Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-729/2025 16.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «əlavə xərclərə cəlb olunma» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müaricət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlunun sağlamlıq imkanı məhdud uşaq kimi qeydiyyatda olduğunu, gözdən əlilliyi müəyyən edilmiş uşağının davamlı olaraq müayinə və müalicələrdə olduğunu nəzərə alaraq, uşağının xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərcin ödənməsi üçün cavabdehin əlavə xərclərdə iştiraka cəlb olunaraq, əlavə xərcin ödənilməsi qaydasının müəyyən edilərək, əlavə xərcin cavabdeh tərəfindən ödəniləcək miqdarını hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən etməklə, həmin 200 (iki yüz) manat pulun hər ay cavabdehdən tutularaq ona ödənilməsi barədə və mediasiya üçün ödənilmiş 50 manatın da cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Pəri adlı qızları, xx.xx.2012-ci il tarixdə Ramal adlı oğlu dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri normal olsa da sonradan aralarında yaranan anlaşılmazlıq, birbirini başa düşməməyi sonda ayrılmaqlarına səbəb olmuşdur. Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-935/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Eyni zamanda Qazax rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(023)-935/2022 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra uşaqların onun yanında saxlanması qət edilmişdir. Hazırda uşaqları onun yanındadır və cavabdeh məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment ödəyir. Cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Ramal adlı oğlu gözdən əlildir, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 27 saylı TSEK-in xx.xx.2016-cı il tarixli Qərarı ilə uşağın sağlamlıq imkanı məhdud uşaq kimi qeydiyyata alınmışdır. Oğlunun xəstəliyinin diaqnozu "Görmə anının ikitərəfli, davamlı, bərpa olunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri ( görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması) olmaqla, OS- Afakiya, Viteoktamiyadan sonrakı vəziyyət. VİS OS-O (sıfır) VİS OD=0.9 (onda doqquz) kimi müəyyən olunmuşdur. Bu xəstəliyin inkişaf etməməsi, daha da ağırlaşmaması üçün uşağın daimi olaraq müayinə və müalicələrdə olur. Daim onun yanında kimsə olmalı, ona nəzarət etməli, eyni zamanda müayinə və müalicələri üçün aparıb-gətirməlidir. Uşağı müayinələrdən keçirmək, müalicələr üçün dərmanlar almaq, daim həkim nəzarətində saxlamaq üçün həkim məsləhətləşmələrinə aparmaq, hamısı kənar xidmətlər yaradır və bu da əlavə xərclər tələb edir ki, cavabdeh də uşağın atası kimi bu xərclərdə iştirak etməlidir. Elə ay olur ki, 350-400 manat əlavə xərc çıxır. Dərman pulu, həkim pulu, nəqliyyat pulu və s. Qanunvericilik də xəstə uşaqlar üçün yaranan əlavə xərclərdə hər iki valideynin iştirakını labüd və həm də məcburi sayır. Əks halda yalnız bir valideynin əlavə xərclərdə iştirakı ədalətsizlik olardı. Çünki, ay ərzində o kifayət qədər apteklərdən aldığı dərmanlar üçün pul ödəyir, həkim yanına aparmaq üçün ay ərzində dəfələrlə nəqliyyatdan istifadə edir və pullu həkim xidmətlərinə xidmət haqqı ödəyir. Bu da mütəmadi olaraq hər ay üçün davam edir. Cavabdeh də bir valideyin kimi bu xərclərə kömək etməlidir. Cavabdehlə birgə nikahdan anadan olmuş Ramal adlı uşağın sağlamlıq imkanı məhdud uşaq olması, həm də xəstəliyinin göz xəstəliyi olduğu, görmə qabiliyyətinin həddən artıq zəif olduğunu, bu xəstəliyinin ağırlaşmaması, eyni zamanda yaxşılaşdırılması məqsədi ilə davamlı olaraq uşağın müayinə və müalicələrdə olmağının məcburi olduğunu nəzərə alınsa, cavabdeh, uşağın bu xəstəlikləri ilə əlaqədar yaranmış əlavə xərclərdə iştirak etməli və cavabdeh tərəfindən ödənilməli olan xərcin miqdarı hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdehin kifayət qədər qazancı var, yüksək gəlirli, daimi iş yeri vardır. Cavabdeh uşağın əlavə xərclərdə iştirak etməyə cəlb olunmaqla, əlavə xərc üçün müəyyən edilmiş vəsaiti ödəmək iqtidarındadır. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək göstərmişdir ki, o Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan doğulmuş iki övladı xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlu olmuşdur. Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)- 935/2022 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Eyni zamanda Qazax rayon məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(023 )-935/2022 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra uşaqları onun yanında saxlanması qət edilmişdir. Uşaqlardan biri 18 yaşa çatmamış sağlamlıq imkanları məhdud gözdən əlil övladı xx.xx.2012-ci il tarixdə doğulmuş X1 verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlimi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya xidməti 27 saylı Tibbi Sosial Ekspert Komissiyasının 08 aprel 2016-cı il tarixli **********1 nömrəli arayışa əsasən Diaqnozu: OS-Afakiya, Vitreoektomiyadan sonrakı vəziyyət. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarı: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu. 3.1.27. görmə orqanının ikitərəfli, davamlı, bərpa olunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması. Hazırda əlil övladına qulluq etdiyinə görə işləyə bilmir. Əlil övladına 200 (iki yüz) manat müavinət və əlil övladına qulluq etdiyinə görə ona 100 (yüz) manat Prezident təqaüdü verilir. Bundan başqa onun gəliri və qazancı yoxdur. Göründüyü kimi ona verilən pul minimum əmək haqqından və Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumudan aşağıdır. Birgə nikahdan doğulan gözdən əlil övladına yalnız o qulluq edir, onu gündəlik məktəbə aparıb gətirir, daimi onun yanında olmaqla ona qulluq edir bu səbəbdəndə işləmir. Halbuki, qanunun tələbinə görə hər iki valideynin borcudur. Lakin cavabdeh bu öhdəliyini nəzərə alaraq yerinə yetirmir. Ona görə də, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə instansiyası olaraq qanunla verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırması aparmaqla təqdim etdiyi sənədlər əsasında onunla Cavabdeh ilə birgə nikahlarından doğulmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü X2 adlı ümumi uşağa qulluq etdiyinə və maddi yardıma ehtiyacı olduğunu nəzərə alaraq 250 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, onun İddiaçı ilə ilk nikahdan iki övladı var, nikah dövründə xəyanətə uğramış və xəstələndiyi müddət yataqda qalmış ona baxmamışdır. Məcbur olaraq məhkəmə yolu ilə ayrılmışdır. Uşağın görmə problemi vardır. Kredit götürüb xaricdə müalicə etmişdir. Tam sağalmasada özünü idarə edə bilir.Eyni zamanda dövlət tərəfindən 2-ci qrup kəsildi və bu pensiyanı davamlı olaraq alır. O Aynurə ilə nikahda olduqda bir neçə yerdən kredit götürmüşdür. Məişət əşyaları almış, paltar yuyan, soyuducu və s. Həmin əşyaların kreditini hazırda o ödəyir. Halbuki o əşyalar Aynurədə qalmışdır. Aynurə tərəfindən şiddətə məruz qalır. Uşağın əlavə baxıma ehtiyacı yoxdur (hansı ki, dövləti tərəfindən 2-ci qrup alır). Aynurə qaldırdığı bu iddianı rədd edir, çunki sahəti çox işləməyə imkan vermir. Maddi durumu aşağıdır. Boşanmalarına baxmayaraq aliment verə verə ondan əl çəkmir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, yanında azyaşlı xəstə övladı olduğundan məhkəmə iclasında iştirak edə bilmir. Ona görə də, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan Qazax Rayon Məhkəməsinin 2(023)-1436/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-935/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh 24 fevral 2008-ci il təvəllüdlü X3 və 06 mart 2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq Zeynalova (İsgəndərova) Aynurə Həsənəli qızının xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan elektron çıxarışdan görünür ki, Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidmət” PHŞ-ndə avtomobillərin təmiri üzrə çilingər işləyir və əmək haqqısı 1150 manat təşkil edir. İşdə olan Qazax Rayon Məhkəməsinin 8(023)-24/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1436/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş və Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. (0.55*400=220*2(2 uşağa)=440 manat təşkil edir). Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Pəri adlı qızları, xx.xx.2012-ci il tarixdə Ramal adlı oğlu dünyaya gəlmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-935/2022 saylı qətnaməsinə əsasən tərəflər aralarında olan nikah pozulmuş və nikah pozulduqdan sonra uşaqların iddiaçının yanında saxlanması qət edilmiş, həmçinin uşaqların saxlanılması üçün aliment təyin edilmişdir. Birgə nikahdan anadan olan Ramal adlı uşaq gözdən əlildir. Hazırda əlil övladına qulluq etdiyinə görə işləyə bilmir. Əlil övladına 200 (iki yüz) manat müavinət və əlil övladına qulluq etdiyinə görə ona 100 (yüz) manat Prezident təqaüdü verilir. İddiaçıya hər iki uşaq üçün ödənilən alimentin məbləği 440 manat təşkil edir. Bundan başqa iddiaçı gəliri və qazancının olmamasını qeyd etmiş və özünun zəruri vəsaitə malik olmamasını, cavabdehin zəruri vəsaitinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi, valideynlərin yetkinlik yaşına catmayan övladını saxlamaq üçün onun aliment öhdəliyi hər hansı bir şərtlə bağlı edilmədiyi halda, valideynlərin uşaqlarına görə əlavə xərclərdə iştirak etməsi müəyyən şərtlərlə məhdudlaşdırılmışdır. Bu şərtlərin dairəsi qanunla qismən müəyyən edilmişdir. Valideynlərin əlavə xərclərə cəlb olunması isə 2 yolla – tərəflər arasında saziş əsasında və ya məhkəmə qaydasında mümkündür. Məhkəmə qaydasında əlavə xərclərə cəlb olunma isə tərəflərin bu barədə razılığa gələ bilməməsi (saziş olmadıqda), yaxud bağlanmış sazişdə müstəsna hallarla bağlı xərclərin ödənilməsi qaydası müəyyən edilmədikdə tətbiq edilir. Qanunvericiliyin tələbindən aşkar görünür ki, valideynlərin əlavə xərclərə cəlb edilərək ondan pul tutulması, aliment ödəliyindən fərqli olaraq hər bir halda deyil, yalnız müəyyən əsaslar mövcud olduğu halda yəni əgər yetkinlik yaşına çatmayan uşaq ağır xəstə və ya şikəstdirsə, eyni zamanda əlavə xərcə cəlb ediləcək valideynin maddi vəziyyəti buna imkan verməli və uşağa çəkilən xərclər mütamadi xarakter daşımalıdır. Hazıki işin faktiki halları cavabdehin əlavə xərclərə iştirak etməsinə cəlb edilməsinə dəlalət etmir. Bundan başqa həmin məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi, İddiaçı Cavabdeh uşaqların saxlanılması üçün ümumilikdə 440 manat aliment alır, həmçinin himayəsində yetkinlik yaşına çatmayan əlil olan uşaq üçün 200 manat müavinət və əlil uşağa qulluq etdiyinə görədə əlavə 100 manat təqaüd alır. Lakin iddiaçı cavabdehin yüksək aylıq əmək haqqının və ya gəlirlərinin, həmçinin cavabdehin maddi və ya əmlak vəziyyətinin artması, dəyişməsi barədə, eyni zamanda əlavə aliment ödəmək üçün zəruri vəsaitə malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əlavə xərclərə cəlb olunma» tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «əlavə xərclərə cəlb olunma» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-729/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-729/2025
16.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver