Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1580/2024 23.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı « alimentin sabit pul məbləğində tutulması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2013-cü il təvəllüdlü X3, 05 yanvar 2015-ci il təvəllüdlü X2 və 17 fevral 2016-cı il il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh bir uşağın saxlanması üçün 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsalandırmışdır ki, Cavabdeh ilə el adəti ilə qeyri-rəsmi qaydada ailə həyatı qurmuşdur. Cavabdehlə nikahları 18 oktyabr 2013-cü ildə rəsmiləşdirilmişdir. Cavabdehlə birgə nikahlarından 28 avqust 2013-cü il tarixdə X6, 05 yanvar 2015-ci il tarixdə X5, 17 fevral 2016-cı il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə quranda ailə münasibətləri yaxşı olsa da, artıq cavabdehin ailəyə münasibəti dəyişmişdir. Belə ki, cavabdehlə xasiyyətləri heç cürə uyğunlaşmır. Buna baxmayaraq uşaqlarına görə ailəsinin dağılmasını istəməsə də cavabdeh nigahın pozulması barədə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Bundan başqa o, heç bir yerdə işləmir. Cavabdeh isə təqaüd almaqla və heyvandarlıqla məşğul olmaqla yüksək məbləğdə qazanc əldə edir. Buna baxmayaraq cavabdeh öz öhdəsinə düşən valideyinlik borcunu yerinə yetirmir. Qazancı olmadığı üçün övladlarını saxlamaqda həddindən artıq çətinlik çəkir. Cavabdeh kifayət qədər gəlirə malikdir və əgər cavabdeh öz valideyinlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşaqlarını daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilərdi. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşaqların normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməkliyini göstərmir. Hətta o uşağın hər hansı bir müalicəsi ilə əlaqədar bütün dərman vasitələrini almağa məcbur olur. Bu barədə də cavabdehə bildirəndə cavabdeh valideyinlik məsuliyyətindən yayınmağa çalışır. İddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində texniki səhv olaraq X1 təvəllüdünü 17 fevral 2016-ci il kimi qeyd etmişdir. Odur ki, qətnamə qəbul edərək X1 təvəllüdünü 21 sentyabr 2016-ci il kimi qeyd edilıməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, uşağı saxlamaqda cavabdeh maddi yardım göstərmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 550 manat pensiya və 330 manat prezident təqaüdü alır. Gözünün biri görmür, digəri isə 30% görür. Müharibə zamanı kəlləbeyin travması almışdır. Hazırda sahətinən bağlı heç bir yerdə işləmir. Hər ay üç uşaq üçün cəmi 450 manat məbləğində aliment ödəyə bilər. Odur ki, aliment təyin edərkən maddi vəziyyətini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 21 sentyabr 2016-cı il tarixdə anadan olmuş, X5 05 yanvar 2015-ci il tarixdə anadan olmuş, X6 28 avqust 2013-cü il tarixdə anadan olmuş, ata qrafalarında Cavabdeh ana qrafalarında isə İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan elektron məlumatdan görünür ki, Cavabdeh ƏG-2-ci qrup, ƏG-2-ci qrup, ƏG-2-ci qrup əlildir. 330 manat və 567.87 manat məbləğində pensiya alır. İş materiallarında olan etiraz ərizəsindən görünür ki, Cavabdeh iddianı qəbul etmir, iddiaçının tələb etdiyi miqdarda aliment ödemək imkanım yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi bütün hallar yalan və cəfəngiyyatdır. O, uşaqları ilə mütəmmadi olaraq maraqlanır. Onların ehtiyaclarını imkanı daxilində ödəyir. Xəstələndikdə dərmanlarını alır. Hər ay mütəmmadi olaraq onlar 250-300 manat pul verir. Maddi durumum zəifdir. Özüm müharibə iştirakçısıdır və işə yararsızdır. Kəllə-beyin travması almışdır. Daimi olaraq müalicəyə ehtiyacı vardır. Müalicə xərcləri həddindən artıqdır. Heç bir fiziki işdə işləyə bilmir. Hazırkı iddia tələbi üzrə 3 uşaq üçün cəmi 300 manat ent ödəyə bilərəm Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdeh ilə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 28 avqust 2013-cü il tarixdə anadan olmuş X3, 05 yanvar 2015-ci il tarixdə anadan olmuş X2 və 21 sentyabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediyasiya haqqında» Azərbaycan Respublikası Qanunun un 36.5-ci maddəsinə əsasən «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 28 avqust 2013-cü il tarixdə anadan olmuş X3, 05 yanvar 2015-ci il tarixdə anadan olmuş X2 və 21 sentyabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 11 oktyabr 2024-cü il tarixdən X6, X5 və X4 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1580/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1580/2024
23.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver