Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-32/2025 20.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1, Cavabdeh2, Tərcüməçi: X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2007-ci il tarixdə Qax rayon Dövlət Notariat kontorunda bağlanmış 4Ə-427 №li alqı satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh2 15 iyul 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, məhkəmənin icraatında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qax rayon Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi» iddia tələbinə əsasən 2(024)481/2024 saylı mülki iş vardır. İddia tələbində 04 oktyabr 2007-ci il tarixdə Qax rayon Dövlət Notariat kontorunda bağlanmış 4Ə-427 №li alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsində iddiaçılar qeyd edirlər ki, «Qax rayon AİK-in 29 iyun 2000-ci il tarixli, 07 №li qərarı ilə valideynləri atası X5, mərhum nənəsi X6 və birgə mülkiyyət hüququ əsasında 3.28 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi iki hissədə olmaqla bir hissəsi, yəni 12633.00 kv.m. Qax rayonu Lələli kəndində, digər hissəsi isə Əlibəyli kəndində yerləşir. Atası və mərhum nənəsi 04 oktyabr 2007-ci il tarixdə həmin torpaq sahəsinin Əlibəyli kəndində yerləşən 1.21 ha hissəsini onların xəbəri olmadan satmışdır. Alqı-satqı zamanı İddiaçı1 22, İddiaçı2 isə 20 yaşı olmuşdur”. İddiaçıların iddia tələbini aşağıdakılara görə əsassız hesab edir. İlk olaraq qeyd edir ki, müqavilənin ləğvi barədə iddia tələbi mülki qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən icraatı mümkün deyildir. Belə ki, məhkəməyə iddia tələbini ləğv edilməsi tələb olunan müqavilənin tərəfi deyil digər şəxslər tərəfindən verilmişdir ki, bu halda iddia tələbinin məhkəmə icraatı mümkün deyildir. Çünki, müqavilənin ləğvini yalnız müqavilə tərəfi tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi iddiaçılar müqavilə üzrə tərəf olmadığı ilə yanaşı həm də qanunvericiliyin tələbinə əməl etmədən məhkəməyə müraciət etmişlər. Bu halda məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 151.1 -ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İkincisi bildirir ki, iddia tələbi daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti (kəsici müddət) ötürülməklə məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan başqa bildirir ki, torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi qanunla müəyyən olunmuş qaydada Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir. Təsdiqləmə zamanı notarius torpaq sahəsinə dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxladıqdan sonra rəsmiləşdirmişdir. Onu da qeyd edirəm ki, torpaq sahəsini qanunla müəyyən olunmuş qaydada aldıqdan sonra həmin torpaq sahəsi digər şəxsə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1 -ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariatqaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Qeyd edilənərə əsasən bildirir ki, 04 oktyabr 2007-ci il tarixdə Qax rayon Dövlət Notariat kontorunda bağlanmış 4Ə-427 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsini iddiaçıların tələb etmələri əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə onlara və valideyinləri atası X5, mərhum nənəsi X6 birgə mülkiyyət hüququ əsasında 3.28 ha kənd təsərrüfatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki hissədə olmaqla bir hissəsi yəni 12633.00 kvm hissəsi Qax rayonu, Lələli kəndində, digər hissəsi isə Əlibəyli kəndində yerləşir. Atası və nənəsi onların xəbəri olmadan 04 oktyabr 2007-ci il tarixdə həmin torpaq sahəsinin Əlibəyli hissəsində yerləşən 1.21 ha hissəsini satmışdır. Halbuki həmin alqı satqı zamanı İddiaçı1 22 yaşı, İddiaçı2 isə 20 yaşı olmuşdur. Alqı-satqı müqaqviləsinə isə onlar imza etməmişlər. Həmin torpaq sahəsinin satılmasından xəbəri olmamışdır. Atası torpaq sahəsinin icarəyə verildiyini bizə bildirmişdir. Onlar Cavabdeh1na müraciət edərək alqı-satqı müqaviləsini əldə etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, alqı-satqı müqaviləsindəki imzalar ona məxsus deyil. Bunu məhkəməyə təqdim etdiyi yazıları ilə sübut edir. Torpaq sahəsi 1.21 ha təşkil edir. Həmin torpaq sahəsi satılmamış, atası və nənəsi icarəyə vermək barədə imza etmişlər. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2007-ci ildə iddiaçının atasından və anasından ərazisi 3.28 ha olan torpaq sahəsinin 1.25 ha hissəsini almışdır. Burada 4 nəfər şəxsin payı olmuşdur. İddiaçı 1.25 ha torpaq sahəsindən bəhs edir. İddiaçıya düşən pay ¼ hissə təşkil edir. 1.24 ha torpaq sahəsinin 4 hissəyə böldükdə 0.40 ha təşkil edir. İddiaçı belə iddia bilər. İkincisi, onlar Dövlət Notariusunda alqı-satqı etmişlər. İnandıqları üçün gəlib müraciət etmişlər, iddiaçı satıb, onlar da pulunu ödəyib almışlar. Üstündən 18 il ötdükdən sonra iddiaçı iddia qaldırır ki, guya onların xəbəri olmayıb və torpaq icarəyə verilmişdir. Bunların hamısı yalandır. Bundan başqa iddia müddəti vardır və 6 ildən sonra iddiaçı iddia qaldıra bilməz. İddianı da bu müqavilədə iştirak edən tərəflərdən biri qaldıra bilər. Müqavilədə iddiaçılar iştirak etməyib, atası, anası və bir də o iştirak etmişdir. Yəni o və yaxud iddiaçının ata və anası müraciət etsə müqavilə ləğv oluna bilər. Bundan sonra da iddiaçı məhkəməyə onu yox, atasını verməlidir. Çünki torpaq sahəsini ona onların ata və anası atmışdır. Onlar da torpaq tam satmayıb, 3.28 ha torpaq sahəsinin 1.25 ha hissəsini satmışlar. Yəni özlərinə düşən paydan da az hissəsini satmışlar. Məhkəməyə iddia ərizəsinə etirazı təqdim etmişlər. Orada hər şey qeyd olunmuşdur. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Qax rayon Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh Qax rayon Notariat ofisinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qax rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş İş materiallarında olan 4Ə-427 №li, 04 oktyabr 2007-ci tarixli Torpaq Alqı-Satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X8 və X9 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestr Xidməti Şəki Ərazi idarəsinin verdiyi 25 sentyabr 2007ci il tarixli, 1571 №li arayışa, Qax rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2000-ci il tarixli, 07 №li qərarı ilə verilmiş JN-291, KOD 40303018 №-li 22 dekabr 2000-ci il tarixli Dövlət Aktına əsasən Qax rayonu, Əlibəyli kəndində yerləşən ümumi sahəsi 3.2786 ha olan torpaq sahəsinin 1.21 ha hissəsini Cavabdeh2 satmışlar. İddiaçı1 və İddiaçı2 Qax rayon Notarat Kontoruna təqdim etdikləri ərizələrdən görünür ki, onlar ataları X4 və X3 Qax rayonu Əlibəyli kədiundə yerləşən torpaq paylarının satılmasına etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsinin 25 sentyabr 2007-ci il tarixli, 1571 №li Daşınmaz əmlakın təsvirinə. Dövlət qeydiyyatına alınımş hüquqlara və onların məhdudlaşdırılmasına, (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, JN-291, KOD 40303018 №-li xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən Qax rayonunun Əlibəyli kəndində yerləşən ümumi sahəsi 3.2786 ha torpaq sahəsinin yüklülüyünə dair heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/497 №li, 14 aprel 2025-ci il tarixli rəydən görünür ki, ekspertizaya təqdim olunumş mülki işin 70-ci vərəqində X7 adından olan 04 oktyabr 2007-ci il tarixli ərizənin kserosurətində «İmza» qrafasında əks olunumş «İddiaçı1» yazıları-İddiaçı1 tərəfindən icra olunmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan 4Ə-427 №li 04 oktyabr 2007-ci tarixli Torpaq Alqı-Satqı müqaviləyə əsasən X8 və X9 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestr Xidməti Şəki Ərazi idarəsinin verdiyi 25 sentyabr 2007-ci il tarixli 1571 №li arayışa, Qax rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2000-ci il tarixli 07 N-li qərarı ilə verilmiş JN-291, KOD 40303018 №-li 22 dekabr 2000-ci il tarixli Dövlət Aktına əsasən Qax rayonunun Əlibəyli kə\ndində yerləşən ümumi sahəsi 3.2786 ha olan torpaq sahəsinin 1.21 ha hissəsini Cavabdeh2 satmışlar. Həmin vaxtı İddiaçı1 və İddiaçı2 Qax rayon Notarat Kontoruna ərizələr təqdim edərək ataları X4 və nənələri X3 Qax rayonu Əlibəyli kəndində yerləşən torpaq paylarının satılmasına etiraz etmədiklərini bildirmişlər. JN-291, KOD 40303018 №-li 22 dekabr 2000-ci il tarixli Dövlət Aktına əsasən Qax rayonu, Əlibəyli kəndində yerləşən ümumi sahəsi 3.2786 ha torpaq sahəsinin yüklülüyünə dair heç bir məlumat aşkar edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, JN-291, KOD 40303018 №-li 22 dekabr 2000-ci il tarixli Dövlət Aktına əsasən Qax rayonunun Əlibəyli kəndində yerləşən ümumi sahəsi 3.2786 ha torpaq sahəsi X8, X10, İddiaçı1 Surikoviçin və İddiaçı1 Surikovnanın ümumibirgə mülkiyyətində olmuşdur. X8 və X10 torpaq sahəsinin paylı mülkiyyətçisi olmuş və özlərinə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada iddiaçıya satmaqla sərbəst iradəsini ifadə etmişdir. İddiaçılar iddia ərizəsində alqı-satqı müqaviləsinin atası və nənəsi onların xəbəri olmadan 04 oktyabr 2007-ci il tarixdə həmin torpaq sahəsinin Əlibəyli hissəsində yerləşən 1.21 ha hissəsini satdığını, halbuki həmin alqı satqı zamanı İddiaçı1 22 yaşı, İddiaçı2 isə 20 yaşı olduğunu, alqı-satqı müqaqviləsinə isə onların imza etmədiklərini, həmin torpaq sahəsinin satılmasından xəbəri olmadığını, atasının torpaq sahəsinin icarəyə verildiyini bildirdiyini göstərmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçılar ümumi paylı mülkiyyət hüququndakı paylarının üçüncü şəxsə satılan zaman özlərinin satılan payı satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malik olmalarını nəzərə alınmadığını və satın almaqda üstünlük hüquqlarının pozulduğunu iddia edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququnun pozulduğunu iddia edən şəxsin qaldıracağı iddiasının predmeti Mülki Məcəllənin göstərilən norması ilə müəyyənləşdirilmişdir. Buna baxmayaraq iddiaçılar alıcının hüquq və vəzifələrinin onlara keçməsini deyil, sadəcə alqı-satqı müqaviləsinin ləğvini tələb etmişlər. Eyni zamanda iddia tələbi 3 ay ərzində deyil, 18 ilə yaxın vaxt keçdikdən sonra irəli sürülmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıların satın almaqda üstünlük hüquqları pozulmamış, notarial işində iddiaçıların alqı-satqı müqaviləsinin bağlanmasına etirazlarının olmamalarını təsdiq edən ərizələr mövcuddur. Belə olan halda iddiaçıların alqı-satqı müqaviləsinin ləğv edilməsi (eləcə də alıcının hüquq və vəzifələrinin ona keçirilməsini) məhkəmə qaydasında tələb etmələri əsaslı hesab edilə bilməz. İddiaçı1 alqı-satqı müqaviləsinin bağlanmasına etirazının olması barədə ərizədə icra edilmiş imzanın ona məxsus olmadığını bildirməsinə baxmayaraq, keçirilmiş məhkəməxəttşünaslıq ekspertizasının rəyi ilə bunun əksi sübuta yetirilmişdir. İddia tələbinin istinad etdiyi dəlillərin tamamilə əsassız olması iş materialları ilə sübuta yetdiyindən Məhkəmə həmçinin daşınmaz əmlaka verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsində də iddianın rədd edilməli olduğu qənaətinə gəlir. İddianın əsasız olmasına görə iddia müddətinin tətbiq edilməsinə lüzum yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.Göründüyü kimi qeyd olunan mülki hüquq normalarının tələbinə görə müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tələb etmək hüququna tərəflər yalnız digər tərəfin imtinasını aldıqdan sonra malikdir. Azərbaycan Respublikası Konstitusiyası 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Bundan başqa iş üzrə 50 manat ekspertiza xərci İddiaçı1 alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı 04 oktyabr 2007-ci il tarixdə Qax rayon Dövlət Notariat kontorunda bağlanmış 4Ə-427 №li alqı satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə iddiası əsassız odluğundan rədd edilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Bundan başqa iş üzrə 50 manat ekspertiza xərci İddiaçı1 alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-32/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-32/2025
20.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver