Məhkəmə qərarları › İş №2(022)-310/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-310/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-310/2024 19.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 26 oktyabr 2011-cı il tarixdə doğulmuş Yağmur, 01 yanvar 2020-ci tarixdə doğulmuş Sevinc adlı uşaqlarının saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa 220 manat, ayda cəmi 440 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh Fayaz oğlu ilə 2010-cu ildə faktiki nikaha daxil olmuşlar. Nikahlarını rəsmi olaraq 01 mart 2012-ci il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından 26 oktyabr 2011-cı il tarixdə Yağmur, 19 yanvar 2020-ci tarixdə isə Sevinc adlı uşaqları doğulmuşdur. Uşaqlar onun himayəsindədir.İlk illər mehriban yaşasalar da sonradan cavabdehlə münasibətləri pozulmuşdur. Uzun müddətdir ki, cavabdeh onunla bütün əlaqələrini pozmuş, nə ona, nə də uşaqlarına maddi yardım göstərmir. Çətin maddi durumdadır.Cavabdeh müxtəlif işlərdə işləməklə qazancı normaldır. Odur ki, Cavabdeh 26 oktyabr 2011-cı il tarixdə doğulmuş Yağmur, 01 yanvar 2020-ci tarixdə doğulmuş Sevinc adlı uşaqlarının saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa 220 manat, cəmi ayda 440 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-T № 016637 saylı X1 surətindən görünür ki, Cavabdeh Fayaz oğlu ilə İddiaçı nikahları 01 mart 2012-ci il tarixdə Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İV № 404712 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞL/MTO14/2023-02960 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 manat olmaqla, ayda cəmi 260 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar