Məhkəmə qərarları › İş №2(021)-961/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-961/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-961/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər ay 11 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aldığı 1273,92 manat əmək haqqının 25%-nin və əlavə gəlirlərindən alimentin tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 avqust 2016-cı il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründə 11 may 2019-cu il il təvəllüdlü X3 adlı 1(bir) övladları anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra aralarında olan münasibətlər pisləşməyə başlamışdır. Onların xasiyyətləri bir-birinə uyğun gəlmir və bu minvalla aralarında tez-tez münaqişələr yaranır. Hal-hazırda xeyli zamandır ki, münasibətləri pozulmuşdur. Belə ki, Cavabdeh ilə ailə münasibətləri pozulduğu gündən bu vaxta qədər övladının saxlanılması üçün heç bir maddi köməklik etmir. Onun isə maddi imkanı olduqca çətin olduğuna görə, övladının tələbatlarını ödəməkdə çətinlik çəkir. Bunun üçün övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün alimentin tutularaq ona verilməsini istəyir. Cavabdeh yüksək gəlirli işdə işlədiyi üçün azyaşlı övladlarının saxlanılması üçün lazimi qaydada aliment ödəyə bilər. Belə ki, Cavabdeh N nömrəli hərbi hissənin hərbi qulluqçusudur və hər ay 1273,92 manat əmək haqqı alır. Odur ki, 11 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının 25 % -nin və əlavə gəlirlərinin aliment qismində tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1991-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bakı şəhəri Xətai rayonu Naximov küçəsi 1, C.Naxçıvanski adına H/L-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri M.F.Axundov küçəsi 50 nömrəli evdə yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 avqust 2016-cı il tarixli, AZ-İİ 121499 saylı Nikah haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 18 avqust 2016-cı ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində 73 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 iyul 2019-cu il tarixli, AZ-İV 317560 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından xx.xx.2019-cu ildə Zəhra adlı uşaqları anadan olmuşdur. 11 may 2019-cu il təvəllüdlü X1 atası Cavabdehdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, 99 nömrəli məktubdan görünür ki, N nömrəli Hərbi Hissənin hərbi qulluqçusu Cavabdeh aylıq məvacibi 1273,92 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 06245 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşağın mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1 və 76.1.1.1-ci maddələrinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. AM-nin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi nikahından xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 anası İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını, habelə Cavabdeh işləməklə əmək haqqı almasını nəzərə alaraq belə hesab edir ki, iddia təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının ayda cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, AM-nin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Aliment” tələbinə dair iddiası təmin edilsin. 11 may 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 24 yanvar 2024-cü ildən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar