Məhkəmə qərarları › İş №2(021)-505/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-505/2024

02.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-505/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) və Cavabdeh1nə qarşı «Aliment ödənişi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2009-cu il - 2023-cü il tarixləri arasında olan qətnamələr üzrə yaranmış aliment borcunun hesablanaraq Cavabdeh1 tərəfindən Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş əridir. Onlar 2008-ci ildə ayrılmışlar. Onların birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə 2008-ci ildə 30 manat, 2011-ci il tarixdə artırılaraq 70 manat, 2014-cü ildə 30 manat əlavə müalicə xərci, 2017-ci ildə 100 manat, 2019-cu ildə 150 manat, 2023-cü ildə isə 180 manat aliment və 70 manat müalicə xərci təyin edilmişdir. Cavabdeh aliment borcunu vaxtında ödəmədiyi üçün ona borcu yaranmışdır. Dəfələrlə icra və probasiya şöbəsindən aliment borcunun hesablanaraq ödənilməsini tələb etməsinə baxmayaraq icra və probasiya şöbəsi bildirmişdir ki, cavabdehin ödənilməmiş aliment borcu yoxdur. Hesab edir və təxmini hesablamalarına görə cavabdehin 4000 manatdan yuxarı aliment borcu yaranmışdır. İcra şöbəsi və Cavabdeh2 mütəmadi olaraq müxtəlif bəhanələrlə aliment borcunu ödəməkdən yayınır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İstəyir ki, iş üzrə məhkəmə mühasibathq ekspertizası təyin edilsin və cavabdehin ona olan aliment borcunun məbləği dəqiq hesablansın. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Bərdə Rayon Məhkəməsinin 2009-cu il tarixdən 2023-cü il tarixlər arasında olan qətnamələr üzrə yaranmış 4710 manat məbləğində aliment borcunun Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 göstərdi ki, iddia tələbi üzrə icra sənədi əvvəlcə başqa icra məmurunun icraatında olmuşdur. İcra məmuru iş iş yerini dəyişdiyindən icra sənədi onun icraatına verilmişdir. Hazırkı dövrdə Cavabdeh2 iddiaçıya 430 manat məbləğində aliment borcu vardır. Cavabdehlə əlaqə saxlanılmış, sonuncu 430 manat məbləğində aliment borcunu yaxın müddət ərzində ödəyəcəyinə söz vermişdir. Digər ödənişlərlə bağlı isə məhkəməyə poçt köçürmələrindən çıxarışlar təqdim olunmuşdur. Cavabdeh2 məhkəməyə ərizə göndərərək iddiaçıya 2008-ci il tarixdən 2023-cü il tarixədək olan aliment borcunu ödədiyini, Bərdə Rayon Məhkəməsində müxtəlif illərdə alimentin məbləği artırılsa da, aliment borcunu hər ay tam şəkildə ödədiyini, iddiaçının bir gün aliment borcunu gecikdirdiyi halda məhkəmə icraçısının vasitəsilə hətta qardaşına və anasına durmadan zəng edərək alimenti ödəməsini tələb etdiyini, hazırda onun iddiaçıya heç bir aliment borcunun qalmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını və xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Nüşabə küçəsi ev 37də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh2 xx.xx.1985-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Həzi Aslanov küçəsi ev 39-da qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 5553 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 8-də yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 avqust 2009-cu il tarixli, AZ-İ 095422 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və X2 aralarında olan nikah pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2008-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Bərdə şəhəri H.Aslanov küçəsi 39 saylı evdə yaşayan Cavabdeh2 hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi və ya hər ayda 30 (otuz) manat məbləğində aliment xx.xx.2008-ci ildən başlayaraq tutularaq Bərdə şəhəri M.Rəsulzadə küçəsi 4 saylı evdə yaşayan X4 verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(021)-1861/2011 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh2, 23 mart 2006-cı il təvəllüdlü Müjganın saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılmaqla 07 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat tutulub İddiaçı ödənilməsi, Cavabdeh2 dövlət rüsumunun kəsiri olaraq 17 (on yeddi) manat tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(021)-571/2014 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh2 23 mart 2006-cı il tarixdə anadan olmuş X1 müalicəsi üçün Cavabdeh2 hər ay 30 manat məbləğində müalicə xərcinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(021)-1057/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı aliment miqdarının və xəstəlik pulunun artırılmasına dair iddiası qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(021)-1861/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 23 mart 2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh2 qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda 100 (bir yüz) manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(104)-3864/2019 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(021)-2812/2019 saylı qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilməsi, Cavabdeh2 23 mart 2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(021)-1511/2023 saylı qətnaməsindən görünür ki, iddiа qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(021)-2812/2017 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat məbləğində, Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-571/2014 saylı qətnaməsi ilə X1 müalicəsi üçün Cavabdeh2 tutulan müalicə xərcinin miqdarı artırılaraq 70 (yetmiş) manat məbləğində müəyyən edilməsi və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh2 tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh2 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh2 qarşı “Aliment ödənişi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, mülki iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, xx.xx.2009-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh2 tərəfindən İddiaçı adına 10325 (on min üç yüz iyirmi beş) manat məbləğində pul köçürmələri olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli, 9/2652 nömrəli rəyindən görünür ki, “təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC-nin X10 Filialı tərəfindən təqdim edilən cədvəllərə əsasən Cavabdeh2 tərəfindən yuxarıda qeyd edilən Məhkəmə qətnamələri üzrə xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixinədək (cədvəl məlumatlarına əsasən son ödəniş tarixi) olan dövr üzrə ümumilkdə 18974,0 manat məbləğində ödənişlər edilmişdir. - Qeyd edilir ki, tədqiqatla məhkəmə qətnamələri üzrə müəyyən edilən aliment məbləğləri ilə qeyd edilən cədvəllər üzrə edilmiş ödənişlər müqayisə edilərkən Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixinədək (cədvəl məlumatlarına əsasən son ödəniş tarixi) olan dövr üzrə ödənilməmiş aliment borcunun olmadığı müəyyən edilir.” Göründüyü kimi, xx.xx.2023-cü il, yəni iddia qaldırılan ərəfəyədək cavabdehin iddiaçıya heç bir aliment borcu qalmamışdır. İddiaçı cavabdehin ona 4710 manat məbləğində aliment borcunun olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçının qeyd etdiyi dövr üçün cavabdehin ona aliment borcunun olmadığı mötəbər sübutlarla müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı öz tələbini mötəbər sübutlarla sübuta edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı «Aliment ödənişi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar