyestrdə qeydə alınması notarius tərəfindən icra qeydinin aparılmasını şərtləndirən hallara aiddir. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Qərarın 1-1-ci bəndinə əsasən, bu zaman sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli təqdim edilməlidir. Hazırkı mübahisənin həlli üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyan – İddiaçı çatdırılıb-çatdırılmaması aydınlaşdırılmalıdır. Qanunvericiliyin normalarından görünür ki, bildiriş sifarişli poçt göndərişi üsulu ilə göndərilməlidir. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsində sifarişli poçt göndərişinə “göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi” olaraq anlayış verilir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində qeyd olunub ki, Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Normaların təhlilindən görünür ki, qanunverici poçt vasitəsilə çatdırılan bildirişin birbaşa borcalan şəxs tərəfindən alınmasını şərt olaraq təsbit etmir, yalnız ünvana çatdırılmasını tələb edir. Bununla belə, “İpoteka haqqında” Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə ipoteka qoyan, ipoteka müqaviləsində qeyd olunan digər şəxs, məlum olan sonrakı ipoteka saxlayan, birgə ipoteka saxlayanlar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahibləri aiddirlər. Göründüyü kimi, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin ipoteka qoyana verilməsi məsələsində sübutetmə yükü ipoteka saxlayanın üzərinə düşür. Məhkəmə hesab edir ki, ipoteka saxlayan – iş üzrə maraqlı şəxs "xxxx" ASC tərəfindən bildirişin iddiaçıya verilməsi məhkəmədə sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 007120, 007121, 007122, 007123, 007124, 007125, 007126, 007127 nömrəli qaimələrin həqiqiyinə ciddi şübhələr mövcuddur. Qaimələrdən görünür ki, 2 bildiriş məktubu 2 ünvan üzrə (biri Bakı şəhərində, digəri isə Bərdə şəhərində yerləşən ünvanlar) ipoteka qoyan İddiaçı və zamin X6 göndərilməklə, ümumi 8 məktub göndərilmişdir. Məktubların hamısı xx.xx.2025-ci il tarixdə göndərilib və xx.xx.2025-ci il tarixdə təhvil alınıb. Qaimələrin təhvil alan şəxs hissəsində “Teyyubova” yazısı və imza mövcuddur. İlk öncə “Teyyubova” soyadlı şəxsin eyni xx.xx.2025-ci il tarixdə həm Bakı, həm də Bərdə şəhərinə çatdırılmalı olan bildirişləri təhvil alması şübhə yaradır. Bundan əlavə, bütün qaimələrdə “kuryer” hissəsində “İlham” və “Emin” adları qeyd olunub, bu hal isə eyni kuryerlərin eyni gündə həm Bakı, həm də Bərdə şəhərlərinə poçt göndərişlərin çatdırılması halının baş vermə ehtimalını az olduğunu göstərir. Mövcud qanunvericiliyə görə bildirişin sifarişli poçt vasitəsilə çatdırılmasını, sifarişli poçt çatdırılarkən isə “ünvan sahibinin müvafiq sənədi imzalaması” tələb edildiyi halda, yuxarıda qeyd olunan səbəblərə görə bildirişlərin ümumiyyətlə həmin ünvanlara çatdırılmasına dair məhkəmədə ciddi şübhələr yaranır. İddiaçı tərəf ümumiyyətlə bildirişi almadığını, icra qeydi barədə isə icra və probasiya orqanında öyrəndiyini iddia etmişdir. Bildirişin ona verilməsi məsələsində sübutetmə yükü "xxxx" ASC-nin üzərində olsa da, maraqlı şəxs məhkəməyə əlavə sübut təqdim etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə poçt şirkəti olan Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində tanıyaraq qeyd olunan bildirişlərin konkret hansı şəxsə təhvil verildiyinə dair sorğu göndərmiş, lakin sorğuya cavab verilməmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində həmçinin qeyd olunur ki, Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Lakin qaimələrdə bildirişin başqa şəxs tərəfindən qəbul edilməsi görünsə də, borclunun həmin ünvanda olmaması barədə heç bir qeyd edilməyib. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş sifarişli poçt vasitəsilə göndərilməsi ilə yanaşı elektron qaydada göndərilməlidir. Qanunvericiliyin normalarına görə hər iki formada göndərilməsi məcburidir. Məhkəmə baxışı zamanı ipoteka saxlayan "xxxx" ASC-dən bildirişin elektron qaydada təqdim edilməsini təsdiq edən sənədin təqdim edilməsi təklif edilmiş, lakin üçüncü şəxs tərəfindən elektron qaydada bildirişin göndərilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Maraqlı şəxs "xxxx" tərəfindən bildirişin qeydə alınması faktı da sübut edilməyib. Məhkəmə qeyd edir ki, ipoteka predmetinə tutulmasının yönəldilməsinə dair notariusun icra qeydinin müvafiq bildirişin göndərilməsindən ən azı 20 gün sonra verilməsi mümkünlüyü, həmçinin ipoteka saxlayanın bildirişin göndərilməsini sübuta yetirilməsi vəzifəsi ipoteka qoyanın effektiv məhkəmə müdafiəsini şərtləndirən hallardır. “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə görə, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, bildirişin iddiaçıya verilməsi qaydasına əməl olunmaması iddiaçının məhkəmə müdafiəsi hüququnu pozmasına gətirə, ipoteka predmetinə tutulmanın yönəldilməsini mahiyyət üzrə mübahisələndirmək imkanından məhrum edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakıları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir, Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli, 8İ-10846 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli, 8İ-10846 reyestr nömrəli icra qeydi ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov