Məhkəmə qərarları › İş №2(022)-115/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-115/2023

02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-115/2023 02.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əlizamin oğluna qarşı 19 iyul 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 26 oktyabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh Əlizamin oğluna qarşı 19 iyul 2014cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, o və R.L.Quliyev 2013-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Onların faktiki nikahından 19 iyul 2014-cü il tarixdə X4 adlı bir uşaqları doğulmuşdur. Bir müddət onlar birgə yaşasalar da, sonradan aralarına olan münasibət pisləşdiyindən ayrılmışlar və o, Biləsuvar Rayon Məhkəməsinə qızı A.Cavabdehnın atasının Cavabdeh olması faktının müəyyən olunması və cavabdehdən onun xeyrinə 150 manat məbləğində aliment tutulması barədə iddia ərizə ilə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası təmin edilmişdir. Lakin sonradan cavabdeh ona fiziki və psixi təzyiqlər etdiyinə görə o, aliment tələbindən imtina etmiş və həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan onlar ayrı yaşayırlar. Cavabdeh onunla və uşağı ilə heç bir əlaqə saxlamır. Buna görə də onda cavabdehin iş yeri və maddi vəziyyəti barədə heç bir sübutlar yoxdur. Lakin cavabdehin orta məktəbdə müəllimə işləyən bir qohumu ona bildirmişdir ki, Cavabdeh Bakı şəhərində özəl şirkətlərin birində işləyir və aylıq 450 manat məbləğində kirayə haqqı ödədiyi mənzildə yaşayır. O, həmin xanımın ailə vəziyyətinə görə həmin şəxsin şahid qismində məhkəmə iclasına çağrılmasını və ifadə verməsini istəmir. Bununla belə o, Cavabdeh uzun müddətdir ki, Bakı şəhərində yaşadığını nəzərə alaraq hesab edir ki, Cavabdeh maddi vəziyyəti yaxşıdır. Çünki, maddi vəziyyəti pis olan şəxs Bakı şəhərində mənzil kirayələyib orada yaşamazdı. Onun cavabdehlə birgə nikahından olan uşağı xəstədir və mütəmadi olaraq müalicə olunur. O isə Biləsuvar şəhərində orta məktəbdə biologiya müəllimi işləyərək, cəmi 450 manat əmək haqqı alsa da, uşağı ilə birlikdə kirayə evdə yaşadığı üçün aldığı əmək haqqı həmin kirayə haqqının, həm onun, həm də uşağın xərclərini ödəməyə imkan vermir. Birgə nikahlarından doğulmuş uşağı saxlamaq onunla yanaşı, cavabdehin də vəzifəsi olduğu halda cavabdeh bir ata kimi öz öhdəliyinə laqeyd yanaşır. Buna görə də həmin uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 193 manat aliment tutulmalıdır. Sonda, İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əlizamin oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2015-ci il tarixli 2(022)- 713/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Əlizamin oğluna qarşı atalığın etiraf edilməsi faktının müəyyən edilməsi və aliment tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh A.Cavabdehnın atası olması faktı müəyyən edilmiş və Cavabdeh hər ay qazancının ¼ hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Mülki iş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2015-ci il tarixli, 296482 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Əlizamin oğlu 19 iyul 2014-cü il tarixdə İddiaçı doğulmuş X3 atasıdır. İş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2015-ci il tarixli, 621767 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 iyul 2014-cü il tarixdə doğulmuşdur. Mülki iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qərardadının surətindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə aliment tutulmasına dair həmin məhkəmənin 08 iyun 2015-ci il tarixli, 2(022)-713/2015 saylı dair icra sənədinin icraatına xitam verilmişdir. İşdə olan 06 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, X4 2014-cü il tarixdə anadan olmuşlar. Doğum haqqında akt qeydində həmin uşağın ana adı İddiaçı, ata adı isə Cavabdeh Əlizamin oğlu qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. İş üzrə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə edilmiş sorğulardan görünür ki, Cavabdeh Əlizamin oğlu vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda deyil və həmin şəxsin əmək müqaviləsi müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 160 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,46 misli miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçıya izah edilməlidir ki, o, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə uyğun olaraq, tərəflərin birgə nikahından olan uşağın xəstəliyi ilə əlaqədar yaranmış xərclərin ödənilməsi qaydasının müəyyən edilməsi və Cavabdeh əlavə xərclərə cəlb olunması barədə məhkəmədə iddia qaldırmağa haqlıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 26 oktyabr 2022-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə və dövlət rüsumunun çatışmayan hissəsinə münasib olaraq 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 19 iyul 2014-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh Əlizamin oğlundan İddiaçı xeyrinə hər ay 160 (bir yüz altmış) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,46 (sıfır tam yüzdə qırx altı) misli miqdarında sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 26 oktyabr 2022-ci il tarixdən X4 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Cavabdeh Əlizamin oğlundan iş üzrə dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı izah edilsin ki, o, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə uyğun olaraq, tərəflərin birgə nikahından olan uşağın xəstəliyi ilə əlaqədar yaranmış xərclərin ödənilməsi qaydasının müəyyən edilməsi və Cavabdeh Əlizamin oğlunun əlavə xərclərə cəlb olunması barədə məhkəmədə iddia qaldırmağa haqlıdır. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar