Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2010/2025 29.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi Hüsynov Xəyyad Səyyad oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 dekabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdehin xeyrinə ondan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 100 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı il tarixində qeyri-rəsmi qaydada ailə həyatı qurmuşdur. Cavabdehlə nikahını rəsmiləşdirməmişdir. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Tunar adlı uşaq doğulmuşdur. Cavabdehlə ailə münasibətləri yaxşı olmuş, lakin sonradan xasiyyətləri uyğun gəlmədiyindən 2017-ci ildə ayrılmışlar. Qazax Rayon Məhkəməsinin 2(023)-514/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsinə əsasən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Həmin aliment ödənişləri ona dövlət tərəfindən ayrılmış pensiyadan tutulmalarla həyata keçirilmişdir. Belə ki, "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, emosional iradi pozğunluq" diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. Buna baxmayaraq Cavabdeh məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 8(023)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Qazax Rayon Məhkəməsinin 2(023)-514/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda həmin aliment 308 manat həddindədir. O, əmək qabiliyyətsiz və müddətsiz ikinci dərəcəli əlildir. Bu səbəbdən də həmin məbləğdə alimenti ödəyə bilmir. Ona təyin edilmiş pensiyadan başqa gəlir mənbəyi yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə çıxış edərək bildirdi ki, oğlu İddiaçı hazırda işləmir, ikinci qrup əlildir. Əmək qabiliyyəti olmadığından ona təyin edilmiş 250 manat müavinətdən başqa gəlir mənbəyi yoxdur. Oğlunun maddi vəziyyəti yaxşı deyil, həmçinin sənədlərdə də qulluğa ehtiyacı olduğu qeyd edilmişdir. Lakin buna baxmayaraq, uşağın saxlanılması üçün 180 manat məbləğində alimenti ödəyə bilər. Məhkəmə iclasında Cavabdeh çıxış edərək bildirdi ki, hazırki dövrdə uşağın saxlanılması üçün maddi xərclərin yüksək olması səbəbindən alimentin yalnız 180 manatadək azaldılmasına razıdır. Məhkəmə işdə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-57/2025 saylı qərardadından görünür ki, Cavabdeh ərizəsi qismən təmin edilməklə Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-514/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuşdur. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin tutulması qeyd olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik,emosional iradi pozğunluq” və “Qeyriüzvi mənşəli enurez, Enurez” diaqnozu qoyulmuş, ikinci dərəcəli əlil və əmək qabiliyyətsiz kimi qeyd edilmişdir. Qazax Psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 850 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Qazax Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Onun müddətsiz əlil olduğu qeyd edilmişdir. “Sosial müavinət və təqaüd haqqında” elektron arayışdan görünür ki, İddiaçı 250 manat məbləğində əlilliyə görə müavinət müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli iş yeri haqqında elektron arayışın surətindən görünür ki, İddiaçı barəsində mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində aliment müəyyən edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləği minimum əmək haqqının 0.77 misli həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər həmin Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Ailə Məcəlləsinin müddəaları təyin olunmuş alimentin miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. İş üzrə aliment məbləğinin azaldıla bilməsi imkanı da qanunvericilikdə qeyd olunmuş bu hallara müvafiq yaranır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq qeyd edir ki, hazırda iddiaçı işləmədiyindən sabit qazancının olmaması səbəbindən uşağın saxlanılması üçün 308 manat alimentin ödənilməsi onun əmlak və yaşayış vəziyyətini çətinləşdirə bilər. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının aliment məbləğinin azaldılması barədə tələbi uşaqlar üçün müəyyən edilmiş yaşayış mimimumundan aşağı məbləği nəzərdə tutur. Lakin məhkəmə tərəflərin izahatları və iş üzrə sübutlarla təsdiq edilmiş İddiaçı mövcud maddi vəziyyətini nəzərə almaqla uşağın saxlanılması üçün 180 manat məbləğində alimentin müəyyən edilməsini mümkün hesab edir. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları, uşağın mənafeyini, onun təminatının mümkün qədər maksimal saxlanması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, uşağın yetkinlik yaşına çatanadək iddiaçıdan tutulacaq alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilsin. Alimentin dəyişdirilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-2010/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2010/2025
29.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver