Məhkəmə qərarları › İş №2(021)-914/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-914/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-914/2025 04.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaq üçün təyin olunmuş əlavə xərcin ləğv edilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 2024-cü il tarixli qətnaməsi ilə hər ay bir uşağın baxım pulu və xəstəlik pulu üçün müəyyən edilmiş 100 manat məbləğində əlavə xərcin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2018-cı il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmiş, nikahlarını 2019-cu il tarixdə rəsmiləşdirmişdirlər. Birgə nikah dövründən 15 dekabr 2020-ci il təvəllüdlü X5 adlı 1 (bir) övladları anadan olmuşdur. Aralarında yaranmış problemlərə görə bağlanmış nikahları Bərdə rayon Məhkəməsinin 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra övladı cavabdehin himayəsində yaşayır və hər ay bir uşağın saxlanılması üçün Bərdə rayon məhkəməsinin qətnaməsi ilə aliment təyin olunmuşdur. Alimentdən əlavə isə Bərdə rayon Məhkəməsinin 2024-cü il tarixli qətnaməsi ilə övladına baxım pulu və xəstəlik pulu olan 100 manat pul təyin edilmişdir. İndi isə o, hal-hazırda müəyyən olunmuş 100 manat məbləğində əlavə xərci ödəyə bilmir. Əlavə olaraq heç bir yerdə işləmir. Maddi imkanı olduqca zəifdir. Adına heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Bərdə rayon məhkəməsinin qərarı ilə hər ay 1 uşağın baxım pulu üçün saxlanılması üçün 100 manat məbləğində aliment tutulsa da o, həmin məbləği ödəyə bilmir. Hazırda cavabdehdə işləyir və aylı qazancı onun qazancından yaxşıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini, xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, cavabdehlə nikahları pozulduqdan sonra birgə nikahlarından övladları üçün aliment kəsilmişdir. Daha sonra uşağın xəstəliyi üçün 100 manat kəsilmişdir. Onlar bir yerdə yaşayanda övladı xəstə olmamışdır. Məhkəmə qətnaməsi olmasına baxmayaraq cavabdeh ona uşağı ilə görüşməyə icazə vermir. Uzun müddətdir uşağını görmür. Uşağını görsə özü də həkimə aparıb uşağının səhəttindəki problemi bilər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı uzun müddətdir ki, uşağı ilə görüşməmişdir. Buna görə də uşaq onu tanımır. Övladını psixoloqa aparır. Psixoloq demişdir ki, uşaq atası ilə görüşb ünsiyyətdə olsa daha yaxşıdır. Bu barədə iddiaçıya demiş, lakin o, uşağı ilə görüşməyə gəlməmişdir. İddiaçı iddiasını qəbul etmir. Hazırda övladını psixo-pedaqoqun yanına müalicəyə aparır və orada terapiya keçir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 636 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Alpoud kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)1139\2023 saylı qətnaməsindən görünür ki, İddiaçı X4 arasında xx.xx.2019-cu il tarixdə Bərdə Regional “ASAN xidmət” X1 134 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)1446\2024 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə anadan olmuş X5 ilə hər ayın İ və İİİ həftəsinin altıcı günü saat 11:00-dan, gecəni İddiaçı yanında qalmaqla, bazar günü saat 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)798\2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 müayinə və müalicəsi ilə əlaqədar hər ay 100 manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. Həmçinin həmin qətnamədən görünür ki: xx.xx.2020-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində "xxxx" MMC-də konsultasiya olunmuşdur. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək psixo-pedaqoq Xəyalə Bayramovanın yanında terapiya keçmişdir. X2 terapiyalarının davam etməsi tövsiyə edilir.; "Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu❞ pulik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 anadangəlmə ikitərəfli yastıpəncəlik aşkar edilmişdir. Mülki işə əlavə olunmuş Ağdam 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Mülki işə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh oğlu rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları vardır. Sonradan münasibətləri pisləşdiyindən tərəflər ayrılmış, uşaq isə anasının himayəsində qalmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)798\2024 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X2 müayinə və müalicəsi ilə əlaqədar hər ay 100 manat pulun tutulub Cavabdeh verilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qaldırılmış iddianı əsassız hesab edir. Belə ki, iddiaçı uşağın sağalması barədə müvafiq tibbi sənədləri iddiaya əlavə etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Ailə Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin məcəllənin 81.3-cü maddəsinə əsasə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilir ki: Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin qərarda Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin olunmadığından iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaq üçün təyin olunmuş əlavə xərcin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar