Məhkəmə qərarları › İş №2(023)-490/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-490/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-490/2024 03.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi İsmayılova Kifayət Hüseyn qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 03 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 sentyabr 2018-ci il təvəllüdlü X4 və 19 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin, eyni zamanda 19 sentyabr 2020-ci il təvəllüdlü X2 müalicə və müayinə xərci qismində 200 manat əlavə xərcin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 16 sentyabr 2018-ci il təvəllüdlü Nihat və 19 sentyabr 2020-ci il təvəllüdlü Nicat adlı uşaqlar doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi səbəbindən ayrılmışlar və azyaşlı uşaqları onun himayəsindədir. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir. 19 sentyabr 2020-ci il təvəllüdlü Nicat adlı uşağın bazu çiyin nahiyyəsini tutmuş dərinin üst qatında yerləşən, hipertrofik, damarlanması güclü olan dəri törəməsi (geniş sahəni tutan hemangioma) xəstəliyindən əziyyət çəkir. Oğlu Nicat Milli X3 Klinikasında müalicə almış və təkrar müayinə üçün xəstəxanaya getməlidir. Cavabdehin gəlirləri mövcud olmaqla, dəyişəndir. Ayda 1500-1800 manat qazanc əldə edir. Hazırda uşağının tələbatları artmışdır. Cavabdeh isə kifayət qədər qazanc əldə etməsinə baxmayaraq uşaqların saxlanmasında heç bir köməklik etmir. Uşaqlarını maddi cəhətdən saxlamaqda çətinlik çəkir, onların gündəlik tələbatlarını ödəyə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, hazırda uşaqları azyaşlı olduğu üçün özü heç bir yerdə işləmir. Bu səbəbdən uşaqlarını maddi cəhətdən saxlamaqda çətinlik çəkir, onların gündəlik tələbatlarını ödəyə bilmir. Uşaqlarının saxlanması üçün hər ay hər uşağa 200 manat aliment tutulmasına etiraz etmir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində iddianın alimentə dair hissəsini qismən qəbul etdiyini, 2 uşağın saxlanması üçün ayda hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manatdan artıq aliment ödəmək imkanı olmadığını qeyd edərək göstərmişdir ki, özü rəsmi olaraq heç bir yerdə işləmir. Maddi vəziyyəti olduqca ağırdır. Özü anasına məxsus evdə onun himayəsində yaşayır. İddiaçının iddia ərizəsində qeyd etdiyi Nicat adlı uşağın xəstəliyi birgə nikah dövründə olmuş, öz şəxsi vəsaiti hesabına müalicə etdirmişdir və həmin uşaq hal-hazırda tam sağlamdır. Sonuncu dəfə həkim müayinəsində olan zaman həkim Nicatın tam sağalmasını, onun heç bir müalicəyə ehtiyacı olmadığını onlara bildirmişdir. İddiaçının əlavə etdiyi xəstəlik kağızları) xx.xx.2020-ci il tarixə yazılmışdır, həmin vaxtdan 3 il vaxt keçmişdir. Həmin vaxt onlar birgə nikahda olmuşlar, uşaq tam olaraq sağalmışdır. Əgər həmin uşağın bugünkü gün üçün müalicəyə ehtiyacı varsa, iddiaçı onun müalicəsi üçün xərc çəkirsə, həmin müalicə ilə bağlı hər hansı bir resept, konkret olaraq hər ay həmin uşaq üçün nə qədər vəsait xərcləməsi ilə bağlı sübut təqdim etməmişdir. Hesab edir ki, iddiaçının müalicə xərci ilə bağlı iddiası əsassızdır. İddianın həmin hissədə rədd olunmasını xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib, iddianın aliment tələbinə dair hissəsinin qismən, yəni hər uşaq üçün 130 manat, cəmi 260 manat hissədə təmin edilməsi və iddia tələbinin müalicə xərcinə aid hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 iddianı qəbul etməmiş, verdiyi izahatında bildirdi ki, tərəflərin nikahından Nihat və Nicat adlı uşaqları doğulmuşdur. Hazırda həmin uşaqlar iddiaçının yanındadır. Cavabdehin rəsmi iş yeri yoxdur, fəhləlik edir. Başqa heç bir gəliri yoxdur. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Uşaqların saxlanılması üçün ayda hər uşağa 150 manat aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsini, iddia tələbinin müalicə xərcinə aid hissədə təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X7 20 sentyabr 2018-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 313 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin 16 sentyabr 2018-ci il təvəllüdlü X4 və 19 sentyabr 2020-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. NEW MED Kilinikasının 19.11.20-ci il tarixli arayışından görünür ki, Nicat İsmayılova bazu çiyin nahiyyəsini tutmuş dərinin üst qatında yerləşən, hipertrofik, damarlanması güclü olan dəri törəməsi (geniş sahəni tutan hemangioma) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin verdiyi arayışdan görünür ki, X5 xx.xx.2020-ci ildə Milli X3 Klinikasında müalicə almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 20 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 16 sentyabr 2018-ci il təvəllüdlü Nihat və 19 sentyabr 2020-ci il təvəllüdlü Nicat adlı uşaqlar doğulmuşdur. Baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar və azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının hər ay 235 manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Lakin buna baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iki uşağa görə hər ay 300 manat aliment ödəməyə etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, azyaşlı uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, həmçinin iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin 200 manat müalicə xərcinin tutulması ilə bağlı hissəsinə dair qeyd edir ki, İddiaçı cavabdehdən 200 manat müalicə xərcinin tutulmasını tələb etməsinə, həmçinin uşağın Milli X3 Klinikasında müalicə alması barədə arayışı iş materiallarına əlavə etməsinə baxmayaraq uşağın müalicəsi üçün xərclənən vəsait barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 4800 manat məbləğində təşkil etdiyindən 30+38 manat, cəmi 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 16 sentyabr 2018-ci il təvəllüdlü X4 və 19 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar