Məhkəmə qərarları › İş №2(022)-213/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-213/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-213/2024 29.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 250 manat alimentin və mediyasiya təşkilatına ödənilmiş 55 manat rusumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmədə izahatında göstərmişdir ki, iddiaçı 2018-ci ildə Biləsuvar rayon Bəydili kənd sakini Cavabdeh ilə ailə həyatı qurmuşdur. Hal-hazırkı tarixə kimi rəsmi nikahla yaşamışlar. Onların birgə nikahından xx.xx.2020-ci iİdə X7 anadan olmuş və hal- hazırda onunla birlikdə yaşayır. İddiaçı Cavabdeh ilə ailə həyatı qurduqdan sonra onun həyatı çox mürrəkkəb keçmişdir. Belə ki, Cavabdeh birgə yaşadıqları müddət ərzində heç bir səbəb olmadan dava-dalaş salır, onların hər günü dava-dalaş içərisində keçirdi. Cavabdeh İddiaçı bir ailə kimi saymamış, onu bir ailə kimi qəbul etməmişdir. Hətta 2023-ci ildə Amid onu yaşadığı evdən uşağı ilə bərabər çıxartmışdır. Hal-hazırdada uşağı ilə bərabər iddiaçı Biləsuvar rayon Aşağı Cürəli kəndində onun evində yaşayır. Hazırda bir uşağı ilə birlikdə Biləsuvar rayon Aşağı Cürəli kəndində yaşayır. İddiaçı cavabdehə aralarında olan aliment tələbi üzrə mübahisəni məhkəmədən kənar, mediyasiya yolu ilə həll edilməsinə dair təklif verərək mediyasiya prosesini başlatsa da mediyasiya prosesi mübahisənin həlli ilə bağlı bir nəticə əldə edilməmişdir.İddiaçı hazırda valideyninin verdiyi vəsait hesabına uşağını saxlayır. Bu müddət ərzində Cavabdeh uşağının necə yaşaması ilə maraqlanmamışdır. Sonda iddiaçının nümayəndəsi xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 250 manat alimentin və mediyasiya təşkilatına ödənilmiş 55 manat rusumun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İV № 540389 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ № 405943 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vətəndaş İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nın Aşağı-Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-16/2-806/2023 saylı arayışından görünür ki, Hüseynova X6 rayonu Aşağı-Cürəli kəndində yaşayır. İş materiallarında olan AZ-İİ № 414369 saylı X2 görünür ki, Cavabdeh ilə İddiaçı 18 fevral 2021-cı il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 nömrə ilə nikahlarını qeyd etdirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞL/MTO14/2023-02212 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən mediasiya üçün xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. İddiaçı tərəfindən Mediasiya üçün xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar