Məhkəmə qərarları › İş №2(024)-131/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-131/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-131/2024 06.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları xx.xx.2016-cı ildə doğulmuş X2, xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan onların xx.xx.2016-cı ildə doğulmuş X2, xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019-cu ildə doğulmuş X4 adlı uşaqları var. Aralarında yaranmış anlaşılmazlıqlardan sonra onlar arasında olan nikah Qax rayon Məhkəməsinin qətanməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2016-cı ildə doğulmuş X2, xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019-cu ildə doğulmuş X1 özünün himayəsində olması müəyyən edilmişdir. Hazırda o uşaqların maddi ehtiyaclarını qarşılamaqda çətinik çəkir. Cavabdeh isə bu tələbatları qarşılamadığı üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən uşaqları xx.xx.2016-cı ildə doğulmuş X2, xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, X2 xx.xx.2016-cı ildə, X3 xx.xx.2018-ci ildə və X4 xx.xx.2019-cu ildə doğulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı ildə doğulmuş X2, xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019cu ildə doğulmuş X4 adlı övladları var. Qax rayon Məhkəməsinin qətanməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, uşaqların İddiaçı himayəsində olması müəyyən edilmişdir. Uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görədə uşaqların saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 220 manat məbləğində aliment tələb edir. Məhkəmə uşaqların mənafeyi ilə yanaşı həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə və cavabdehin hazırkı real vəziyyətinə uyğun deyildir. Bundan başqa məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunda uşaqların saxlanması üçün 235 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması müəyyən edilmişdir. Odur ki, uşaqların qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 220 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə Cavabdeh uşaqların saxlanması üçün tutulan alimentin miqdarının hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən “Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər”. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı ildə doğulmuş X2, xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, alimentin tutulması xx.xx.2023-cü il tarixdən yəni iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə də qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 81,20 (səksən bir manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı ildə doğulmuş X2, xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 81,20 (səksən bir manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətinə Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar