Məhkəmə qərarları › İş №2(023)-1050/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1050/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1050/2025 24.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərcin tutulması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 dekabr 2020-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin, cavabdehin əlavə xərclərə cəlb edilməklə, uşağın müalicəsi və digər əlavə xərclərinin ödənilməsi üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində əlavə xərclərin və mediasiya xidmətinə görə ödədiyi 50 (əlli) manat pulun tutulması barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 noyabr 2019-cu ildə el adəti ilə ailə quraraq evlənmişlər. Cavabdehlə nikahları qeydiyyata alınmamışdır. Birgə nikahdan 30 dekabr 2020-ci il tarixdə X4 doğulmuşdur. 19 noyabr 2024-cü il tarixdə uşağın atalığı müəyyən edilmişdir. Cavabdehlə faktiki olaraq 2024-cü ilin iyul ayının sonlarından ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaq onun himayəsindədir. Uşağı isə doğulduğu gündən "diplegik spastik serebral iflic " diaqnozlu xəstədir və TSEK-in sağlamlıq imkanları məhdud uşaq olaraq qeydiyyatdan keçməmişdir. Uşağın vəziyyəti olduqca ağırdır və hər an diqqət və nəzarət tələb edir. Həmçinin uşağın müalicəsi və dərmanı xərc tələb edir və cavabdeh indiyə kimi uşağın müalicəsi üçün heç bir yardım etməmiş və etmir. Uşağı daimi olaraq fizio terapiya və eləcədə dərmən müalicəsi almalıdır. O özü uşağın xəstəliyinə görə heç yerdə işləyə bilmir. Valideynləri də artıq neçə vaxtdır bu xərcləri ödəyirlər. Hesab edir ki, cavabdeh bir valideyn kimi uşağın əlavə xərclərində də iştirak etməli və xərclərin yarısını ödəməlidir. Əgər uşağın daimi olaraq müainə aparılmasa, o şkəst qala bilər. O aliment və əlavə xərclərlə bağlı cavabdehə mediasiya təklifi göndərmiş. Bundan sonra təyin edilən ilkin mediasiya sessiyasında cavabdehin iştirak etməmişdir. Ona görə də 29 aprel 2025-cü il tarixdə mediator müvaifiq arayış vermişdir. Cavabdeh fərdi əməklə (ustadır) məşğuldur. Hesab edir ki, onun qazancı gəliri qeyri-müntəzəm, dəyişkən olduğu üçün habelə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və uşağın marağını əhəmiyyətli dərəcədə pozulduğuna görə aliment və əlavə xərclər sabit pul məbləğində tutulmalıdır. Cavabdeh hər uşağı üçün hər ay 300 manat aliment və uşağın müalicəsi üçün hər ay 200 manat sabit pul məbəğində əlavə xərc ödəməyə imkanı vardır. Bu vəsait uşağın saxlanılması və daimi olaraq müalicəsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, uşağı serebrial iflic xəstəliyindən əziyyət çəkir. Cavabdeh fərdi əməklə məğşul olur və gündəlik gəliri vardır. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə andan olmuş X3 atası Cavabdehdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə anadan olmuş. Ana qrafasında isə İddiaçı, ata qrafası isə qeyd edilməmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Cavabdeh ********** nömrəli VÖEN ilə digər iribuynuzlu mal-qaranın və çamışların yetişdirilməsi ilə məşğul olur. İş materiallarında olan 3037 saylı ambulator kitabçadan (çıxarışdan) görünür ki, X4 « diplegik spastik serebral iflic » xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa məhkəmə İddiaçı uşağın müalicəsi və digər əlavə xərclərinin ödənilməsi üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində əlavə xərclərin tutulması tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı tərəflərin birgə nikahından doğulmuş uşağın «diplegik spastik serebral iflic» xəstəliyindən əziyyət çəkməsinə dair sübutları məhkəməyə təqdim etsə də, həmin uşağın qeyd olunan xəstləliklərdən müalicə olunması üçün zəruri olan vəsaitin məbləği və həmin müalicənin hansı müddətə davam etməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, valideynlərin yetkinlik yaşına çatmamış uşaqlarını saxlamaq üçün aliment ödəmək öhdəliklərindən fərqli olaraq, onların əlavə xərclərdə iştirakı üçün belə xərclərin məbləğinin dəqiq müəyyənləşdirilməsi zəruri şərtdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahından xx.xx.2020-ci anadan olmuş X3 müalicəsi üçün əlavə xərc qismində hər ay 200 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması X4 yetkinlik yaşına çatana qədər müəyyən edilsin Cavabdeh iş üzrə mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar