Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3148/2024 15.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və 3 (üç) yaşa qədər saxlama xərci olaraq hər ay 150 manat olmaqla ümumilikdə 385 manat sabit pul məbləğinin onun xeyrimə tutulmasına və iddia qaldırmaq üçün ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikaha daxil olmaqla 2022-ci ildə ailə qurmuşlar. Faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir övladları doğulmuşdur. Birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə, Bərdə rayon Qeydiyyat şöbəsinin 171 nömrə ilə qeyd edilmiş “Atalığın müəyyən olunması haqqında şəhadətnaməsi” verilmişdir. Əvvəllər ailə münasibətləri yaxşı olmuşdur. Ər-arvad kimi mehriban yaşasalar da, aralarında olan problemlər səbəbindən ayrılmışlar və azyaşlı övladı ilə birlikdə ayrı yaşayır. Azyaşlı övladının maddi və mənəvi xərclərini özü qarşılayır. Atası uşaqla maraqlanmır və heç bir maddi yardım göstərmir. Halbu ki, Cavabdeh Bərdə rayon Kətəlparaq kəndində Bərbərxanası var və bər-bər işləyir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, maddi vəziyyəti yaxşı deyil, özü onkoloji xəstədir. Yüksək məbləğdə aliment ödəməyə gücü çatmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İ № 431150 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 14 oktyabr 2022-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Mülki işə əlavə olunmuş Bərəd rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 804773 saylı Arayəşdan görünür ki, X3 14 oktyabr 2022-ci ildə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh qeyri- rəsmi olaraq ailə qurmuşlar. Tərəflərin birgə yaşadıqları dövrdən 14 oktyabr 2022-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Hazırda iddiaçı uşaq üçün və uşağın 3 yaşına kimi özü üçün aliment tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən: uşaq üçün və ana üçün alimentin tutulmasından tutulmasından ibarətdir. Məhkəmə iddia tələbinin uşaq üçün alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını, uşağı saxlamaq hər iki valideyinin vəzifəsi olmasını, nəzərə alaraq, Cavabdeh tərəflərin qeyri-rəsmi nikahından doğulmuş 14 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 23 avqust 2024-cü il tarixdən tutulmalıdır. İddia tələbinin alimentin tutulmasına dair bir uşaq üçün 190 manatdan artıq hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Həmçinin uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. Məhkəmə iddia tələbinin iddiaçı özünün saxlanılması barədə aliment tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri bilir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı iddia tələbini Ailə Məcəlləsinin 85.1.1.-ci maddəsinə istinadən tələb etmişdir. Ailə məcəlləsinin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Həmin məcəllənin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Hazırkı halda işin faktiki hallarından görünür ki tərəflər arasında olan münasibət rəsmi nikah xarakterli olmayıb və onlar ər-arvad statusu daşımamışlar. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı özünün saxlanması üçün 150 manat aliment tələb etsə də, bu tələb təmin oluna bilməz. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mediasiya xərci məhkəmə məsrəflərinə aid olmadığından iddia tələbi 50 manat mediasiya xərci hissəsində təmin oluna bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin qeyri-rəsmi nikahından doğulmuş 14 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 23 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3148/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3148/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver