Məhkəmə qərarları › İş №2(022)-1256/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1256/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1256/2024 24.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 20 avqust 2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sesiyasının keçirilməsilə bağlı ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 02 sentyabr 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 20 avqust 2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sesiyasının keçirilməsilə bağlı ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, o və Cavabdeh 2021-ci ildə el adəti üzrə toy edib, cavabdehlə nikaha daxil olmuşdur və onlar nikahlarını qeydiyyat orqanında qeydə aldırmışlar. Toydan sonra onlar Yardımlı rayonu, Əngövül kəndində cavabdehin valideynlərinə məxsus evdə birlikdə yaşamağa başlamışlar. Cavabdehlə onun birgə nikahından Sənan adlı 1 uşağı doğulmuşdur. Onların münasibətləri ilk vaxtlar normal olsa da, sonradan pisləşmiş və o, təxminən 6 ay bundan əvvəl yaşadıqları evi tərk edib, Biləsuvar rayonu, Səmədabad kəndinə, valideynlərinə məxsus evə qayıtmışdır. O, oğlunun və özünün dolanışğını təmin etmək üçün əvvəl “Bol Market”də satıcı kimi işləmişdir. Hazırda o, qeyri-rəsmi şəkildə mebel mağazasında kompüter operatoru kimi çalışır. Cavabdeh onlar faktiki ayrıldığı vaxtda ona və uşağına 1 dəfə maddi yardım etsə də, həmin vaxtdan sonra nə onunla, nə də uşağı ilə maraqlanmamışdır. Həmçinin onunla birgə yaşadığı dövrdə Cavabdeh həftəaşırı Bakı şəhərində yerləşən daş karxanasında işləməyə getmiş və hər gəlişində 200-300 manat, bir ay ərzində isə təxminən 500-600 manat qzanc əldə etmişdir. Hazırda o, az miqdarda məvacibi və valideynlərinin ona etdiyi maddi yardımlar vasitəsilə özünün və azyaşlı oğlunun dolanışığını təmin edir. Buna görə də o, cavabdehlə birgə nikahından olan uşağın saxlanması üçün cavabdehdən aliment tutulması barədə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. O hesab edir ki, cavabdehin birgə nikahlarından doğulmuş uşağının saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment ödəməyə imkanı var. Sonda, İddiaçı iddiasının təmin edilərək, cavabdehdən onun xeyrində uşağının saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qisməm qəbul edərək göstərdi ki, o, İddiaçı ilə el adəti ilə evlənmişdir və həmin nikahdan onların 1 uşağı vardır. Onlar ailə həyatı qurduqdan sonra Yardımlı rayonu, Əngövül kəndində onun valideynlərinə məxsus evdə birlikdə yaşamışlar. Onlar arasındakı münasibətlər əvvəl mehriban olsa da, sonradan pisləşmişdir. İddiaçı 2024-cü ilin may ayında anasının xəstə oması bəhanəsi ilə Biləsuvar rayonuna getmiş və bir daha geri qayıtmamışdır. İddiaçı yaşadıqları evi tərk etməsinin əsil səbəbini ona demədən Biləsuvar rayonuna getmişdir. Həmçinin İddiaçı ondan icazəsiz azyaşlı uşağını Bakı şəhərinə aparmış və orada yaşamağa başalmışdır. Lakin o, bu barədə öyrəndikdən sonra İddiaçı təkrarən Biləsuvar rayonuna geri qaytarmışdır. O, arvadı ilə hazırda barışmağa cəhd etsə də, iddiaçı onunla barışmaq istəmir. Onun özünəməxsus evi yoxdur və valideynləri ilə birlikdə yaşayır. Həmçinin o, rəsmi şəkildə heç bir yerdə işləmir və fəhləliklə məşğul olur. Buna görə də onun iddiaçıya hər ay 250 manat məbləğində aliment ödəməyə maddi vəziyyəti imkan vermir. O, iddiaçıya hər ay yalnız 100 manat miqdarında aliment ödəyə bilər. Sonda, Cavabdeh iddianın qismən təmin edilməsini və ondan iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 736495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 avqust 2022-ci il tarixdə Biləsuvarı rayonunda doğulmuşdur. Həmin şəhadətnamədə S.E.Əsədzadənin atası qismində Cavabdeh, anası qismində İddiaçı göstərilmişdir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Biləsuvar rayonu, Səmədabad kəndində yaşayır və onun X4 adlı ailə üzvü var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gİlkinri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 26 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 160 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,46 misli miqdarında, sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 02 sentyabr 2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaysan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya prosesindən keçmək üçün mediasiya qurumuna ödənilmiş vəsaitin əvəzi qismində 60 manat cavabdehdən iddiaçının xeyrinə, həmçinin iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia isə qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə münasib olaraq 39 manat 20 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 20 avqust 2022-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 (bir yüz altmış), yəni minimum aylıq əmək haqqı məbləğinin 0,46 (sıfır tam yüzdə qırx altı) misli miqdarında sabit pul məbləğində aliment tutulsun. X1 üçün alimentin tutulması 02 sentyabr 2024-cü il tarixdən həmin uşaq yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh ilkin mediasiya prosesindən keçmək üçün mediasiya qurumuna ödənilmiş vəsaitin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar