Məhkəmə qərarları › İş №2(023)-344/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-344/2024

26.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-344/2024 26.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 26 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının dörddə bir hissəsi miqdarında aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2017-ci ildə el adəti ilə evlənmişlər, lakin dəfələrlə rəsmi nikaha daxil olmaları haqqında cavabdehə bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə bu təklifdən imtina etmişdir. Faktiki nikahdan 24 noyabr 2018-ci il təvəllüdlü Rəhim adlı uşaq doğulmuşdur. Cavabdehlə evləndiyi ilk vaxtlar münasibətləri normal olsa da, sonradan cavabdehin xasiyyətində ciddi dəyişikliklər yaranmışdır ki, bu da ailə münasibətlərinin pozulmasına səbəb olmuşdiur. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdeh əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində işləyir, aylıq qazancı kifayət qədərdir. Lakin uşağa könüllü olaraq maddi yardım göstərməkdən boyun qaçırır. Artıq 2023-cü ilin yanvar ayından oğlu ilə valideynlərinin himayəsində yaşayır və bütün xərclərini onlar ödəyir. Hazırda heç bir yerdə işləmədiyinə görə uşağını maddi cəhətdən saxlamaq olduqca çətindir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə faktiki nikahdan 24 noyabr 2018-ci il təvəllüdlü Rəhim adlı uşaq doğulmuşdur. Hazırda faktiki olaraq ayrılmışlar. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində işləyir, aylıq əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulmasına etiraz etmir. Odur ki, iddiasnın təmin edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 24 noyabr 2018-ci il tarixdə İddiaçı doğulmuş X2 oğlunun atası hesab edilmişdir. Doğum haqqında arayışdan görünür ki, 24 noyabr 2018-ci ildə anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2018-ci ildə evlənməklə, rəsmi nikah qeydiyyatından keçməmişlər. Faktiki nikahdan 24 noyabr 2018-ci il təvəllüdlü Rəhim adlı uşaq doğulmuşdur. Baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar və azyaşlı uşaq iddiaçının yanında qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış Rəhim adlı uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq İddiaçı yanında qaldığından, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın hal-hazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq cavabdehdən onun aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 88.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının əmək haqqının və digər gəlirlərinin miqdarı barədə sənəd olmadığından, qiymətləndirilməyən iddia kimi nəzərə alınaraq 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 11 yanvar 2024-cü il tarixdən başlayaraq 24 noyabr 2018-ci ildə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar