Məhkəmə qərarları › İş №2(021)-632/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-632/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-632/2025 05.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “15000 manat maddi və mənəvi ziyan” tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, onun istifadəsində olan Chevrolet Cruze markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4549 manat maddi, ona dəymiş 10451 manat mənəvi, cəmi 15000 manat ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 135 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Cavabdeh1 qismən tanıyır. Belə ki, avqust ayının 25-dən 26-na keçən gecə o, X7 şadlıq məclisində olmuşdur. Məclisdə onun oğlu Rüfət Hüsüzadə rəqs edərkən səsləndirilən mahnı 4 dəfə dayandırılıb. O, bu səbəbdən söz-söhbət yaranacağını görüb, oğlu Hüsüzadə Rüfəti məclisdən uzaqlaşdırmaq qərarına gəlmiş, ailə üzvləri ilə birlikdə evə qaytımışdır. Hansı səbəbdən məhz onun ailəsi rəqs edərkən mahnının 4 dəfə dayandırılmasını Natiqdən soruşmaq üçün sonuncu ilə telefon əlaqəsi yaratmışdır. 2-3 saat sonra Natiq və oğlu Rüfət arasında telefon danışığı zamanı mübahisə yaranmış, bundan sonra oğlu Rüfət Natiqin ünvanına getmişdir. Chevrolet Cruze markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil bacısı oğlu X5 adına olmasına baxmayaraq avtomobil özünə məxsusdur və həmin avtomobili o, etibarnamə ilə idarə edir. Oğlu hadisə yerinə gedərkən ona məxsus həmin avtomobili götürüb getmişdir. Söhbət zamanı münaqişə yaranıb. Bir nəfər tanış şəxs davanı sakitləşdirmək məqsədilə, heç kim bir-birinə zərər vurmasın deyə oğlunu onlardan aralaşdırıb, kənara aparmış. Həmin şəxslər oğlunun maşından yaxın adamın vasitəsilə uzaqlaşdırıldırdığından sonra ona heç nə edə bilməyəcəklərini görüb, 4-5 nəfərdən ibarət dəstə olaraq əllərində müxtəlif küt alətlərlə maşına zərər yetirməyə başladılar. Maşınına 4549 manat zərər vurulduğuna dair servisdən möhürlü sənəd verilib. Həmin servis sənədində maşına vurulan zərər və təmirə çəkilən xərcin məbləği açıq-aydın görünür. Dəmirçi işi: dam dəyişdirilməsi, arxa baqaj təmiri, arxa sağ qapının təmiri - 700 manat. Armatur işi: salonun sökülüb yığılması, baqaj, kapot - 200 manat. Rəngsaz işi: dam, baqaj, arxa sağ qapı, kapot - 950 manat. Patpres dəyişməsi: ön və arxa - 100 manat, original ön şüşə (1 ədəd) - 585 manat, original arxa şüşə (1 ədəd) - 450 manat, germetik (2 ədəd x 25 manat) - 50 manat, dam (1 ədəd) - 650 manat, stik germetik (2 ədəd x 22 manat) - 44 manat, kapot (1 ədəd) - 820 manat. Maşına cəmi vurulan ziyan 4549 manat təşkil edir. Bu şəxslər maşını əziblər, bundan sonra da Hacılar kəndində yaşayan həmin dəstədə olan Məftun adlı şəxs maşını sürərək, oradan uzaqlaşdırıb 150 metr kənarda saxlamışdır. Maşını uzaqlaşdırmaqda məqsəd xuliqanlıq etdikləri yerdən guya iz itirmək olub, günahlarından peşman olmaq əvəzinə onlar oğluna müxtəlif şər və böhtan dolu sözlər deyiblər. Bu gün də həmin şəxslər oğluna böhtan atmağa davam edirlər, hətta izahat verərkən də oğluna şər atmaqdan çəkinməyiblər. Bu hadisədən sonraki gün, xx.xx.2024-cü il tarixdə o, Bərdə Rayon Polis Şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Həmin şəxslər bölməyə çağırılıb, onların izahatları alınsa da, ona yenə də deyirlər ki, “get, nə edirsən et, sənə ayda 5-10 manat zərər pulu ödəyəcəyik, bizə heç nə edə bilməzsən”. Onun oğlu kursantdır, gələcəyin hərbiçisidir, Vətənə xidmət etmək üçün hal-hazırda təhsil alır. Bu şəxslər isə onun gələcəyini məhv edəcəkləri ilə oğlunu hədələyərək, şər və böhtanlar atıb, hətta oxuduğu tədris müəssisəsindən qovduracaqlarını bildirərək, onu 4549 manat zərəri tələb etməkdən çəkindirməyə çalışırlar. 06 sentyabr 2024-cü il tarixdə baş vermiş hadisə üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh maşınına zərər vurmaqla ona ciddi zərər vurmuşdur. Belə ki, o, kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırmağa çalışır. Bu məqsədlə 30000 manat kredit götürüb, istixana düzəldərək xiyar-pomidor əkmişdir. Həmçinin ona məxsus torpaq sahəsində kələm də əkmişdir. Evdə qoca, xəstə anası var, bir övladı Bakıda kursantdır, digər övladı ödənişli olaraq Gəncə Dövlət Universitetində təhsil alır. Bütün ailənin yükü onun çiyinlərindədir. O, övladının yanına həmin maşınla gedib gəlir, təsərrüfat işlərini həmin maşınla həll edir. Əkdiyi məhsulları həmin maşınla bazara aparıb satır. Avqust ayında bu hadisə baş verdikdən sonra onun bütün işləri məhv olmuşdur. Yaşadığı stress və gərginlik onda travma yaratmışdır. Maşını xarab olduğu üçün kənd təsərrüfatı işlərində xeyli ləngimə baş vermiş, əkdiyi məhsullar batmışdır. Əvvəllər istehsal etdiyi məhsulları maşınla bazara aparıb yaxşı qiymətə satıb qazanc əldə edə bildiyi halda, bu dəfə maşını olmadığı üçün əlində qalan çox az məhsulu öz həyətində çox ucuz qiymətə satmalı olmuşdur. Bu da onun təsərrüfatına xeyli zərər vermişdir. Bu zərəri aradan qaldırmaq üçün sentyabr ayında gedib yenidən 10000 manat kredit götürməli olmuşdur. Həmçinin maşını olmadığı üçün başqa-başqa bölgələrdə təhsil alan övladlarının yanına gedib-gəlməkdə də başqalarına möhtac olmuşdur, xərcləri də buna görə artıb. Cavabdeh1 ona ağır maddi və mənəvi ziyan vurmuşdur. Maşınını əzmiş, vurduğu maddi zərəri tələb etməməsi üçün övladının gələcəyini məhv etməklə hədələyərək, onu şantaj edərək, onlara ağır stress yaşatmışdır. Maşınını əzdiyi üçün onun bütün təsərrüfat işləri geri qalmış, əkdiyi məhsulun çox hissəsi batmış, qalan hissədə isə qazanc azalmış, başqa sahələrdə də xərcləri birəbeş artmışdır. Aylardır ki, o, həm mənəvi cəhətdən, həm də maddi cəhətdən zərərə məruz qalır. Cavabdehdən zərəri ödəməsini tələb etdikdə isə o, zərəri ödəmək fikrini qəbul etmir, hələ istehza ilə bildirir ki, “ayda 5-10 manat pul ödəyəcəyəm, kifayətdir”. Bunun üçün də maşınına dəymiş olan 4549 manat maddi və ona vurulan 10451 manat mənəvi ziyanın, cəmi 15000 manat pul məbləğinin cavabdehdən alınmasını istəyir. Cavabdehin etirazı: Cavabdeh X3 tərəfindən verilmiş etirazda göstərilmişdir ki, o, Bərdə rayon Hüseynalılar kəndində bacısı qızının övladının ad günü məclisində olarkən, orada baş vermiş mübahisə nəticəsində Bərdə rayon Mustafaağalı kənd sakini İddiaçı avtomobilinə zərər vurulmuşdur. Lakin iddiaçının ona qarşı maddi və mənəvi zərərə görə 15000 manat pul tələbini sonuncunun onun pulları ilə varlanmaq niyyəti ilə əlaqələndirir. İddiaçı nəqliyyat vasitəsinə iddiada qeyd olunan dərəcədə zərər dəyməmişdir, bundan əlavə mənəvi ziyana görə tələb də irəli sürülmüşdür. İddiaçı oğlu Rüfət məclisə gəlib, onları təhqir etmiş, əlində bıçaq tutaraq onları hədələmiş, şərəf və ləyaqətlərini alçaltmışdır. O, mağarın qabağında oturduğu zaman orada qara rəngli maşın dayanmış, maşından təxminən 16-17 yaşında bir uşaq düşüb, onları söyüşlə təhqir edib, gitara ifaçısı olan Sürətə kimin cavabdeh duracağını demişdir. Daha sonra məclis sahibi Natiq mağardan çıxıb nə lazım olduğunu soruşmuş, o zaman Rüfət onu da təhqir etmişdir. Bundan sonra İddiaçı oğluna zəng edib, onları bıçaqlamağı tapşırmışdır. Onlara qarşı qaldırılmış iddianı qəbul etmir və iddiaçının tələbinə etiraz edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, göstərmişdir ki, cavabdehlərlə aralarında olan mübahisənin nəticəsində onun özünə məxsus olan, lakin bacısı oğlunun adına qeydiyyata alınmış avtomobili mübahisə zamanı oğluna heç nə edə bilməyən 4-5 nəfər şəxs dəstə halında əllərində olan müxtəlif əşyalarla vurub-qırıb, sındırmışlar, maşına ziyan vurmuşlar. Oğlunu həmin 4-5 nəfər hadisə yerinə öldürmək üçün çağırmış, lakin oğlu tanışların vasitəsilə oradan uzaqlaşdırıldığına görə avtomobilə zərər vurmuşdurlar. Həmin şəxslər oğluna telefonla zəng edərək, çağırmışlar, əllərində bıçaq olmuş, məqsədləri oğlunu öldürmək olmuşdur. Maşın ona məxsusdur, lakin bacısı oğlu İlqarın adınadır, etibarnamə ilə idarə edir, maşına dəyən ziyanı tələb etmək üçün İlqarın iddiaçı kimi məhkəməyə cəlb edilməsini istəyir. İddianı əsaslı hesab edir, maşına dəymiş maddi ziyan mütəxəssislər tərəfindən hesablanmış, digər ziyan isə ona avtomobilindən istifadə edə bilməməsi nəticəsində yaranmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının tələbi əsassızdır, maşın iddiaçının deyil. İddiaçı izahatında qeyd etdiyi bıçaq onun oğlunda olmuşdur. Bu hadisə ilə bağlı o, əsassız olaraq Bərdə Rayon Polis Şöbəsinə çağırılıb, hadisə zamanı heç bir günahı olmadığı müəyyən olunub, onun heç bir səhvi olmamışdır, nə səhv olmuşdursa iddiaçının səhvi olmuş, hadisənin necə baş verdiyini unutmuşdur. İddiaçı oğlu onun kürəkəni Natiqi vurmuş, daha sonra isə o, təpiklə həmin avtomobilin patpresinə və kapotuna zərbə endirmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın ona heç bir aidiyyətinin olmadığını bildirərək, onu cavabdehlər siyahısından çıxarılmaqla iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: "xxxx" MMC tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli qüsur aktından görünür ki, Chevrolet Cruze markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4549 manat məbləğində ziyan dəymişdir. ƏN-V 101966 nömrəli etibranamədən görünür ki, Kərimov X9 Cruze markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. AB911449 seriya nömrəli X1 Şəhadətnaməsindən görünür ki, Chevrolet Cruze markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətinə qeydiyyata alınmışdır. Bərdə rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru X4 6 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh1 və X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə, surətinin məlumat üçün İddiaçı və rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, ünvan 1 ünvanında yaşayan X5 iddiaçı qismində mülki işə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

1. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Subyektiv hüquq hüquqi anlayış olmaqla özündə hüquq subyektinin hüquqauyğun hərəkətini, hüquqauyğun tələbini, hüquqi müdafiəsini ehtiva edir. Mülkiyyətçinin öz əmlakı üzərində mülkiyyət hüquqlarını həyata keçirməsi ilə əlaqədar yaranan öhdəlikləri üçün sahib və ya istifadəçi məsuliyyət daşımadığı kimi, mülkiyyətçinin öz əmlakına vurulan zərəri də tələb etmək məhz ona məxsus olan subyektiv hüquqdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlarda tələb hüququnun iddiaçıya güzəşt edilməsi, etibar edilməsi nəzərdə tutulmamışdır.

2. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməlin hüquqa zidd olması, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması, zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması mövcud olmalıdır. Zərər məhz törədilmiş hüquqazidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Hüquqazidd əməl hüquqi əhəmiyyətli davranışın bir formasıdır. Hüquqi əhəmiyyətli davranış hüquq üçün mahiyyəti olan, hüquqla tənzimlənən davranışdır. Hüquqi əhəmiyyətli davranışın iki forması mövcuddur, hüquqazidd davranış və hüquqauyğun davranış. Hüquqauyğun davranışın marjinal, konformist və sosial fəal davranış formaları mövcuddur. Hüquqazidd davranış isə özünü xəta və cinayət növündə ehtiva edir. Xəta anlayışı geniş anlayış olmaqla özündə həm inzibati, mülki hüquq pozuntusunu, eyni zamanda əmək hüquq pozuntularını ehtiva edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh1 və X7 barələrində cinayət tərkibinin olmaması əsası ilə cinayət işi başlanılmasından imtina olunmuşdur. Həmin şəxslərin inzibati xəta üzrə məsuliyyətə cəlb edilmələrini təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə məhkəmə tərəfindən işlərə baxılarkən formal həqiqət və dispozitivlik prinsipləri rəhbər tutulduğundan təqdim edilmiş sübutların arasında isə cavabdehlərin hüquq pozuntusunu törətməsi və törədilmiş hüquq pozuntusu ilə dəymiş zərər arasında olan səbəbli əlaqənin olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Formal həqiqət isə tərəflərin iradə azadlığının prosessual təcəssümüdür.

3. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. İddiaçı iddia tələbini Cavabdeh1 ona ağır maddi və mənəvi ziyan vurması, maşınını əzməsi, vurduğu maddi zərəri tələb etməməyi üçün övladının gələcəyini məhv etməklə hədələyərək onu şantaj edərək onlara ağır stress yaşatması, maşını əzdiyi üçün onun bütün təsərrüfat işlərinin geri qalması, əkdiyi məhsulun çox hissəsinin batması, qalan hissədən isə götürdüyü qazancın azalması, başqa sahələrdə də xərclərinin birə-beş artması, aylardır ki, həm mənəvi cəhətdən, həm də maddi cəhətdən zərərə məruz qalması ilə əsaslandırmışdır. Göründüyü kimi iddiaçı tərəfindən iddia edilən iztirab və sarsıntının nəticəsi olan zərər, hiss etdiyi fiziki və ya psixoloji ağrı idarə etdiyi maşına vurulması ehtimal edilən fiziki zərərlə bağlıdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, kənd təsərrüfatı məqsədləri üçün mülkiyyətində iki ədəd “Kamaz” və “Mercedess benz” markalı yük maşınları mövcuddur. İddiaçının cavabdehlər tərəfindən şantaj olunması, övladının gələcəyini məhv etmələri ilə bağlı hədələdiyini təsdiq edən və bununla da onda dərin mənəvi sarsıntı yaradan heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, baş vermiş hadisə iddiaçının oğlunun hüquqazidd davranışlarının nəticəsidir. Məhkəmə mənəvi zərərə münasibətdə iddiaçının gətirdiyi arqumentlərin əsassız olduğu qənaətinə gəlir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “15000 manat maddi və mənəvi ziyan” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 135 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar