Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-259/2023 26.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq özünə ödənilməsi, mediasiyaya ödənilmiş 50 manat və vəkilə ödənilmiş 100 manat xidmət haqqının cavabdehdən alınaraq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verib göstərdi ki, o, Cavabdeh ilə nikahlarını rəsmi olaraq xx.xx.2008-ci il tarixdə qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 adlı övladları var. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və onlar 7 aydır ki faktiki olaraq ayrılmış və hazırda da ayrı yaşayırlar. Onlar ayrıldıqdan sonra övladları özünün himayəsində yaşayır. Hazırda o heç bir yerdə işləmir, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq özünə ödənilməsi, mediasiyaya ödənilmiş 50 manat və vəkilə ödənilmiş 100 manat xidmət haqqının cavabdehdən alınaraq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər nikahlarını xx.xx.2008-ci ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan tərəflərin xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 adlı övladları var. Münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmışlar və hazırda da ayrı yaşayırlar. Ayrıldıqdan sonra uşaqlar iddiaçının himayəsində qalmışdır. İddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görədə iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə uşaqların mənafeyi ilə yanaşı həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə uyğun deyildir. Bundan başqa məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu haqqında” qanunda uşaqların saxlanması üçün 220 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması müəyyən edilmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 220 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən “Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər”. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, alimentin tutulması xx.xx.2023-cü il tarixdən yəni iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 60,80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 60,80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-259/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-259/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver