Məhkəmə qərarları › İş №2(023)-803/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-803/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-803/2023 08.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ X2, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 750 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 780,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «BMW 330 minik» markalı ** XX *** dövlət nömrə nişanlı avtomobil Qazax şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edən zaman yol hərəkəti qaydasını pozmuş, nəticədə X1 yüngül xəsarət vurmuşdur. Yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Qazax rayon məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarla «BMW 330 minik» markalı ** XX *** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli şəxs olduğu müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsində X1 750 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS223595 saylı xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı «BMW 330 minik» markalı ** XX *** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AD seriyalı, 933965 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «BMW 330 minik» markalı ** XX *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan AE seriyalı, 034452 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «BMW 3181 minik» markalı ** LD *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X5r. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli, İAS223595 saylı sığorta ödənişi aktından görünür ki, «BMW 330 minik» markalı ** XX *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC Sığorta Şirkəti tərəfindən icbari sığorta ilə sığortalanmış, sığortalı qismində X7 qeyd edilmiş, sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixə kimi müəyyən edilmişdir. Dəymiş zərərin məbləği 750 manat təşkil edir. İş materiallarında olan İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.2ci,327.8-ci və 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Qazax rayon məhkəməsinin 12 avqust 2022-ci il tarixli 3(023)-283/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qazax Rayon Polis X11 Polisi Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, baş vermiş hadisə nəticəsində "xxxx" ASC tərəfindən X1 dəymiş ziyana görə zərərçəkən şəxs X6 750 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi «BMW 330 minik» markalı ** XX *** dövlət nömrə nişanlı avtomobillə Qazax şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edən zaman yol hərəkəti qaydasını pozmuş və nəticədə, X1 yüngül xəsarət vurmuşdur. Yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Qazax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli şəxs olduğu müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsində X1 750 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS223595 saylı xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı «BMW 330 minik» markalı ** XX *** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh 750 manat sığorta ödənişi məbləği tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 (otuz manat 40 qəpik) manat pul alınaraq "xxxx"ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar