Məhkəmə qərarları › İş №2(023)-864/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-864/2025

29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-864/2025 29.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin hissədə tutulması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 30 oktyabr 2024-cı il tarixli 2(023)-1460/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişdirərək, 16 avqust 2018-ci ildə anadan olmuş X7 və 09 sentyabr 2019-cu ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2017-ci il tarixdə Qazax rayon qeydiyat Şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan iki övladı anadan olmuş - xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X11. Həmin uşaqlar hazırda himayəsində yaşayırlar. Qazax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1460/2024 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındaki nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 onun yanında qalmaları müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün X5 hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin onun xeyrinə tutulması, habelə X9 həmin uşaqlarla hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və bayram günləri ünsiyyətdə olmaq (görüşmək) hüququnun təmin edilməsi qət edilmişdir. Hazırda övladları ilə birlikdə atası evində yaşamağa davam edir. O uşaqları maddi cəhətdən təkbaşına saxlamaqda çətinlik çəkir, uşaqlar böyüdükcə onların tələbatları da artır, özü heç bir yerdə işləmir və uşaqların tələbatlarını təkbaşına qarşılaya bilmir. Cavabdeh isə hərbiçidir, aylıq əmək haqqısı təxminən 1700 (bir min yeddi yüz) manat məbləğində aylıq əmək haqqı alır. Qazax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1460/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 400 manat məbləğində aliment uşaqlarının normal saxlanması üçün yetərli deyildir. Ona görə də hesab edir ki, cavabdehin aylıq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə eədərək, təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi (vəkilini) dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 1460/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh və X6 arasında olan nikah pozulmuş, X7 və X8 anası X4 yanında qalması müəyyən edilmiş,30 oktyabr 2024-cü il tarixdən başlayaraq 16 avqust 2018-ci il tarixdə anadan olmuş X7 və 09 sentyabr 2019cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat məbləğində aliment X4 xeyrinə tutulmuş, Cavabdeh 16 avqust 2018-ci il tarixdə anadan olmuş X10 və 09 sentyabr 2019-cu il tarixdə anadan olmuş X11 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və bayram günləri ünsiyyətdə olmaq (görüşmək) hüququ təmin edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 16 avqust 2018-ci il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh ana qarfasında isə X3 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 09 sentyabr 2019-cu il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh ana qarfasında isə X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 2 və daha çox uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. X13 “8.11-1 bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini və cavabdehin sabit qazanca malik olmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 1460/2024 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin tutulma üsulu dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1460/2024 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin tutulma üsulu dəyişdirilsin. Cavabdeh 16 avqust 2018-ci ildə anadan olmuş X7 və 09 sentyabr 2019-cu ildə anadan olmuş X2 üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 08 aprel 2025-ci il tarixdən X10 və X11 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar