Məhkəmə qərarları › İş №2(023)-810/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-810/2025

26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-810/2025 26.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı « alimentin sabit pul məbləğində tutulması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olmuş xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü Məryəm Sahil qızı və xx.xx.2022-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana qədər bir uşağın saxlanması üçün 250 (iki yüz əlli) manat olmaqla hər uşağa hər ay 750 (beş yüz) manat miqdarında onun xeyrinə aliment tutulması və Cavabdeh birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il X4 3 yaşı tamam olanadək onun xeyrinə 100 manat və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya dair xərcin yarısı olan 25 (iyirmi beş) manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılnmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Qazax Rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2007-ci il tarixdə X5, xx.xx.2010-cu il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X7 adlı üç uşağı anadan olmuşdur. Cavabdehlə heç cürə xasiyyəti uyğunlaşmadığından ayrılmışdır. Hal-hazrda övladları onun himayəsində olmaqla heç bir yerdən qazanc əldə edə bilmir. Bu səbəbdən də Cavabdeh ailəyə və uşağa qayğı göstərməməsi, laqeyid münasibət bəsləməsi, uşaqların həyatında vacib olan məsələləri həll etməməsi onun aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur etdi. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir. Belə ki, cavabdeh Qazax rayon Mərkəzi bazarında iki mağaza işlədir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək məbləğdə qazanc əldə edir. Əgər o, öz valideyinlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşağı daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Hesab edir ki, uşaqlar onun himayəsində olduğu üçün və uşaqların saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilərək ona verilməlidir. X7 adlı övladı xx.xx.2022-ci il təvəllüdlü olmaqla hələ üç yaşı tamam olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəni müdafiə edərək bildirdi ki, uşaqlar onun yanındadır. Cavabdeh kiçik sahibkardır və maddi imkanı yaxşıdır. Ona görə də, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə X5 adlı uşaqları anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə Musayeva (Əliyeva) Xəyalə Müqabil qızı kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətində görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə X6 və xx.xx.2022-ci ildə X7 adlı uşaqları anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə Musayeva (Əliyeva) Xəyalə Müqabil qızı kimi qeyd edilmişdir. İş materiallarında olan elektron məlumatdan görünür ki, Cavabdeh ********** saylı VOEN vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X1, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa İddiaçı X4 3 yaşı tamam olanadək onun xeyrinə 100 manat aliment tutulmasını xahiş etsədə, məhkəməyə cavabdehin həmin aliment ödəməsi üçün zəruri vəsaitinin olması, həmçinin özünün maddi ehtiyacının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia X4 3 yaşına çatanadək hər ay 100 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin yarısı olan 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən xx.xx.2007-ci il tarixdə anadan olmuş X1, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh iş üzrə mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar