Məhkəmə qərarları › İş №2(023)-1327/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1327/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1327/2023 17.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızının nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 17 oiktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsinin onun xeyrinə tutulması, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 3 yaşına çatana kimi hər ay 200 manat sabit pul məbləğində aliment tutulması və mediasiya arayışı üçün ödənilmiş 50(əlli) manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2021-ci ilin oktyabr ayında qeyri-rəsmi ailə qurmuşlar. 02 sentyabr 2022ci il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə David adlı uşaq doğulmuşdur. 08 iyul 2023-cü ildən cavabdehlə faktiki olaraq ayrılmışlar və uşağı onun himayəsindədir, onun bütün tələbatlarını valideynlərinin köməkliyi ilə ödəyir. Uşağı azyaşlı olduğundan işləyə bilmir və bu səbəbdən azyaşlı uşağının saxlanmasında çətinlik çəkir. Cavabdeh Daxili İşlər Nazirliyinin Qazax RPŞ-nin Daşsalahlı kənd Polis Bölməsində işləyir. Məhkəmə iclasında iddiaçı Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 02 sentyabr 2022-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 298 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Cəfərzadə” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci ildə anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2021-ci ilin oktyabr ayında qeyri-rəsmi ailə qurmuşlar. 02 sentyabr 2022-ci il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə David adlı uşaq doğulmuşdur. Baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar və azyaşlı uşaq iddiaçının yanında qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X4 yetkinlik yaşına çatmamış David adlı uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçı Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızının yanında qaldığından, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın hal-hazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq cavabdehdən onun aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin –uşağın 3 yaşına qədər iddiaçının özünə aliment tələb etməsi də qanuni əsaslara söykənir və məhkəmə iddiaçının David adlı uşağın üç yaşına çatanadək saxlanması üçün ona vəsait ödənilməsi barədə tələbini qismən əsaslı hesab edir. Məhkəmə hazırkı məsələyə ilk növbədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməlidirlər müddəasından yanaşır və qeyd edir ki, Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızının hazırkı tələbi qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri baxımından ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, zəruri vəsaitə malik olduğu halda ərdən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir, lakin qeyd edilən Məcəllənin tələblərindən göründüyü kimi qanunvericilik bunun üçün ərin zəruri vəsaitə malik olmasını nəzərdə tutur. Məhkəmə iclasında cavabdehin tələb olunan məbləğdə aliment ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır, lakin bununla belə məhkəmə hesab edir ki, cavabdehin tələb olunan məbləğdə alimenti ödəməsi üçün zəruri vəsaitə malik olmaması onu maddi yardıma ehtiyacı olan arvadı saxlamaq vəzifəsindən tamamilə azad etmir. Məhkəmə qeyd edir ki, həmin yardımın edilməsi ilk növbədə uşaq barəsində ana tərəfindən hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqəlidir, yəni uşaq azyaşlı olduğundan ana vəzifələrini həyata keçirərkən kifayət qədər zamana malik olmalı və bu zaman ananın özünün qayğıları həmin vəzifənin həyata keçirilməsinə maneçilik törətməməlidir. Maddi yardıma ehtiycı olan ananın isə uşaq azyaşlı olduğundan işləmək imkanları məhdud olduğu halda ehtiyacların təmin edilməsi məqsədi ilə işləməsi və bunun nəticəsində uşağa kifayət qədər qayğı göstərməməsi ilk növbədə uşağın mənafeyinə ziddir. Məhkəmə, hazırda iddiaçının heç bir yerdə işləmədiyini, himayəsində azyaşlı uşağının olduğunu və bu səbəbdən işləmək imkanlarının məhdud olmasını nəzərə alır və hesab edir ki, iddia qismən təmin edilməli, David adlı uşaq üç yaşına çatanadək iddiaçının özünə 50 (əlli) manat miqdarında alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 88.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının əmək haqqının və digər gəlirlərinin miqdarı barədə sənəd olmadığından, qiymətləndirilməyən iddia kimi nəzərə alınaraq 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 04 sentyabr 2023-cü il tarixdən başlayaraq 04 sentyabr 2022-ci ildə doğulmuş X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment, həmçinin 04 sentyabr 2022-ci ildə doğulmuş X2 adlı uşaq 3 (üç) yaşına çatanadək ana üçün 50 (əlli) manat sabit pul məbləğində vəsait tutularaq Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızına ödənilsin. Cavabdeh mediasiya xərcinin yarısını təşkil edən 25 (iyirmi beş) manat alınaraq Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızına ödənilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar