Məhkəmə qərarları › İş №2(022)-1312/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1312/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1312/2025 17.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı «sığorta müqaviləsinə əlavə və dəyişiklərin edilməsi barədə» əlavə və dəyişikliyin tanınması və təsdiq edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci tərəf İddiaçı ilə ikinci tərəf Aqrar Sığorta Fondu arasında bağlanmış 03 iyul 2025-ci il tarixli, MŞC/MT020/2024-01360 saylı "Barışıq Sazişi" sənədində təsbit olunan müqaviləyə edilməsi nəzərdə tutulan sığorta şəhadətnaməsində 63.22 sentner/hektar məhsuldarlıq miqdarına və hər kiloqram üçün 0.80 qəpik qiymətinə münasibətdə hesablanması barədə "sığorta müqaviləsinə əlavə və dəyişiklər edilməsi barədə" əlavə və dəyişikliyin tanınması və təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizəsi əsasında mülki işə baxılmışdır. Azərbaycan Respublikasının "Aqrar Sığorta Fondu"na qarşı Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında "Sığorta müqaviləsinə əlavələr və dəyişiklər edilməsi barədə" mülki işə baxılması üçün müraciət etmişdir. AR Aqrar Sığorta Fonduna sığorta müqaviləsinə aşağıdakı əlavə və dəyişiklər edilməsini müzakirə üçün təqdim etmişdir. Tərəflər aşağıdakı nəticələrlə razılaşırlar; 1.1. Tərəflərin razılaşırlar ki, sığorta müqaviləsinə əlavə və dəyişiklər edilməsi, həmin əlavə və dəyişiklərin mətni mediasiyaya çıxarılmaqla hər iki tərəfin iştirakı ilə müzakirə edilir. 1.2. Birinci tərəfin müzakirəyə və razılaşmaya çıxarılan məsələnin mahiyyəti ikinci tərəflə müzakirə edilərək aydınlaşdırılır, həmin məsələnin mediasiya sessiyasında müzakirə edilməsinə tərəflər etiraz etmir. 1.3. Tərəflər sığorta müqaviləsinə əlavə və dəyişiklər edilməsi, həmçinin ona xitam verilməsi qaydalarına əsaslanmaqla sığorta ödənişinin verilməsi ilə bağlı, sığortalı qarşısında öhdəliklərin tam yerinə-yetirilməməsi faktını önə çəkərək sığortalı qarşısında öhdəliklərini tam yerinə-yetirənə qədər sığorta müqaviləsi müddətinin tərəflər arasında öhdəliklərin tam yerinə-yetirilməsinə qədər müqavilə müddətinin uzadılması ilə bağlı konsensus əldə edirlər. 1.4. Tərəflər 17 yanvar 2024-cü il tarixində sığorta müqaviləsi imzalayıblar. Həmin sığorta müqaviləsi üzrə “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il 431 nömrəli Qərarının tələblərinə uyğun olaraq, müstəqil ekspert rəyi və toxumun alqı-satqı sənədləri üzrə təsdiqlənən 6 cərgəli 1-ci reproduksiyalı “Finalo” arpa sortunun, məhsuldarlığın 63.22 sentner, 1 ton toxumluq arpanın satış qiymətinin 800 manat həcmində müqavilə şərtlərində nəzərə alınmasını, sığorta məbləğinin və sığorta ödənişinin bu göstəricilər üzrə hesablanmasını məqsədə müvafiq hesab edilməsi, təyinatı üzrə sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsini, problemin həllində konsensus əldə edilməsinə baxmayaraq, “Aqrar Sığorta Fondu” mediasiya sessiyasında müqaviləyə əlavə və dəyişiklərin, ediləcək mətni razılaşdırılsa da, məsələnin tam məhkəmə müstəvisində məhkəmə aktı (qərardad,qətnamə) çıxarmaqla həllinə üstünlük verir. İşin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə İddiaçı fərdi sahibkar olmaqla (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdadır. İş üzrə cavabdeh Aqrar Sığorta Fondu isə hüquqi şəxs olmaqla (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci madldəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, İddiaçı fərdi sahibkar olmaqla fəaliyyət göstərir. Mübahisə onun Aqrar Sığorta Fondu arasında bağlanmış 03 iyul 2025-ci il tarixli, MŞC/MT020/2024-01360 saylı "Barışıq Sazişi" sənədində təsbit olunan müqaviləyə edilməsi nəzərdə tutulan sığorta şəhadətnaməsində 63.22 sentner/hektar məhsuldarlıq miqdarına və hər kiloqram üçün 0.80 qəpik qiymətinə münasibətdə hesablanması barədə "sığorta müqaviləsinə əlavə və dəyişiklər edilməsi barədə" əlavə və dəyişikliyin tanınması və təsdiq edilməsi ilə əlaqədar yaranmışıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta müqaviləsinə əlavə və dəyişiklərin edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı «sığorta müqaviləsinə əlavə və dəyişiklərin edilməsi barədə» əlavə və dəyişikliyin tanınması və təsdiq edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar