Məhkəmə qərarları › İş №2(022)-286/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-286/2023

17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-286/2023 17.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat olmaqla, iki uşağa görə hər ay 440 manat alimentin, həmçinin mediasiya xərcinə görə ödədiyi 55 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödədiyi 100 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X7 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-756/2021 saylı qətnaməsinə əsasən cavabdehlə iddiaçı arasında olan nikah qeydi pozulmuş və uşaqların ananın yanında saxlanılması müəyyən edilmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı aliment tələb etməmişdir.Çünki, aralarında olan qeyri-rəsmi razılığa əsasən Tural uşaqlarına könüllü qaydada aliment verməli idi.Lakin, artıq iki il keçməsinə baxmayaraq Tural alimenti vermir.Bu səbəbdən də iddiaçı aliment tələbi barədə iddia qaldırmağa məcbur olmuşdur. Sonda İddiaçı nümayəndəsi vəkil X7 xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat olmaqla, iki uşağa görə hər ay 440 manat alimentin, həmçinin mediasiya xərcinə görə ödədiyi 55 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödədiyi 100 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 517934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ № 894232 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 4624 saylı arayışından görünür ki, Məlikzadə X5 şəhəri, Puşkin küçəsi 36A saylı evdə yaşayır. İş materiallarında olan AZ-İ № 418285 saylı X9 şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞL-01557 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. X8 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 3 dekabr 2021-ci il tarixli 404-VİQ nömrəli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər bir uşağa görə 130 manat olmaqla, cəmi iki uşağa görə 260 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən mediasiya üçün xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 45 manat və hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş pulun bir hissəsinin əvəzi qismində 80 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi iki uşağa görə ayda 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. İddiaçı tərəfindən Mediasiya üçün xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat və hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar