Məhkəmə qərarları › İş №2(022)-353/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-353/2025

08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-353/2025 08.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə, hər ay üçün sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2010-cu ildə ailə qurmuş, xx.xx.2014-cü il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X8 adlı övladları doğulmuşdur. Artıq bir müddətdir ki, cavabdehin ailəyə və övladlarına münasibəti dəyişmişdir. Dörd-beş il əvvəl münasibətinin dəyişməsi səbəbindən o, boşanmaq qərarına gəlmiş, ona görə də nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Həmin vaxt barışmaları səbəbindən iddia tələbi baxılmamış saxlanılmışdır. Barışıqdan sonra da cavabdehin ailəyə münasibəti dəyişməmişdir. Cavabdeh ailəsinin və uşaqlarının maddi təminatı ilə maraqlanmır. Buna görə də o, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında xx.xx.2024- cü il tarixli Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Cavabdeh fərdi əməklə məşğul olmaqla yaxşı qazancı əldə edir və onun yüksək məbləğdə aliment ödəmək imkanı vardır.O, cavabdehlə aralarında olan aliment tələbi üzrə mübahisənin məhkəmədən kənar, mediasiya yolu ilə həll edilməsinə dair təklif verərək mediasiya prosesini başlatsa da, mediasiya prosesində mübahisənin həlli ilə bağlı bir nəticə əldə edilməmişdir. Odur ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 adlı övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə, hər ay üçün sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi vəkil X9 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək, cavabdehin heç bir yerdə işləmədiyini və hazırda aztəminatlı ailə olduğundan alimentin iddiaçının tələb etdiyi məbləğdə ödənilməsinin mümkün olmadığını, ona görə də alimentin aşağı həddə müəyyən edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı № 991604 saylı X1 surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 01 oktyabr 2014-cü il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən 251 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV seriyalı № 110661 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı № 401270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞL/MT014/2024-01842 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar RİHB-nin Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 539-2/2-79/2025 saylı arayışından görünür ki, Qurbanov X6 rayonu Amankənd kəndində atası X4 məxsus evdə yaşayır, təsərrüfatında mal-qarası yoxdur, heç bir yerdə işləmir və aztəminatlı ailədir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında xx.xx.2024- cü il tarixli Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqı nəzərə alınmaqla hər ay 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, iddiaçı ilə yanaşı, cavabdehin də uşağı saxlamaq vəzifəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar