Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1271/2025 03.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı bildirir ki, Cavabdeh ilə ailə həyatı qurmuş, lakin, nikahları rəsmiləşdirilməmişdir. Birgə yaşadıqları dövrdə 26 oktyabr 2015-ci il tarixdə X4, 23 oktyabr 2020-ci il tarixdə X8 adlı uşaqarları doğulmuşdur. Cavabdeh ilə ailə həyatı qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonralar o, heç bir əsaslı səbəb olmadan evdə dava salmış, iddiaçını döymüş və münasibətləri pozulmuşdur. Münasibətlərinin pozulmasına səbəb Cavabdeh “Topaz” oyunlarında oynayaraq uduzması, evə yemək, çörək almaması, hətta dəfələrlə uşaqların ac-susuz yatması olmuşdur. Son dəfə yəni, 29 sentyabr 2024-cü il tarixdə yaşadıqları evdə narazılıq baş verdiyinə görə Cavabdeh ayrılaraq iki az yaşlı uşaqları ilə ata-anasına məxsus Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən evə gəlmiş və həmin tarixdən indiyə qədər ataanasına məxsuz evdə yaşayır. Bundan sonra onların bir ailə kimi yaşamaqları mümkün deyildir. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir maddi yardım etmir. Uşaqlarını çətinliklə dolandırır və onların təlim-tərbiyyəsi ilə məşğul olur. Uşaqların yaşaması üçün ata-anasının köməkliyi ilə çətinliklədə olsa uşaqlarını saxlaya bilir. Cavabdeh taksi xidməti ilə məşğul olur, onun qazancı və gəlirləri, gün ərzində 30-40 manat olmaqla ayda təxminən 1000 (min) manatdan yuxarı təşkil edir. İddiaçının tələbi: Cavabdeh 26 oktyabr 2015-ci il təvəllüdlü X4 və 23 oktyabr 2020-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün hər ay hər bir uşağa görə 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prosesinə dair ödədiyi 60 (altımış) manat tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini və iddia ərizəsində qeyd etdikləri halları təsdiq edərək, Cavabdeh 26 oktyabr 2015-ci il təvəllüdlü X4 və 23 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin və mediasiya təşkilatına ödənilmiş 60 (altımış) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat məbləğində aliment ödəməyə razı olduğunu, lakin irəli sürülən tələb üzrə məbləğin yüksək olması səbəbindən, həmin öhdəliyi tam icra edə bilməyəcəyini bildirərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 05/Q-598/69 nömrəli, 23 iyun 2025-ci il tarixli arayışın surətindən görünür ki, 26 oktyabr 2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. 05/Q-596/69 nömrəli, 23 iyun 2025-ci il tarixli arayışın surətindən görünür ki, 23 oktyabr 2015-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Biləsuvar 1 saylı Mediasiya Təşkilatının MŞÇ/MT020/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, aliment tələbinə dair mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmiş, lakin mediasiya prosesini davam etdirməyə tərəflərdən Cavabdeh razılıq verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı məbləğində. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalaRəna müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, aliment tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 76.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmadan ailə qurmuş, birgə ailə münasibətlərindən doğulmuş 26 oktyabr 2015-ci il təvəllüdlü X4 və 23 oktyabr 2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır qaşU“) hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənlərə əsasən, məhkəmə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 26 oktyabr 2015-ci il təvəllüdlü X4 və 23 oktyabr 2020-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 180 (yüz səksən) manat məbləğində alimentin tutularaq iddiaçı İddiaçı ödənilməsini uşaqların və tərəflərin maraqlarına nəzərən məqsədəmüvafiq hesab edir. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, 10 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 26 oktyabr 2015-ci il təvəllüdlü X4 və 23 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 10 iyul 2025-ci il tarixdən hesablanmalı və qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 10 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 26 oktyabr 2015-ci il təvəllüdlü X4 və 23 oktyabr 2020-ci il təvəllüdlü X2 üçün, Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli 10 iyul 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1271/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1271/2025
03.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver