Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-356/2025 09.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Biləsuvar Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı 2024-cü il tarixdən başlayaraq X4 18 yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xeyrinə hər ay 170 manat aliment tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qətnamə üzrə müəyyən olunmuş 170 manat aliment məbləğini hal-hazırda ödəyə bilmir, buna səbəb işsiz olmağı, ailəli olması, himayəsində iki azyaşlı övladının olması, ailəsində xərçəng xəstəliyindən əziyyət çəkən arvadının olması, özünün xəstə olmasıdır. Bundan əlavə heç bir pensiya, əmək haqqı almır, adına hər hansı bir əmlak və ya torpaq sahəsi yoxdur. İddiaçının tələbi: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-328/2024 saylı, 02 may 2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 170 manat aliment məbləğinin aladılaraq 120 manat aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı 05 fevral 2025-ci il tarixdə etiraz daxil olmuşdur. Cavabdeh etirazında göstərmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, heç bir yerdə işləmir, amma yenidən ailə qurmuş və həmin nikahdan iki uşağı vardır, həmçinin nikahda olduğu arvadı xərçəng xəstəsidir, eləcə də özünün əlində göbələk xəstəliyi var. Əgər iddiaçı heç yerdə işləmirdisə, qazancı yoxdursa hansı maddi imkana arxalanaraq yenidən ailə qurmuş, iki uşaq atası olmuşdur. Cavabdeh əlavə olaraq iddiaçı heyvandarlıqla məşğul olduğunu qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini və iddia ərizəsində qeyd etdikləri halları təsdiq edərək Biləsuvar Rayon Məhkəməsinin 2(022)-328/2024 saylı, 02 may 2024-cü il tarixli qətnaməsinə əsasən kəsilmiş 170 manat aliment məbləğinin aladılaraq 120 manat aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini və rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ- İV seriyalı 642631 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 23 sentyabr 2021-ci il təvəllüdlü X6 atası İddiaçı, anası X2r. AZ- İV seriyalı 898170 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 18 oktyabr 2023-cü il təvəllüdlü X5 atası İddiaçı, anası X2r. Lənkəran 1 saylı Mediasiya Təşkilatının MŞL/MT014/2024-01162 nömrəli 26 avqust 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən alimentin azaldılması tələbinə dair mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Biləsuvar Rayon Notariat Kontoru tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli etibarnamədən görünür ki, etibar edən şəxs İddiaçı, etibar edilən şəxs isə onun atası Nümayəndəğa İltifat oğludur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının: 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimentin sabit pul məbləğində tutulması tələbi tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, alimentin azaldılması tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı 2024-cü il tarixdən başlayaraq X3 18 yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xeyrinə hər ay 170 manat aliment tutulması qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını ikinci dəfə ailə qurmaqla, himayəsində daha iki uşağın olması, özünün və arvadının xəstə olması, birinci nikahından olan uşağa 170 manat aliment ödəməsinin maddi cəhətdən mümkün olmaması ilə əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşağının olması, həmin uşağın ananın yanında qalması, uşaqğın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıdan uşağına görə tutulan alimentin məbləği (170 manat) hal-hazırda Azərbaycan Respublikasında 2025-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumundan (246 manat) xeyli aşağıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ikinci dəfə ailə həyatı qurması və daha iki övladının olması, iddiaçının və arvadının sağlamlıq vəziyyəti X1 üçün müəyyən edilmiş alimentin azaldılması üçün yeganə əsas ola bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi həddində - bir uşağa görə 120 manat məbləğində alimentin müəyyən edilməsi uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Qanunvericiliyin tələbləri baxımından, alimentin miqdarı yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişikliklər olduğu halda dəyişdirilə, yəni artırıla və ya azaldıla bilər. Məhkəmə hesab edir ki, hazırda alimentin azaldılmasına əsas ola bilən halların baş verməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsi çıxarılarkən də, iddiaçı artıq digər nikahda olmuş və bu nikahdan iki uşağı doğulmuş, eyni zamanda iddiaçı və onun arvadının sağlamlıq vəziyyətində dəyişiklik olmamışdır. Bütün bunlar məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində ciddi dəyişikliklərin olması ilə bağlı iddiaçının dəlillərinin əsassız olmasını təsdiq edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi" barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-356/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-356/2025
09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver