Məhkəmə qərarları › İş №2(023)-1564/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1564/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1564/2023 23.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Əliyeva (Qurbanova) Səbinə Elşən qızının iştirakı ilə, İddiaçı Əliyeva (Qurbanova) Səbinə Elşən qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 23 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əliyeva (Qurbanova) Səbinə Elşən qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyeva (Qurbanova) Səbinə Elşən qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ilin avqust ayında evlənməklə, 17 aprel 2018-ci il tarixdə 118 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Nemət adlı uşaq doğulmuşdur. Həmin uşaq hazırda onun himayəsindədir. Evləndikləri ilk vaxtlarda ailə münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailənin dağılmasına səbəb olmuşdur. 2023-cü ilin avqust ayından cavabdehlə faktiki olaraq ayrılmışlar, həmin vaxtdan uşağı ilə birlikdə atası evində yaşayır. Uşağı azyaşlı olduğundan işləyə bilmir və bu səbəbdən azyaşlı uşağının saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağa könüllü olaraq maddi yardım göstərməkdən boyun qaçırır. Cavabdeh Qazax şəhərində fəaliyyət göstərən “Barkod” elektronika mağazasında kredit mütəxəssisi vəzifəsində MAHHXHQ işləyir, aylıq qazancı təxminən 1000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı Əliyeva (Qurbanova) Səbinə Elşən qızı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 17 aprel 2018-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, xx.xx.2018-ci ildə anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2017-ci ilin avqust ayında evlənməklə, 17 aprel 2018-ci il tarixdə 118 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Nemət adlı uşaq doğulmuşdur. Baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar və azyaşlı uşaq iddiaçının yanında qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış Nemət adlı uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçı Əliyeva (Qurbanova) Səbinə Elşən qızının yanında qaldığından, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın hal-hazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq cavabdehdən onun aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 88.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının əmək haqqının və digər gəlirlərinin miqdarı barədə sənəd olmadığından, qiymətləndirilməyən iddia kimi nəzərə alınaraq 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 13 oktyabr 2023-cü il tarixdən başlayaraq 19 may 2018-ci ildə doğulmuş X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq Əliyeva (Qurbanova) Səbinə Elşən qızına ödənilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar