Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1031/2025 20.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mediasiya təklifi göndərdiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşağın saxlanması üçün 246 (iki yüz qırx altı) manat aliment tutulması; ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq ona verilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu ilin may ayında el adəti ilə evlənmişlər. Cavabdehlə evliliyindən xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşağı vardır. Cavabdehlə aralarında olan anlaşmazlıqları həll edə bilməmişlər. 2024-cü ilin avqust ayından faktiki ayrılmışlar. Heç bir ailə münasibəti yoxdur. Cavabdeh uşağın saxlanmasında iştirak etmir. Dəfələrlə uşağın qayğısına qalması, maddi ehtiyaclarının ödənilməsi üçün yardım etməsini xahiş etsə də heç bir maddi yardım etməmişdir. Uşağın saxlanması üçün cavabdehə xx.xx.2025-cü il tarixli Mediasiya təklifi göndərmişdir. Təklifə cavab vermədiyi üçün Mülki Prosessual Məcəllənin və Mediasiya haqqında qanunun tələblərinə uyğun olaraq Qazax 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh X7 iştirak etmədiyi üçün MŞQ/1-00164 saylı xx.xx.2025-ci il tarixli X7 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Cavabdeh də uşaqların saxlanmasında iştirak etməlidir. Uşağın xərci kifayət qədər çoxdur. Cavabdeh işləyir, həmçinin təsərrüfatı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, hazırda anası ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavadbeh Cavabdeh bildirdi ki, maddi imkanı zəifdir. Özü fəhlə işləyir və aylıq gəliri 300 manat təşkil edir.100 manat miqdarında aliment ödəyə bilər. Onun birinci evliliyindən yetkinlik yaşına çatmayan iki övladı vardır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə birgə yaşayışlarından xx.xx.2020-ci il tarixdə X4 adlı bir nəfər uşaqları anadan olmuşdur. Həmin uşağın ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı olması qeyd edilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 5.03.2020-ci il tarixdə anadan olmuş X2 atası Cavabdehdur. İş materiallarında olan qohumluq barəsində elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün 180 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Belə ki, iş materiallarından görünür ki, 07 aprel 2025-ci il tarixdə iddiaçı nikahın pozulması və aliment tələbi ilə cavabdehə mediyasiya təklifi ilə bağlı məktub ünvanlamışdır. Lakin cavabdeh buna qarşı hər hansı bir hərəkət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, aliment iddiaçının cavabdehə mediasiya prosesində təklif məktubu ilə müraciət etdiyi vaxtdan, yəni 07 aprel 2025-ci il tarixdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X7 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X7 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin yarısı olan 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması X4 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh iş üzrə mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1031/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1031/2025
20.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver