Məhkəmə qərarları › İş №2(021)-631/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-631/2025

06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-631/2025 06.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın müaynə və müalicələri üçün əlavə xərc» tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2020-ci ildə doğulmuş Şahid müayinə və müalicələri ilə əlaqədar onun sağalmasınadək Cavabdeh hər ay 150 manat sabit pul məbləğində əlavə xərclərin alınaraq ona ödənilməsinə və hazırkı iddia ərizəsinə baxılması üçün ödədiyi 50 manat dövlət rüsumunun və mediasiya xidmətinə görə ödədiyi 55 manatın cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Bərdə rehional “Asan Xidmət” X1 29 oktyabr 2019-cu il tarixdə 1255 nömrəilə qeyd edilməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2020-ci ildə yeganə övladları olan Şahid anadan olmuşdur. Ailə münasibətlərinin davam etməsi mümkün olmadığına görə cavabdehlə nikahları Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 1782/2024 nömrəli qətnaməsinə əsasən pozumuş, birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci ildə yeganə övladları olan Şahid onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qərara alınmışdır. Yeganə övladı olan qızı Dəniz anadangəlmə serebral iflic xəstəsi olmuşdur, onun müalicəsi üçün bütün tədbirlər görülsə də faydası olmamışdır və onun ömürlük əlil olacağı məlum olmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə qızı Şahid orqanizminin funksiyalarının pozulması faizi 85% müəyyən edilməklə ona ömürlük İ dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: G80.0 Kvadroplegik spastik serebral iflic. Kvadroplegik spastik serebral iflic. Spastik tetraplegiya. İmmobillik (hərəkətsizlik) Dördətraflarda hərəkət məhdudluğu (Uşaq yatağa məhkumdur). Kənar şəxsin qulluq və köməyinə ehtiyaacı olması. Nevroloji xəstəxananın xx.xx.2023-cü il 2005 saylı Çıxarışına əsasən. Cavabdeh TSEK-in həmin qərarından sonra, yəni Dənizin sağalmaz xəstə olduğunu bildiyi vaxtdan onu qızı Dənizlə birlikdə yaşadıqları evdən çıxartmağa dəfələrlə cəhd etmiş, bu məqsədlə dəfələrlə ona qarşı zorakılıq etməklə münaqişə yaratmış, nəhayət 15 mart 2024-cü ildə zorakılıqla evdən çıxardıb qovmuşdur. Odur ki, 15 mart 2024-cü ildən hal-hazıradək əlil qızı Dənizlə birlikdə Bərdə rayonu Xanərəb kəndində atası X2 evində yaşayırlar. Lakin Cavabdeh insanlığı və vicdanını unudaraq ağır xəstə və ömürlük əlil olan qızı Dənizin müayinə və müalicələrinə heç bir maddi köməklik göstərmir, hətta alimenti də 100-120 manat olaraq kəsirlə ödəyir. Qızı Dəniz isə ömür boyu mütamadi olaraq xüsusi istisaslaşmış müayinə və müalicələr almalıdır. Cavabdeh tərəfindən heç bir maddi köməklik göstərilmədiyinə görə onu valdeyinlərinin və qardadşının köməklikləri ilə müayinə və müalicələr etdirir. Onun müayinə və müalicələri ilə Bakı şəhərində X4, X3 və ya Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyində, həm də stasionar şəraitdə həyata keçirilir. Bu məqsədlə hətta 2024-cü ildə borc pullar almaqla onu dəfələrlə Bakı şəhərinə həmin xəstəxanalara aparıb müayinə və müalicə etdirmişdir. Qızı Dənizin sağlamlıq vəziyyəti ona işləməyə imkan vermir, odur ki, işləyə də bilmir, ancaq və ancaq ona qulluq göstərməklə məşğuldur. Cavabdehin aylıq ödədiyi 100-120 manat aliment məbləği az olduğu üçün qızı Dənizin müayinə və müalicələri üçün əlavə xərcləri ödəməyə kifayət etmir, bu əlavə xərclər isə aylıq 150 manatdan çox olur. Aylıq 150 manat məbləğində əlavə xərcləri ödəməyə cavabdehin maddi imkanları vardır. Odur ki, onun qızı Dənizin müayinə və müalicələri ilə əlaqədar gələcəkdə çəkilməsi zəruri olan əlavə xəcrlərə məhkəmə qaydasında cəlb ediməsi, əlavə xərclərin ödənilməsi müddətinin isə Dənizin sağalmasına kimi müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirib göstərmişdir ki, qızı ağır xəstədir, müalicə olunsa da sağalması mümkün deyil, cavabdeh qızının saxlanılması üçün 150 manat aliment ödəyir, lakin həmin pulla uşağın müalicəsini ödəyə bilmir, cavabdeh isə əlavə heç bir yardım göstərmir, Cavabdeh heç bir yerdə işləmir, cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Ona görə də ərizəsində əlavə xərc olaraq 150 manat tələb etsə də, məhkəmə qətnaməsi ilə əlavə xərcin 50 manat müəyyən edilməsini istəyir, lakin bu barədə ərizəyə dəqiqləşmə vermək istəmir, iddia ərizəsində qeyd etdiyi “əlavə xərc” ifadəsi ilə alimentin artırılmasını nəzərdə tutmuşdur, alimenti ölkə üzrə minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq artırılmasını istəyir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmə iclasında iddiaçının verdiyi izahatdan görünür ki, iddiaçının tələbi, yəni alimentin artırılması ilə bağlı tələb uşaqlar üçün yaşayış minimumun artırılması ilə əlaqədardır. Qeyd olunan Plenum qərarına əsasən hazırkı iş üzrə icraata xitam verilməli və iddiaçıya məsələnin icra icraatı qaydasında həll edilməklə onun ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olması izah edilməlidir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A ALDİ : İddiaçı Cavabdeh qarşı «uşağın müayinə və müalicələri üçün əlavə xərc» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya məsələnin icra icraatı qaydasında həll edilməklə onun ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olması izah edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə ödədiyi 50 (əlli) manat dövlət rüsumu geri qaytarılsın (qəbz №- ********** büdcə təsnifatının kodu ********). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar