Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1669/2024 27.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mediasiya təklifi göndərdiyi xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağının saxlanması üçün 300 manat aliment tutulması, ilkin mediasiya sessiyası üçün ödədiyi 50 manat məbləğində pulun yarısı olan 25 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsalandırmışdır ki, Cavabdeh ilə 2020-ci ildə el adəti ilə evlənmişlər. Cavabdehlə evliliyindən xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağı anadan olmuşdur. Cavabdehlə aralarında olan anlaşmazlıqları həll edə bilmirlər. 2024-cü ilin mart ayından faktiki olaraq ayrılmışlar. Heç bir ailə münasibətləri yoxdur. Cavabdeh uşağın saxlanmasında iştirak etmir. Uşaq mülayim ventrikulomeqaliya, kəllədaxili təzyiq, o cümlədən sağ ayağında sümük boşluğu xəstəliklərindən əziyyət çəkir. Buna görə də uşağın xərcləri kifayət qədər böyükdür. Həm ultrases müayinələr, həm dərmanlar, həm də fizioterapiyalar kifayət qədər zaman və maddi xərc tələb edir. Uşağın saxlanması üçün cavabdehə xx.xx.2024-cü il tarixli mediasiya təklifi göndərmişdir, lakin cavabdeh iştirak etməmiş və 00588 saylı xx.xx.2024-cü il tarixli arayış tərtib edilmişdir. Cavabdeh uşağın saxlanmasında iştirak etməlidir və uşağın xərci kifayət qədər çoxdur. Ona görə də, Cavabdeh mediasiya təklifi göndərdiyi xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağının saxlanması üçün 300 manat aliment tutulması, ilkin mediasiya sessiyası üçün ödədiyi 50 manat məbləğində pulun yarısı olan 25 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, uşağı saxlamaqda cavabdeh maddi yardım göstərmir. Hazırda atası evində yaşayır və uşağın tələbatlarının qarşılanmasına atası köməklik göstərir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, hazırda heç bir yerdə işləmir. Maddi vəziyyəti aşağıdır. Anasının səhhətində problemlər var. 180 manat aliment təyin edilməsinə etiraz etmir. Odur ki, aliment təyin edərkən maddi vəziyyətini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 08 avqust 2022-ci il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdeh ilə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 08 avqust 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediyasiya haqqında» Azərbaycan Respublikası Qanunun un 36.5-ci maddəsinə əsasən «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 08 avqust 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 28 oktyabr 2024-cü il tarixdən X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1669/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1669/2024
27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver