Məhkəmə qərarları › İş №2(022)-2091/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-2091/2025

03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-2091/2025 03.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 13 iyul 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki olaraq evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə, yəni 13 iyul 2023-cü il tarixdə Rüqəyya adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Cavabdehlə ayrıldıqdan sonra azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Belə ki, cavabdeh könüllü olaraq qeydiyyat orqanına atalığın müəyyən edilməsi ilə əlaqədar ərizə vermiş və uşağının atalıq faktı müəyyən edilmişdir. Ayrıldıqları vaxtdan da cavabdeh uşaqlarının saxlanılması üçün heç bir maddi yardım etmir, onlarla maraqlanmır. O, özü isə uşağı azyaşlı olduğu üçün heç bir yerdə işləyə bilmir. Uşağın maddi ehtiyaclarını ödəməyə çətinlik çəkir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını diləyərək, işin faktiki hallarını iş materialları üzrə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 oktyabr 2025-ci il tarixli № 05/Q-1195/69 saylı doğum haqqında arayışdan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat Şöbəsinin 13 oktyabr 2025-ci il tarixli № 05/Q-1196/69 saylı arayışından görünür ki, X2 barəsində xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən 429 №-li atalığı müəyyən etmək haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/MT057/2025-00185 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasında iştirak emiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar