Məhkəmə qərarları › İş №2(021)-4304/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4304/2025

10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4304/2025 10.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə 10 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 03 iyul 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh hər ay bir uşaq üçün ayrılan 246 manat alimentin və övladının 3 yaşı olana qədər onun saxlaması üçün 100 manat alimentin tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmağını məhkəmədən xahiş edir. İddia tələbinin əsası İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2024-cü il tarixdə qeyrirəsmi olaraq ailə qurub evlənib nikahlarını isə 30 aprel 2025-ci il tarixdə rəsmiləşdiriblər. Onların birgə nikah dövründən 03 iyul 2025-ci il təvəllüdlü X2 adlı 1(bir) övladı anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlayıbdır və hal-hazırda onlar xeyli vaxtır ki, ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan isə azyaşlı övladı onun himayəsində yaşayır. Lakin Cavabdeh ilə ailə münasibətləri pozulduğu gündən və ayrı yaşadıqları vaxtdan bu vaxta qədər övladının saxlanılması üçün heç bir maddi köməklik etməmişdir. Onun isə maddi imkanı olduqca çətindir. Övladının təlabatlarını ödəməkdə çətinlik çəkir. Bunun üçündə 03 iyul 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün ayrılan 246 manat alimentin və övladının 3 yaşı olana qədər onun saxlanılması üçün 100 manat alimentin verilməsini istəyir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə yerində müşavirə edərək MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ 665059 saylı Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin verdiyi nikah şəhadətnaməsindən görünür ki, Cavabdeh və X3 30 aprel 2025-ci ildə rəsmi nikahla ailə qurublar. xx.xx.2025-ci il tarixli 620 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. xx.xx.2025-ci il tarixli 7904 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin qaldırılması üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 1283 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə evliliyindən xx.xx.2025-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2007ci ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli MŞA/MT-044/2025-00439 nömrəli arayışdan görünür ki, İddiaçına “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşaqlarının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə uşаqların sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və onun uşaqlara qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə bütün sənədləri nəzərdən keçirib toplanmış materialları araşdırıb hüquqi qiymət verərək hesab edir ki, uşağın iddiaçının himayəsində saxlanılması və onun aliment tələbini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşağın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin hər iki tərəfin üzərinə düşməsini nəzərə alaraq, iddia qismən təmin edilməlidir. Tərəflərin birgə evliliyindən anadan olmuş 03 iyul 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən ölkə üzrə minumum əmək haqqının 0,5 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Tərəflərin birgə evliliyindən anadan olmuş 03 iyul 2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 50 manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya ödənişi onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiа tələbi qismən təmin edilsin. Tərəflərin nikahından anadan olmuş 03 iyul 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,5 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Tərəflərin nikahından anadan olmuş 03 iyul 2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 50 manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya ödənişi onun özünə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar