Məhkəmə qərarları › İş №2(023)-457/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-457/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-457/2025 13.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, 27 iyun 2012ci ildə doğulmuş X4 və 28 sentyabr 2013-cü ildə doğulmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə faktiki evlənməklə nikahlarını 11 avqust 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 iyun 2012-ci ildə X4 və 28 sentyabr 2013-cü ildə X5 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur, lakin sonradan ailə münasibətləri pozulmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində cavabdehlə ayrılmışlar. Cavabdehlə ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə azyaşlı uşaqların saxlanması üçün heç bir köməklik göstərmir, valideynlik borcunu yerinə yetirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəni müdafiə edərək bildirdi ki, beş aydır ki, cavabdehlə ayrı yaşayır. Nikahları pozulmayıb və o uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır və uşaqlar onun himayəsindədir. Hazırda heç bir yerdə işəlmir. Uşaqları saxlamaqda maddi çətinlik çəkir, cavabdeh isə heç bir yardım göstərmir. Ona görə də, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, əvvəllər ərzaq mağazasında işləyirdi, lakin hazırda heç bir yerdə işləmir. Maddi imkanı zəifdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə Ağstafa rayon Qeydiyyat Şöbəsində 209 nömrəli akt qeydi ilə rəsmi nikahla ailə qurmuşlar. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 27 iyun 2012-ci ildə X4 və 28 sentyabr 2013-cü ildə X5 adlı 2 nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan elektron məlumatdan görünür ki, Cavabdeh ********** sayı VOEN vardır, lakin hazırda fəaliyyəti müvvəqəqti dayandırılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar