Məhkəmə qərarları › İş №2(022)-1573/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1573/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1573/2025 30.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 18 mart 2025-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 240 manat sabit pul məbləğində, yəni minimum əmək haqqının 0,6 misli miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 01 sentyabr 2025-ci il tarixdə Kişiyeva X6 Rahim Calal oğluna qarşı 18 mart 2025-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 240 manat sabit pul məbləğində, yəni minimum əmək haqqının 0,6 misli miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, o və Cavabdeh 2024-cü ilin may ayında el adəti üzrə toy edib, evlənsələr də, faktiki nikahlarını rəsmiləşdirməmişlər. Həmin faktiki nikahdan onların 18 mart 2025-ci il tarixdə 1 uşağı doğulmuşdur. Həmin uşağın atalığı cavabdehin ərizəsi əsasında müəyyən edilmişdir. Çünki, onunla Cavabdeh arasında ər-arvad münasibətləri 2024-cü ilin noyabr ayından kəsilmişdir və həmin vaxtdan onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Onların birgə faktiki nikahından doğulmuş uşağı onunla birlikdə yaşayır. O, hazırda heç bir yerdə işləmir və valideynlərinin maddi dəstəyi ilə həm özünün, həm də uşağının dolanışığını təmin edir. Cavabdeh rəsmi iş yeri olmasa da, qeyri-rəsmi şəkildə mağazada satıcı işləməklə əmək haqqı alır. Lakin cavabdeh ona faktiki nikahlarından olan uşağının saxlanması üçün halhazıradək hər hansı köməklik göstərməmişdir. Cavabdehin ağır xəstəlikdən əziyyət çəkdiyi, hazırda ürəyinə kardiostimulyator yerləşdiyi ona məlumdur. Həmçinin onlar dayıoğlu-bibiqızı formasında qohumdurlar. O, iddia ərizəsində tələb etdiyi alimentin məbləğini 240 manat göstərsə də, hesab edir ki, onunla Cavabdeh faktiki nikahından doğulmuş uşağını saxlanması üçün hər ay cəmi 150 manat sabit pul məbləğində aliment tutulması onun və uşağının, həmçinin cavabdehin marağına uyğundur. Buna görə də o, hazırda cavabdehdən onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmalısını xahiş edir. Sonda, İddiaçı iddianın müvafiq hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, o və İddiaçı el adəti üzrə toy edib, evlənsələr də, faktiki nikahlarını rəsmiləşdirməmişlər. Həmin nikahdan onların 1 uşağı anadan olmuşdur. Həmin uşağın atalığı onun ərizəsi əsasında, müəyyən edilmişdir. Onlar artıq ayrılmışlar və faktiki nikahlarından doğulmuş uşaqları anası İddiaçı yanında qalır. O, ailəsinin dağılmasını istəməsə də, iddiaçının valideynlərinin müdaxiləsi və təzyiqi nəticəsinddə onların ailə münasibətləri pozulmuşdur. O, iddiaçı ilə faktiki nikahlarından doğulmuş uşağının saxlanması üçün hər ay aliment ödəməyə razı olsa da, onun maddi imkanı aşağıdır. O, hazırda ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir və bir neçə aydır ki, ürəyinin fəaliyyətini təmin etmək üçün onun ürəyinə kardiostimulyator qoyulmuşdur. Həmçinin ona əvvəllər İİ dərəcəli əlillik təyin edilmiş olsa da, son xəstəliyindən sonra o, müvafiq sənədlər toplayıb, ona İ dərəcəli əlillik təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Xəstəliyi ilə əlaqədar olaraq o, hazırda heç bir yerdə işləmir, valideynlərinin yardımı ilə dolanışığını təmin edir. Buna görə də onun iddiaçıya hər ay 150 manat məbləğində aliment ödəməyə maddi vəziyyəti imkan vermir. Sonda, Cavabdeh iddianın qismən təmin edilməsini və ondan iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 472723 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 18 mart 2025-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İşdə olan AZ-V seriyalı, 073529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 18 mart 2025-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Həmin uşağın atası qismində Cavabdeh, anası qismində İddiaçı göstərilmişdir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çinarlı və Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli, 5- 39-7/2-32/202525 nömrəli arayışdan görünür ki, Kişiyeva X4 rayonu, Aranlı kəndində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gİlkinri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına görə isə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərəflərin maddi vəziyyətini, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, cavabdeh ilə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş uşağın yaşını və iddiaçının hazırda heç bir yerdə işləməməsini, 2025-ci ildə bir uşağın minimum yaşayış xərclərinin 246 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, 150 manat, iddianın qaldırıldığı vaxtda - 2025-ci ildə ölkə üzrə qüvvədə olan minimum aylıq əmək haqqı məbləğinin 0,38 misli miqdarında, sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2-ci maddəsinə görə alimentin alınmasına dair qətnamələr dərhal icra edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 01 sentyabr 2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaysan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia isə qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə münasib olaraq 38 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 18 mart 2025-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci ildə ölkə üzrə qüvvədə olan minimum aylıq əmək haqqı məbləğinin 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli miqdarında sabit pul məbləğində aliment tutulsun. X1 üçün alimentin tutulması 01 sentyabr 2025-ci il tarixdən həmin uşaq yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar