Məhkəmə qərarları › İş №2(023)-391/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-391/2025

13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-391/2025 13.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X1, təhsili və digər xərcləri üçün Cavabdeh aylıq qazancının 300 manat miqdarında alimentin ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X8 doğulmuşdur. Həmin uşaqlar hazırda yetkinlik yaşına çatmışdır. Lakin Saqif adlı uşaq ödənişli əsaslarla X3 iqtisadiyyat fakültəsində oxuyur. Onun xərcləri həddindən artıq çoxdur. Cavabdeh DİN polis orqanlarında işləyir. Aylıq gəliri kifayət qədərdir. Cavabdehlə aralarında razılığa gələrək Saqif adlı uşağın aliment və əlavə xərcləri üçün Mediasiyada saziş bağlamışlar. Sazişə əsasən Cavabdeh əmək haqqının və digər gəlirlərinin 70 faizi tutulub ona ödənilməsi barədə razılaşmışlar. Cavabdehlə faktiki olaraq ayrılmışlar və ayrı yaşayır. Cavabdeh hazırda Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olsa da faktiki olaraq Gəncə şəhərində yaşayır. Saqif adlı uşağın təhsil haqqı ilə bağlı heç bir köməklik etmir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbini qəbul edir. Məhkəmə iclasında iştirak edə bilmir, odur ki, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh arasında barışıq sazişi bağlayaraq, birgə nikahlarından anadan olmuş X2 təsili və digər xərcləri üçün aylıq qazancının 70% qəddər aliment verəcəyi ilə bağlı öhdəlik götürür. Birgə nikahları devrində əldə etikləri QAZ 31 markalı aftomobil ikinci tərəf Cavabdeh qalacaq və birinci tərəf X6 bununla bağlı gələcəkdə hər hansı bir tələbinin olmayacağı barədə öhdəlik götürür. Aliment və digər öhdəliklərlə bağlı ödəniş növbəti ayın beşindən yəni xx.xx.2024- cü il tarixdən ödənilməsi ilə bağlı tərəflər razılığa gəlirlər.Tərəflərin bir birinə qarşı başqa tələb və iddiaları olmamaları barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3821/2024 saylı, xx.xx.2024 il tarixli, qərarında aşağıdakı qaydada göstərilmişdir: Formalaşmış məhkəmə təcrübəsində xüsusi icraat qaydasında baxılmalı olan tələblərin məhkəməyə iddia kimi (iddia icraatı qaydasında baxılmalı olan tələb kimi) verilməsi də, bəzi hallarda MPM-in 261.0.1-ci maddəsinə istinadla icraata xitam verilməli olan hal kimi təfsir edilir. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir. Mediasiyanın məqsədi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ər-arvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir. Belə ki, “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355-25.1 və 355-25.3-cü maddələri). Göründüyü kimi tərəflərin mediasiya prosesində uşağın saxlanması üçün aliment müəyyən edilməsi barədə barışıq sazişi bağlandığı halda, həmin qərarın icrası ilə bağlı xüsusi icraat qaydası müəyyən edilmişdir. Buna görə də Ailə Məcəlləsində nikah pozularkən ar-arvadın uşaqlar barədə məsələləri saziş əsasında həll etmək hüququna üstünlük verilmiş və bir qayda olaraq, bu cür saziş olmadığı halda (eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda) məhkəmənin boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli olduğu təsbit edilmişdir (Ailə Məcəlləsinin 21.2, 22.1 və 22.2-ci maddələri). Qeyd olunanlara əsasən, uşağın saxlanması üçün aliment barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə, iddiaçının hazırkı iş üzrə icraatı qaydasında baxılması üçün prosessual əsaslar olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin İddiaçı izah edilməlidir ki, barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar