Məhkəmə qərarları › İş №2(021)-826/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-826/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-826/2021 26.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh Əlfəsayıb oğluna qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh Əlfəsayıb oğluna qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş 17.10.2018- ci il təvəllüdlü X1 və 14.11.2020- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat məbləğində alimentin cavabdeh Cavabdeh Əlfəsayıb oğlundan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əlfəsayıb oğlu ilə 2017-ci ildə qeyrirəsmi ailə qurmuş, nikahlarını 23.06.2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 17.10.2018-ci il təvəllüdlü X4 və 14.11.2020-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalmışdır. Cavabdeh uşaqların saxlanmasında heç bir köməklik etmir. Uşaqlara baxmaqda maddi çətinlik çəkir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Əlfəsayıb oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı xx.xx.1996-cı il tarixdə anadan olumuşdur. İş materiallarına əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, İddiaçı qızı Bərdə rayon Samux kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İİ № 260708 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Əlfəsayıb oğlu ilə X3 23.06.2018-ci il tarixdə Bərdə Regional “ASAN” Xidmət mərkəzində Qeydiyyat Şöbəsində 687 saylı akt qeydi ilə nikah bağlanmışlar. Nikah bağlandıqdan sonra arvada Yusifli soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV № 241578 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 oğlu 17.10.2018- ci ildə anadan olmuşdur. Atası Cavabdeh Əlfəsayıb oğlu, anası İddiaçı qızıdır. İş materiallarına əlavə olunmuş AZ-İV № 529219 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 oğlu 14.11.2020-ci ildə anadan olmuşdur. Atası Cavabdeh Əlfəsayıb oğlu, anası İddiaçı qızıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı və Cavabdeh Əlfəsayıb oğlu ilə 2018-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 17.10.2018- ci il təvəllüdlü X4 və 14.11.2020- ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının himayəsində qalmışdır. Məhkəmə iddia tələbi ilə aşağıdakılari qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə hər ay hər uşağa 140 manat alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı qızı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh Əlfəsayıb oğlunun üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olmasını, iddiaçı tərəfindən cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməməsini nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş 17.10.2018- ci il təvəllüdlü X1 və 14.11.2020- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Əlfəsayıb oğlundan hər ay bir uşaq üçün 140 manat olmaqla cəmi 280 (iki yüz səksən ) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, aliment məhkəməyə müraciət edildiyi, yəni 26.01.2021-ci il tarixdən tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 17.10.2018- ci il təvəllüdlü X1 və 14.11.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 26.01.2021-ci il tarixdən başlayaraq Cavabdeh Əlfəsayıb oğlundan hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar