Məhkəmə qərarları › İş №2(021)-602/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-602/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-602/2024 20.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X25 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə və Cavabdeh iddaçı İddiaçı qarşı “Birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi” haqqında qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə əldə etdikləri kredit müqavilələri üzrə 50000 (əlli min) manat pul vəsaitinin ½ hissəsinin, yəni 25000 (iyirmi beş min) manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X22 adlı övladları anadan olmuşdur. Bir müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra aralarında olan münasibətlər pisləşməyə başlamış və bu səbəbdən də Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-619/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə rəsmi nikahda olan dövrdə "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan da göründüyü kimi həmin bankdan ümumilikdə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğinə mal-qara almışdır ki, əldə edəcəyi qazancla ailə xərclərini ödəsin. Ancaq Vətən müharibəsi başladığından və yaşadıqları ərazi həmin vaxt ermənilərlə həmsərhəd olduğundan xeyli zərərə uğramışdır. Buna baxmayaraq kredit öhdəlyini yerinə yetirməkdə davam etmişdir. Cavabdeh ilə ayrıldıqdan sonra da, bankda adı qara siyahıya düşməməsi üçün borc-xərc edib və avtomaşınını satıb kredit öhdəliyini yerinə yetirmişdir. Hesab edir ki, birgə nikah dövründə əldə etdikləri kredit öhdəliyinin ½ hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın bütünlüklə rədd edilməsinə və onun qarşılıqlı iddiasının təmin edilərək avtomobillərin cəmi dəyəri olan 68500 (altmış səkkiz min beş yüz) manatın yarısı olan 34250 (otuz dörd min iki yüz əlli) manatın və 205 (iki yüz beş) manat dövlət rüsumunun iddiaçıdan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (ilkin iddiaçı) ona qarşı Bərdə Rayon Məhkəməsində birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsi hazırlıq iclasını xx.xx.2024-cü il tarixə saat 12:15-a təyin etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmədə qaldırılan iddianı rəsmi almış, xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi vermişdir. Belə ki, prosessual müddəti keçirməmişdir. Cavabdehin (ilkin iddiaçının) qaldırdığı iddia ilə razı deyil. İddiaçı ilə xx.xx.2016-cı ildə rəsmi qeydiyatdan keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2016-ci il təvəllüdlü X22 adlı 1 övladları dünyaya gəlmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1478 saylı qətnaməsi ilə nikahları rəsmi pozulmuşdur. Cavabdehin qaldırdığı iddianı qəbul etmir. Çünki həmin götürdüyü pulla atasına məxsus həyətdə böyük tövlə tikib, iri və xırda buynuzlu heyvan almaqla gəlir əldə edib, ona 1 manat da olsun həmin puldan verməmişdir. Bundan başqa birgə nikah dövründə hər ikisinin qazancı ilə 4 maşın əldə edilmişdir. Nikah pozulandan sonra İddiaçı həmin maşınların bir qismini adından çıxarmışdır. “Toyota Land-Cruiser” və digər maşınlar isə adında qalmış, lakin “Toyota Land-Cruiser”in üzərinə həbs qoyulmuşdur. Ona görə də nikahları pozularkən cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakların dəyərinin yarısı alınıb ona verilməli idi. Amma göründüyü kimi bunları etməmişdir. Ona görə də hesab edir ki, cavabdehdən sözgedən əmlakın naturada alınıb verilməsinə və yaxud dəyərlərinin ½ hissəsinin alınıb ona verilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını, ona qarşı verilmiş qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, iddia müddəti tətbiq edilərək qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X7 İddiaçı göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin, İddiaçı qarşı verilmiş qarşılıqlı iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Tərtər rayonu Qapanlı kəndində anadan olmuşdur, Tərtər rayonu Qapanlı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Tərtər rayonu Yuxarı Qapanlı kəndində qeydiyyatdadır. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2023-cü il tarixli 435 nömrəli arayışdan görünür ki, İddiaçı Tərtər rayonu Yuxarı Qapanlı kəndində yaşayır. Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(061)-619/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Tərtər Rayon Qeydiyyat Şöbəsində bağlanmış 19 mart 2016-cı il tarixli, 38 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları 31 avqust 2016-cı il təvəllüdlü X14 atasından alınaraq anası Cavabdeh verilməsi, cavabdeh İddiaçı 31 avqust 2016-cı il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində alimentin uşağın anaya verildiyi gündən hesablanaraq tutulub Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, AZ-İ 390570 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha 27 mart 2021-ci il tarixdə xitam verilmişdir. Tərtər Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(061)-121/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı cehiz əşyaları və qızıl-zinət tələbinə dair iddiasının qismən təmin edilməsi qət edilmişdir. 15 avqust 2019-cu il tarixli, 19028-001/747714 nömrəli kredit limiti müqaviləsindən görünür ki, “Kreditverən”-"xxxx" ASC “Borcalan”a-İddiaçı 300000 (üç yüz min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, «15» Avqust 2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti (bundan sonra bu müqavilə) çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı (bundan sonra - Razılaşma) imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. -Kredit limiti Müqaviləsi çərçivəsində “Borcalan”a verilən kreditlər Razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir. -Bu müqavilə üzrə müəyyən edilmiş limit çərçivəsində veriləcək kreditlər digər valyutada verilə bilər, bir şərtlə ki, kreditin verildiyi ana olan məzənnə fərqi Kredit limitinin məbləğindən artıq olmasın. -“Kreditverən” krediti və ya qarantiyanı “Borcalan”ın müvafiq ərizəsinə və razılaşmaya uyğun olaraq dövriyyə və əsas vəsaitin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi, fərdi istehlak məqsədi ilə verir. -Bu müqavilə çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 26 (iyirmi altı) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə «15» Avqust 2029-cu il tarixdən artıq olmayacaqdır. Qeyd olunan müqavilənin 4.1-ci bəndinə əsasən Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə X4, X15, X8 və X9 ilə zaminlik müqavilələri bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 19028-001/747714 saylı, 15 avqust 2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 26 avqust 2019-cu il tarixli Razılaşmadan görünür ki, tərəflər arasında bağlanmış 19028-001/747714 saylı, «15» avqust 2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 (bir yüz iyirmi) ay müddətinə illik 26 (iyirmi altı) faizdən çox olmamaq şərtilə 300000 (üç yüz min) manat məbləğində kredit verilməsinə dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”ın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. -“Kreditverən” 19028-001/747714 saylı, «15» avqust 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 5 (beş) faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixinədək 12 (on iki) ay güzəşt olmaqla 50000 (əlli min) manat məbləğdə borc pul vəsaitini “Boracalan”ın mülkiyyətinə verir. “Borcalan” isə 500 (beş yüz) manat məbləğdə xidmət haqqı ödəyir. - Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit əsas vəsaitlərin artırılması məqsədlə verilir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı 23 may 2023-cü il tarixli, 677 nömrəli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixində ayrılmış kredit limiti əsasında daşınmaz əmlak, nəqliyyat vasitəsi, mal-qara girovu və zaminlik təminatı ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir və bu kredit xx.xx.2020-ci il tarixində restrukturizasiya edilmişdir. Kredit verildiyi tarixdən bu günə kimi 500 (beş yüz) manat komisiya, 45833.26 (qırx beş min səkkiz yüz otuz üç manat 26 qəpik) manat əsas borc, 6990.87 (altı min doqquz yüz doxsan manat 87 qəpik) manat faiz borcu ödəmişdir. Hazırda xx.xx.2023-cü il tarixinə 4166.74 (dörd min yüz altmış altı manat 74 qəpik) manat əsas borc və 15.62 (on beş manat 62 qəpik) manat faiz borcu olmaqla, cəmi 4182.36 (dörd min yüz səksən iki manat 36 qəpik) manat borcu qalmaqdadır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 371 nömrəli məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-də AZ32BRES******************** saylı hesab üzrə xx.xx.2024-cü il tarixinə 49999,69 manat məbləğində krediti mövcuddur. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-02075 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 23 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmək üçün 50 (əlli) manat məbləğində xidmət haqqı ödəmişdir. 31 iyul 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 115 (bir yüz on beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 6121 nömrəli arayışdan görünür ki, Cavabdeh Bərdə şəhəri A.Əhmədov küçəsi ev 46-da yaşayır. AC 138490 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X29” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. AD 909229 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Santa FE” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 22 dekabr 2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan “Hyundai Santa FE” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 23000 manata satmışdır. AE 129965 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai İ30” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 29 mart 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan “Hyundai İ30” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilini X10 8000 manata satmışdır. AE 025854 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Santa FE” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 18 mart 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan “Hyundai Santa FE” minik markalı avtomobilini X2 25000 manata satmışdır. AD 549062 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Transit” yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 29 mart 2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan “Ford Transit” yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 13000 manata satmışdır. AD 899826 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Santa FE” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 24 noyabr 2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan “Hyundai Santa FE” minik markalı avtomobilini X17 22000 manata satmışdır. AD 998192 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 21 avqust 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 6000 manata satmışdır. "xxxx" MMC tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, **-HA-*** dövlət qeydiyyat nişanlı “X32” markalı avtomobilinin bazar dəyəri 8500 manat dəyərində, **-RS-*** dövlət qeydiyyat nişanlı “VAZ 21214 minik” markalı avtomobilin bazar dəyəri 8000 manat dəyərində, **-HY-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin bazar qiyməti 12000 manat dəyərində, **-FB- *** dövlət qeydiyyat nişanlı “X28 minik” markalı avtomobilin bazar dəyəri 40000 manat dəyərində qiymətləndirilmişdir. 30 dekabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 205 (iki yüz beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 213.1-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1-ci maddəsinə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2014-cü ildə Cavabdeh ilə evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuş, tərəflər aralarında yaranan narazılıqlara görə ayrılmış, nikahları Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə, yəni 26 avqust 2019-cu ildə "xxxx" ASC-dən İddiaçı adına 50000 manat məbləğində kredit götürmüşlər. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 371 nömrəli məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-də AZ32BRES******************** saylı hesab üzrə xx.xx.2024-cü il tarixinə 49999,69 manat məbləğində krediti mövcuddur. Göründüyü kimi, tərəflər 50000 manat krediti birgə nikah dövründə, yəni 26 avqust 2019-cu ildə əldə etmiş və istifadə etmişlər. Həmin kredit əsas vəsaitlərin artırılması məqsədlə verilmişdir və ailə ehtiyaclarının təmin edilməsinə sərf edilmişdir. Tərəflər arasında olan nikah 07 dekabr 2020-ci il tarixdə pozulmuş, kredit borcu iddiaçı tərəfindən ödənilir. Bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair iddiası təmin olunmalıdır. Bu, həm də aşağıda qeyd edilənlərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. X11 Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli, № 1/2024 B nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh iddaçı İddiaçı qarşı “Birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi” qarşılıqlı iddia tələbi 08 yanvar 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı məhkəməyə ərizə verərək ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin yarı bölünməsi” iddiası müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini və onun qaldırdığı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cavabdeh ilə İddiaçı 2014-cü ildə evlənmiş, nikahları Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, qarşılıqlı iddia ərizəsində göstərilən avtomobilləri mübahisələndirməmiş, aralarında olan nikah pozulduqdan 3 il 1 ay keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında nikah 07 dekabr 2020-ci ildə pozulmuş, üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti 07 dekabr 2023-cü ildə bitmişdir. Cavabdeh hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə 08 yanvar 2024-cü ildə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Göründüyü kimi, iddia müddəti hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia tələbi təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 115 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xidməti haqqı, cəmi 165 (bir yüz altmış beş) manat məbləğində vəsait cavabdehə aid edilməlidir. Qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən Cavabdeh ödədiyi 205 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 15 avqust 2019-cu il tarixli, 19028-001/747714 saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 26 avqust 2019-cu il tarixli Razılaşmaya əsasən verilmiş 50000 (əlli min) manat məbləğində kreditin yarı dəyəri olan 25000 (iyirmi beş min) manat məbləğində pul və 165 (bir yüz altmış beş) manat ödənilmiş dövlət rüsumu, cəmi 25165 (iyirmi beş min bir yüz altmış beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh iddaçı İddiaçı qarşı “Birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi” haqqında qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən Cavabdeh ödədiyi 205 (iki yüz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar