Məhkəmə qərarları › İş №2(023)-1319/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1319/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1319/2024 08.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə 08 oktyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, Şakir adlı uşağın 3 yaşı tamam olanadək onun saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment, 50 manat mediasiya xərcinin yarısı olan 25 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 iyun 2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçmişdir. Birgə nikahdan xx.xx.2024-cu il təvəllüdlü Şakir adlı uşaq doğulmuşdur. Həmin uşaq hal-hazırda onun himayəsindədir. Cavabdehlə faktiki olaraq ayrılmışdır. Evləndikləri ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan cavabdehlə xasiyyəti uyğun gəlməmiş, evdə tez-tez yersiz mübahisələr yaranmışdır. Artıq son zamanlar cavabdehin hərəkətlərinə dözə bilmədiyinə görə ayrılmalı olmuşdur. Cavabdehlə heç bir ər-arvad münasibətləri yoxdur. Nikahı formal xarakter daşıyır. Ayrıldıqları vaxtdan cavabdeh uşaqla maraqlanmır, onun maddi mənəvi ehtiyaclarını ödəmir. Cavabdehin maddi durumu olduqca yaxşıdır, aylıq qazancı kifayət qədərdir. Belə ki, Qazax rayonu Orta Salahlı məktəbində müəllim işləyir və aylıq əmək haqqı 502 manat təşkil edir, əlavə gəlirləridə vardır. Ayrıldıqları vaxtdan nə uşaqla, nə də onun ehtiyacları ilə maraqlanmamışdır. Həmçinin özü heç bir yerdə işləmədiyindən, əlavə qazancı və gəliri olmadığından, uşaqın isə maddi ehtiyacları həddindən artıq çox olduğundan həmin ehtiyacları ödəməkdə çox çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan Şamxal adlı uşaq doğulmuşdur. Hazırda həmin uşaq iddiaçının himayəsindədir. X6 kənd orta məktəbində müəllim işləyir və ayda 429 manat əmək haqqı alır. Bundan əlavə heç bir gəliri yoxdur. Uşağının saxlanılması üçün ayda 150 manat aliment ödəyə bilər. Həmçinin uşağın üç yaşına kimi iddiaçının özünə ayda 150 manat alimentin tutulmasına etiraz edir. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X1 05 iyun 2023-cü il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 135 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, 27 fevral 2024-cü ildə anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 511,56 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 05 iyun 2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Tərəflərin birgə nikahdan xx.xx.2024-cu il təvəllüdlü Şakir adlı uşaq doğulmuşdur. Tərəflər baş vermiş narazılıqlara görə ayrılmışlar və azyaşlı uşaq iddiaçının yanında qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının bir uşağa görə hər ay 235 manat, eyni zamanda uşaq 3 yaşına çatana kimi saxlanması üçün iddiaçının özünə də 150 manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, azyaşlı uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Bununla belə, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay bir uşağa 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçının ümumi uşağın doğulduğu gündən üç il ərzində cavabdehdən aliment tələb etməsi də qanuni əsaslara söykənir və məhkəmə iddiaçının Şakir adlı uşağın üç yaşına çatanadək saxlanması üçün ona vəsait ödənilməsi barədə tələbini qismən əsaslı hesab edir. Məhkəmə hazırkı məsələyə ilk növbədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməlidirlər müddəasından yanaşır və qeyd edir ki, İddiaçı hazırkı tələbi qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri baxımından ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, zəruri vəsaitə malik olduğu halda ərdən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir, lakin qeyd edilən Məcəllənin tələblərindən göründüyü kimi qanunvericilik bunun üçün ərin zəruri vəsaitə malik olmasını nəzərdə tutur. Məhkəmə iclasında cavabdehin tələb olunan məbləğdə aliment ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır, lakin bununla belə məhkəmə hesab edir ki, cavabdehin tələb olunan məbləğdə alimenti ödəməsi üçün zəruri vəsaitə malik olmaması onu maddi yardıma ehtiyacı olan arvadı saxlamaq vəzifəsindən tamamilə azad etmir. Məhkəmə qeyd edir ki, həmin yardımın edilməsi ilk növbədə uşaq barəsində ana tərəfindən hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqəlidir, yəni uşaq azyaşlı olduğundan ana vəzifələrini həyata keçirərkən kifayət qədər zamana malik olmalı və bu zaman ananın özünün qayğıları həmin vəzifənin həyata keçirilməsinə maneçilik törətməməlidir. Maddi yardıma ehtiycı olan ananın isə uşaq azyaşlı olduğundan işləmək imkanları məhdud olduğu halda ehtiyacların təmin edilməsi məqsədi ilə işləməsi və bunun nəticəsində uşağa kifayət qədər qayğı göstərməməsi ilk növbədə uşağın mənafeyinə ziddir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətlərini, cavabdehin uşağa tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının, eyni zamanda iddiaçının özünə də tələb olunan məbləğdə aliment ödəməsi üçün zəruri vəsaitə malik olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını, lakin bununla belə iddiaçının heç bir yerdə işləmədiyini, himayəsində azyaşlı uşağının olduğunu və bu səbəbdən işləmək imkanlarının məhdud olmasını nəzərə alır və hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin, Şakir adlı uşaq üç yaşına çatanadək iddiaçının özünə 30 (otuz) manat miqdarında alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2160 manat məbləğində təşkil etdiyindən 30+11.60 manat, cəmi 41.60 (qırx bir manat 60 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14 avqust 2024-cü il tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaq 3 (üç) yaşına çatanadək ana üçün 30 (otuz) manat sabit pul məbləğində vəsait tutularaq İddiaçı verilsin. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 41.60 (qırx bir manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar