Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-932/2024 16.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı oğlu Cavabdeh qarşı hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini, səhhətində olan problemlərlə bağlı məhkəmənin iclaslarında iştirak edə bilməyəcəyini, ona görədə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını xahiş etməklə məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyib, etiraz edərək bildirdi ki, İddiaçı onu evdən qanunsuz olaraq çıxardığı üçün ailəsi və 2 azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. Birinci ailə həyatı dağıdlığı üçün iki azyaşlı oğlanlarına 300 manat aliment ödəyir. Heç bir yerdə rəsmi olaraq işləmir və maddi vəziyyəti çətindir. İddiaçının yəni anası İddiaçı ondan başqa əmək qabiliyyətli üç övladı vardır. Hazırda İddiaçı digər oğlu Müdafiə Nazirliyinin əməkdaşı olan polkovnik-leytenant X2 ilə birlikdə yaşayır. İddiaçı yaşa görə dövlətdən 327 manat 22 qəpik pensiya alır və maddi yardıma ehtiyacı yoxdur. Qeyd olunan səbəblərdən də iddia əsassızdır. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İşdə olan 27 fevral 2024-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi DNK tibb mərkəzi tərəfindən verilmiş ultrasəs müayinəsinin surətindən görünür ki, ümumi bud arteriyası, səthi bud arteriyası, budun dərin arteriyası, dizaltı arteriya, ön və arxa qamış arteriyaları və dorsalis pedis müayinəyə tabe olan nahiyyələrdə keçiriciliyi pozulub, damarların daxilində görünən seqmentlərdə kalsinatlar izlənir, intima-media kompleksi sağ tərəfdə 0.15 sm solda 0.18 sm qədər qalınlaşmışdır. İş materiallarında olan hər iki diz oynağının rentgenoqrafiyas sənədinin sürətindən görünür ki, hər iki diz oynağının 2 proyeksiyada çəkilmiş R-qrammasında oynaq səthində subxondral osteoskleroz izlənilir.Oynaq yarığı qeyri-bərabər daralmışdır.Oynaq bucaqları itiləşmişdir,osteofitlər izlənilir. İş materiallarında olan AZEMİS sistemindən əldə olunan çıxarışdan görünür ki, İddiaçı yaşa görə 363,86 (üç yüz altmış üç) manat (səksən altı) qəpik pensiya alır. İşdə olan Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən verilən arayışdan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-450 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment pulu Ömər və Ümid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması eləcədə Qazax Rayon Məhkəməsinin 20(023)- 293 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Ümid və Ramil adlı uşaqların müayinə və müalicələri üçün hər ay 100 manat əlavə xərc tələbkar X1 ödəyir. Cavabdeh 200 manat aliment pulunu və 100 manat müalicə xərci hər ay cəmi 300 manat pul vəsaitini tələbkara ödəyir. İşdə olan Qazax Rayon Polis Şöbəsinin məktubundan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2023-cü il tarixdən Qazax RPŞ-də münaqişəli ailə kimi qeydiyyatdadırlar. İş materiallarında olan nikah haqqında şəhadətnamədən və ona əlavə edilmiş şəxsiyyət vəsiqələrinin sürətlərindən görünür ki, Cavabdeh X8 ilə aralarında olan nikah qeydə alınmışdır. X6 və X4 adlı uşaqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1 və 82.2-ci maddələrinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir ««Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli Qərarının 1.9-cu bəndində göstərilir ki, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi valideynin maddi yardıma ehtiyacının olduğu və əmək qabiliyyətinin isə olmadığı halda yaranır. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, valideynin təkcə əmək qabiliyyətinin olmaması uşaqdan aliment almaq üçün əsas deyildir. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, valideyn əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması övladlardan aliment tələb etməyə əsas vermir. Beləliklə, valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı müəyyən edildikdə, övladlardan aliment tutula bilər. Şəxsin əmək qabiliyyətinin olmaması dedikdə isə onun əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi andan şəxs əlil hesab edilir. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı keçirdiyi xəstəliklərlə əlaqədar sənədləri məhkəməyə təqdim etsə də, əlilliyə məruz qalaraq, əmək qabiliyyətini itirməsinə, yaxud əmək qabiliyyətinin olmamasına və maddi yardıma ehtiyacı olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-932/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-932/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver