Məhkəmə qərarları › İş №2(022)-565/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-565/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-565/2023 18.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X9 Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Biləsuvar rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarışın etibasız hesab edilməsi və torpağa mülkiyyət hüququnun bərpası tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Biləsuvar rayon Notariat ofisinə və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin və həmin saxta sənədlər əsasında cavabdeh X3 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi və JN509 (koo ********) saylı Torpağa Mülkiyət hüquqna dair Dövlət Aktı əsasında 2.28 hektar əkin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 23 fevral tarixli 16 nömrəli qərarı ilə ona və ailə üzvləri X2, X13 və X10 2,28 hektar ölçüdə kənd təsərüfatı məhsulların istehsalı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətilərinə verilmişdir. Bu haqda onlara JN 509 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. O, İ qrup gözdən əlildir. Hər iki gözü görmür. l996-cı ildən «İddiaçıA» yazılmış möhürdən şəxsi imzası kimi istifadə edir. Cavabdeh1 onun yeznəsidir. Qeyd etdiyi kimi o, İ qrup gözdən əlil olduğundan və övladları həmin illərdə məktəbli olduqlarından həmin torpaq sahəsindən istifadə etməyi yaxın qohum kimi Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin torpaq sahəni əkib becərmişdir. Daha sonra 1998-ci ildə onlar Bakı şəhərində ev alaraq köçmüş, cavabdeh isə həmin torpaq sahəsini əkib becərməkdə davam etmişdir. Lakin torpaqdan istifadəyə görə ona heç bir şey verməmiş və o da Cavabdeh1 heç bir əvəz tələb etməmişdir. Ona görə ki, bu haqqda söhbət olanda cavabdeh torpağın becərilməsində su problemi olduğunu, su olmadığı üçün torpaqdan gəlir götürə bilmədiyini, ziyana məruz qaldığını bildirmişdir. Qeyd etdiyi kimi torpaq sahəsindən Cavabdeh1 istifadə etdiyindən dövlət tərəfindən verilən subsidiyaların alınması üçün torpağın qeydiyyatla bağlı Dövlət Aktını, şəxsiyyət vəsiqələrinin surətlərini Cavabdeh1 vermişdir. Ona 2022-ci ilin yanvar ayının 18-də məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsini öz adına keçirmişdir.Belə ki, dövlət tərəfindən ona ev verildiyi üçün onun əmlakları barədə bütün sənədləri ondan tələb edərkən onun adına torpaq sahəsinin olmamasını bildirmişlər. Bu barədə məlumat aldıqdan sonra o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etdikdə ona həmin torpaq sahəsini Cavabdeh1 notarial qaydada 2007-ci ildə satmasını, həmin torpaq sahəsinə dair Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən çıxarış verildiyini bildirmişlər .O, torpaq sahəsini Cavabdeh1 satmadığını bildirsə də ona notarial qaydada torpaq sahəsinin alqısatqısı müqaviləsinin bağlandığını və onun tərəfindən həmin müqavilənin imzalandığı bildirilmişlər. O, mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən saxta sənədlər əsasında öz adına keçirilməsi haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsi baxılması üçün Biləsuvar rayon Polis Şöbəsinə göndərilmiş, ərizəsi Biləsuvar RPŞ-in İstintaq bölməsinin müstəntiqi polis mayoru Nahid Hüseynov tərəfindən araşdırılmış və 22 fevral 2023-cü il tarixli «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Biləsuvar rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis mayoru Nahid Hüseynov tərəfindən araşdırma zamanı məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və AR-sı MEM-in 4/1921-5/1673 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi alınmışdır. Həmin rəydə xx.xx.2007-ci il tarixli "Torpaq alqı-satqı müqaviləsi"nin "imza"qrafasında olan imzaların başqa şəxslər tərəfindən icra olunduğu, yəni həmin imzaların onlara məxsus olmadığı göstərilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış materiallarla müəyyən edilmişdir ki, İddiaçı müraciətində göstərdiyi xüsusatlar, yəni ona məxsus olan torpaq sahəsinin yeznəsi Cavabdeh1 tərəfindən saxta sənədlər əsasında öz adına keçirməsi və onun əvəzinə imzalanması faktı araşdırma zamanı öz təsdiqini tapsa da, tərəflər arasında yaranan mübahisə mülki xarakterlidir, göstərilən tələblə bağlı mülki qaydada iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət oluna bilər. O, gözdən əlil olduğundan ona qəyyum təyin edilmiş və o, imzanı möhürlə icra edir və eyni zamanda qəyyumu arvadı X1 imzası ilə təsdiq edilir. Torpaq alqısatqı müqaviləsində onun möhürlü imzası və eləcə də onun möhürünü təsdiq edən qəyyumu X1 imzası yoxdur. Odur ki, xx.xx.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və həmin saxta sənədlər əsasında cavabdeh X4 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh1 və Biləsuvar rayon Dövlət notariusu saxta sənədlər tərtib etməklə xüsusi mülkiyyətində olan 2,28 hektar əkin torpaq sahəsini özgəninkiləşdirməklə həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarını qanunsuz olaraq ələ keçirmişlər. Sonda iddiaçı Əsədov X6 rayonu Dövlət Notariat ofisində xx.xx.2007-ci il tarixli 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi və JN 509 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2.28 ha əkin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi vəkil X14 da iddiaçı ilə eyni məzmunda ifadə verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Biləsuvar rayon Notariat Ofisi və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Bunəqədi qəsəbəsi, Şirvan küçəsi ev 27-də qeydiyyatdadır. İş materiallarında olan 25 iyul 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 2.28 ha torpaq sahəsini 1000 manata satmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-509 KOD 80807018 saylı Dövlət Aktından görünür ki, X7 və ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1997-ci il tarixli 16 nömrəli qərarı ilə 2.28 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 adına Biləsuvar rayonu Əmənkənd kəndində 2.2798 ha (**********34 daşınmaz əmlakın reyestr nömrəli, qeydiyyat nömrəsi **********) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. İş materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi X5 22 aprel 2023cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı onun qaynıdır. 2005-ci ildə qaynı İddiaçı və onun arvadı Zümrüd Zülfüqarova iş yeri olan Biləsuvar rayonu Rabitə Qovşağına gəlmişlər, İddiaçı bildirmişdir ki, 2,28 ha pay torpaq sahəsini satmaq istəyir. Ondan həmin torpaq sahəni almasını xahiş etmiş, o həmin torpaq sahəsini əvvəllər də əkmiş, ona taxıl vermişdir. O, İddiaçı torpaq sahəsini satmasının səbəbini soruşmuş, İddiaçı bildirmişdur ki, İİR-na həkimə gedir, gözlərini müalicə edirəcəkdir. O, İddiaçı “torpaq sahəsini satma, sənə kömək edək gedib müalicəni alarsan” sözlərini demiş, İddiaçı təkidlə bildirmişdir ki, torpaq sahəsini satacaqdır. O, İddiaçı “torpaq sahəsini başqasına satma, hansı qiymətə verirsn sat mənə, mənim də həmin torpaq almaq istəməkdə məqsədim həmin torpaq sahəsinin mənim torpaq sahəmin qonşuluğunda yerləşməsi idi” sözlərini demişdir. O, İddiaçı həmin torpaq sahəsini hansı qiymətə satmasını soruşmuş, İddiaçı bildirmişdir ki, torpaq sahəsini 1200 manata satır. O, İddiaçı “ sənə 1000 manat pul verim, müalicəni al gəl, daha sonra 200 manat pulu da sənə verərəm” sözlərini demiş, İddiaçı da onunla razılaşmışdır. O, iki gün sonra İddiaçı 1000 manat pul vermiş, İddiaçı İran İslam Respublikasına gedib müalicəsini almışdır. Bir müddət sonra İddiaçı onun yanına gələrək torpaq sahəsinin pulunu ona az verməsini bildirib onunla mübahisə etmiş, o, İddiaçı torpaq sahəsinin qiymətinin neçə manat olmasını soruşmuş, İddiaçı həmin torpaq sahəsinin qiymətinin 1500 manat olduğunu ona bildirmişdir. O, həmin pulu Əlisaya verməyə bir şərtlə razılaşmışdır ki, həmin torpaq sahəsini onun adına keçirsin. İddiaçı 2007-ci ildə torpaq sahəsinin sənədləri ilə birlikdə onun yanına gəlmiş, o, İddiaçı və onun böyük oğlu Qamət Əsədov birlikdə Biləsuvar Rayon Notariat Kontoruna getmişlər. Əlisa o biri ailə üzvləri üçün Binəqədi rayonu Notariat Kontorundan sənəd alıb gətirmişdir. Qamət Əsədov həmin sənədləri notariusa təqdim etmiş, alqı-satqı müqaviləsi yazılmış, o İddiaçı 500 manat pul vermiş, bütün sənədlərə o və Qamət Əsədov həm öz əvəzinə, həm də atasının əvəzinə imza etmişdir. Daha sonra torpaq sahəsi ilə bağlı 2021-ci il tarixdə Əmlak İdarəsindən çıxarış almış, torpaq sahəsini öz adma sənədləşdirmişdir. O, İddiaçı aldatmamışdır. Araşdırma zamanı X11 izahat verərək göstərmişdir ki, o özü 1978-ci il tarixdən 2010cu il tarixədək Biləsuvar rayonu Notariat Kontorunda notarius işləmişdir. İddiaçı və Cavabdeh1 tanıyır, onlar həmkəndliləridir. 2007-ci ildə notarius işlədiyi müddətdə İddiaçı, oğlu Qamət Əsədov, arvadı Zümrüd Zülfüqarov və Cavabdeh1 torpağın alqı- satqısı üçün Notariat kontoruna gəlmişlər. Onlar torpaq alqı-satqısı üçün müqavilə bağlamaq istədiklərini bildirmişlər, o da onlara etiraz etməmişdir. İddiaçı kor olduğuna görə həmin notariat sənədlərinə oğlu Qamət Əsədov imza atmış, Cavabdeh1 isə öz əvəzində imza atmışdır. Qamət və anası Zümrüd razılıq ərizələrini Bakı şəhərində yerləşən notariat kontorunda təsdiq etdirmişlər. Əbdül Əsədov yetkinlik yaşma çatmayan olduğuna görə İcra Hakimiyyətində olan Qəyyumluq şöbəsindən də razılıq alınmışıdır. Torpağın alqı-satqı müqaviləsi bağlanmış, hər iki tərəf razılıq etdiklərini bildirmişlər, müqavilənin sürəti Cavabdeh1 verilmiş, yerdə qalan nüsxə isə arxivdə qalmışdır. Bu vaxta kimi də onlardan narazılıq eşitməmişdir. Onun tərəfimdən heç bir qeyri-qanuni notarial hərəkəti edilməmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli 4/1921-5/1673 saylı ekspert rəyindən görünür ki, əksləri ekspertizaya təqdim edilmiş İddiaçı adından olan 25 may 2007-ci il tarixli ərizənin kserosurətinin aşağı hissəsində “imza” qrafasında olan imzalar; 25 may 2007-ci il tarixli “Torpaq alqı-satqı müqaviləsi”nin kserosurətinin aşağı hissəsində “imzalar” qrafasında olan imzalar- Cavabdeh1 tərəfindən yox, X13 tərəfindən yox, X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsin əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə olunan 2.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25 may 2007-ci il tarixlı alqı-satqı müqaviləsinin bağlanması zamanı alqı-satqı obyekti olan torpaq sahəsinin mülkiyyətçilərindən İddiaçı azad iradə ifadəsi olmamış, Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi X5 22 aprel 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi barədə» qərarından da görünür ki, Cavabdeh1 izahatında 25 may 2007-ci il tarixlı alqı-satqı müqaviləsinin onun tərəfindən və torpaq sahəsinin mülkiyyətçilərindən olan iddiaçının oğlu Qamət Əsədov tərəfindən imzalandığını göstərmişdir. Alqı-satıq müqaviləsinin Cavabdeh1 və Qamət Əsədov tərəfindən izalanmasını araşdırma zamanı izahatı alınmış Biləsuvar rayonu Notariat Kontorunun notariusu X11 oğlu da təsdiq etmişdir. Lakin polisdə araşdırma zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli 4/1921-5/1673 saylı ekspert rəyində əksləri ekspertizaya təqdim edilmiş İddiaçı adından olan 25 may 2007-ci il tarixli ərizənin kserosurətinin aşağı hissəsində “imza” qrafasında olan imzalar; 25 may 2007-ci il tarixli “Torpaq alqı-satqı müqaviləsi”nin kserosurətinin aşağı hissəsində “imzalar” qrafasında olan imzaların Cavabdeh1 tərəfindən yox, X13 tərəfindən yox, X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsin əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Biləsuvar rayonu dövlət notariat ofisində xx.xx.2007-ci il tarixli 4Ə-1-127 reyestr nömrəli torpaq alqısatqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarış etibarsız hesab edilməsi və İddiaçı JN 509 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 2.28 ha əkin torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Biləsuvar rayonu Dövlət notariat ofisində bağlanmış xx.xx.2007-ci il tarixli 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarış etibarsız hesab edilsin və İddiaçı JN 509 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar