Məhkəmə qərarları › İş №2(024)-439/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-439/2024

09.09.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-439/2024 09.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il tarixdə Qax rayon Dövlət Notariat kontorunda bağlanmış 4Ə-433 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş İddiaçı1 və İddiaçı2, həmçinin iddiaçıların xx.xx.2022-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçıların və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, qiymətləndirilməyən iddialar üzrə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 100 (bir yüz) manat dövlət rüsumunu iddiaçıların etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 adından deyil, öz adından ödəmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə hazırlıq iclasları təyin edilmiş, lakin iddiaçılar işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanı aradan qaldırmamışlar. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.2-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyi üçün işin mahiyyəti üzrə baxılmasına maneçilik törədir. Bu səbəbdən də ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıların nümayəndəsi dövlət rüsumunu öz adından ödəməkdə haqlı olmamışdır. Belə ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan rüsum iddiaşıların özü tərəfindən şəxsən ödənilməli, nümayəndə vasitəsilə ödənildikdə isə iddiaçılardan hər hansı birinin adına ödənilməli idi. Mülki-Prosesual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 260.4.cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmçinin ərizə baxılmamış saxlanıldığı üçün iddiaçıların etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi tələbi» nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıların etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC-nə məxsus xx.xx.2022-ci il tarixli, 3083 nömrəli qəbzlə Qax rayon məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar